Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şəhəri dağıntıdan, sakinləri ölümdən qurtaran polkovnik – Petershagen buna görə 6 il türmədə yatıb


Almaniyanın Qrayfsvald şəhəri Berlindən 250, Polşa sərhədindən 80 kilometrlik məsafədə yerləşir. Şəhər Almaniyanın universitet şəhərçiyi də adlandırılır. Hazırda əhalisinin sayı 60 minə çatmayan Qrayfsvaldın universitetlərində 12 mindən artıq tələbə təhsil alır. Şəhər təkcə universitetləri ilə tanınmır.

II dünya müharibəsi Qrayfsvaldın taleyinə fərqli bir tarix yazıb. Bu şəhər Almaniyanın nadir şəhərlərindən biridir ki, müharibə dövründə onun küçələrində atəş səsi eşidilməyib və heç bir dağıntıya məruz qalmayıb.
Müharibənin son günlərində SSRİ və müttəfiqləri Almaniyanın şəhərlərini yerlə yeksan edəndə Qrayfsvaldın tikililərindən bir kərpiç də düşməyib. Vermaxtın 92-ci Qrayfsvald alayının komandiri, eyni zamanda Qrayfsvald qarnizonunun rəisi, polkovnik Rudolf Petershagen şəhəri, onun sakinlərini, şəhərdəki çoxsