Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şah İsmayıl Xətainin yunan sayılan nənəsi haqda ağlagəlməz faktlar...-ARAŞDIRMA


“Despina xatunun anası Çingiz xanın böyük oğlu Cuçi xanın nəslindən olan Qızıl Orda şahzadəsi, Krım xanlığının qurucusu Hacı Gəray xanın qızı idi...”
 
Moderator.az Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin özünün “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindəki faktlar əsasında hazırladığı “Şah İsmayıl Səfəvi – Çingiz xan – Göytürklər...” başlıqlı yazısının I hissəsini təqdim edir:
 

“Şah İsmayıl Səfəvinin (1487–1524) anası Aləmşahbəyim xatun (1460–1522) ağqoyunluların I sultanı Uzun Həsənin (1423–1478) və Trabzon şahzadəsi Feodora Despina xatunun  (1438–1478) övladı idi. Yeri gəlmişkən, yunan dilindəki “despina” sözü türk dilindəki “xatun” sözü ilə eyni mənanı ifadə edir.
 
Despina xatunu o dövrün bəzi Qərb müəllifləri Katerina adlandırmışlar. Lakin fransız tarixçisi Charles Diehlin (1859–1944) əsaslandırılmış fərziyyəsinə görə, Despina xatunun Katerina adı Qızıl Orda (türk-moğol) zadəgan xanımlarının xatun titulunun təhrif edilməsi nəticəsində ortaya çıxmışdır. Bu ehtimalı gücləndirən həm də odur ki, Despina xatunun anası (onun adı tarixdə qalmamışdır) Çingiz xanın (1155–1227) böyük oğlu Cuçi xanın (1182–1224) nəslindən olan Qızıl Orda şahzadəsi, Krım xanlığının qurucusu Hacı Gəray xanın (1397–1466) qızı idi. 
 
Digər məlumata görə, Despina xatun Hacı Gəray xanın özünün deyil, onun əmisi Dövlət Berdi xanın (?–1432) nəvəsi idi. Dövlət Berdi xan 1419–1421-ci və 1428–1432-ci illərdə Qızıl Ordanın hökmdarı olmuşdur. 
 
Haşiyə: 
 
Məhz Hacı Gəray xanla Dövlət Berdi xanın ulu babası – İslam dinini ilk qəbul etmiş Qızıl Orda hökmdarı Berke xanın (1208–1266) yardımı sayəsində Misir və Suriya müsəlmanları o dövrdə hələ müsəlman olmayan moğol döyüşçülərinin şiddətli hücumları qarşısında duruş gətirə bilmiş və İslam dünyasını xilas etmişdilər.
 
Despina xatunun atası – Trabzon imperatoru IV İoann Komnenosun (1403–1459) ana babası Feodor Paleoloqun (1355–1407) ana nənəsi İrina Asen (?–1354) Bulqarıstanın türk əsilli çarı İvan Asenin (1259–1303) nəvəsi idi. Ehtimala görə, Asen nəsli qədim göytürklərin Aşina xaqan nəslinin bir qoludur. 

Despina xatunun atası IV İoann Komnenosun ata nənəsi Gülkan xatun (?–1395) Gürcüstan çarı IX Davidin (1346–1390) və onun həyat yoldaşı Sinduxtar xatunun qızı idi. Sinduxtar xatunun özü isə Samstxe atabəyi Qvarqvare Cakelinin övladı idi. 
 
Haşiyə:
 
Gürcüstanın indiki Samstxe–Cavaxetiya (Axısqa) və Acarıstan diyarlarını əhatə edən Samstxe atabəyliyi Elxanilər tərəfindən yaradılmış bir dövlət idi. Bunun bir səbəbi də o idi ki, 1266-cı ildə axısqalılar (Axısqa türkləri) və acarlar könüllü şəkildə moğolların tərəfinə keçib gürcülərə, eləcə də Elxanilərin digər düşmənlərinə qarşı hərbi əməliyyatlarda iştirak etmişdilər. Sonradan Axısqa türkləri, acarlar və onların atabəyləri könüllü olaraq Osmanlı təbəəliyini qəbul edib İslam dininə iman gətirmiş, bunun əvəzində Cakeli nəslinin nümayəndələrinə irsi paşa titulu verilmişdi. Cakeli nəslindən olan Atabəy II Manuçöhr (1581–1614) Səfəvilərin tərəfinə keçmiş və Azərbaycana qaçmışdı. Cakeli nəsli, eləcə də digər axısqalılar və acarlar Osmanlı imperiyasının gürcü knyazlarına və Rusiya imperiyasına qarşı apardığı müharibələrdə fəal iştirak etmiş, XIX əsrdə rus işğalçılarına inadlı müqavimət göstərmişdilər.
 
Şah İsmayılın atası Şeyx Heydərin anası Xədicə bəyim Ağqoyunlu tayfa ittifaqının VI başçısı Cəlaləddin Əli bəyin (?–1438) qızı, Sultan Uzun Həsənin bacısı idi. Xədicə bəyimlə Sultan Uzun Həsənin atası Cəlaləddin Əli bəy və anası Sara xatun (?–1465) oğuz xaqanlarının nəslindən olmuşlar.
 
Sara xatunun atası Pir Əli Bayandur  (?–1403) Ağqoyunlu tayfa ittifaqının III başçısı Fəxrəddin Qutlu bəyin (?–1389) oğlu idi.
 
Fəxrəddin Qutlu bəyin atası Əlaəddin Tur Əli bəy (?–1362) Ağqoyunlu tayfa ittifaqının II başçısı olmuşdur.
 
Fəxrəddin Qutlu bəyin anası Maria Komnenos (1328–1408) isə Trabzonun XII imperatoru Basil Komnenosun (?–1340) qızı idi.
 
Basil Komnenosun atası – II Aleksey Komnenos (1283–1330) Trabzonun IX imperatoru, anası – Jiajak Cakeli (1283–1320) isə Elxani dövlətinin vassalı – Samstxe (Axısqa–Acarıstan) atabəyi I Beka Cakelinin (1240–1306) qızı idi.
 
I Beka Cakelinin atası I Sargis Cakeli (?–1285) Axısqanın ilk hökmdarı idi. O, 1260–1261-ci illərdə gürcü çarı VII Davidin xahişi ilə moğollara qarşı üsyanda iştirak etmişdi. Üsyançılar məğlub olduqdan sonra VII Davidi Hülakü xanın qəzəbindən xilas etmək istəyən Sargis bütün məsuliyyəti öz üzərinə götürmüş və xana bildirmişdi ki, üsyan gürcü çarının deyil, onun özünün təşəbbüsü ilə baş vermişdir. Görünür, Sargisin belə bir mərdanəliyi moğol xanının xoşuna gəldiyindən o, Axısqanın xristian türk bəyini əfv etmiş və onu öz ordusuna götürmüşdü. Sargis 1262-ci ildə Elxanilərlə Qızıl Orda arasında hərbi əməliyyatlar zamanı Hülakü xanın həyatını xilas etmişdi. Moğol hökmdarının böyük hörmətini qazanmış Sargisə paxıllıq edən Çar VII David onu Tiflisə çağırıb orada zindana saldırmış, lakin Hülakü xanın qəti tələbindən sonra azad etmişdi. Bu hadisədən sarsılan I Sargis 1266-cı ildə gürcü sarayı ilə bütün əlaqələri qırmış və moğol dövlətinin vassalı olmuşdu.      
 
Şah İsmayıl Səfəvinin ata babası Şeyx Cüneydin (1429–1460) atası Şeyx İbrahimin (1401–1447) anası Qədəm xanım Cəlairilər türk-moğol dövlətinin sonuncu sultanı Cəlaləddin Hüseynin (?–1382) nəvəsi idi. 
 
Sultan Cəlaləddin Hüseynin ulu nənəsi Ulcatay xatun Çingiz xanın kiçik oğlu Toluy xanın (1191–1232) nəslindən olan Elxani hökmdarı Arqun xanın (1258–1291) qızı, sonrakı Elxani hökmdarları Qazan xanla (1271–1304) Ulcaytu Sultanın (1278–1316) isə doğma bacısı idi. 
 
Qeyd. Qazan xan İslam dinini, Ulcaytu Sultan isə On İki İmam məzhəbini Elxanilər dövlətinin rəsmi dini və məzhəbi elan etmiş xaqanlardır. Əmir Teymur öz tüzüklərində (məsləhətlərində) onların hər ikisinin adını İslam dininin şənini ucaltmış altı nəfərin sırasında qeyd etmişdir.
 
P.S. Şah İsmayıl Səfəvinin əcdadlarının hamısı Peyğəmbər, alim-mütəfəkkir, xaqan, imperator, xan, sultan, şah, çar, atabəy nəslinə mənsub olub...
 
(Ardı var...)
 
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10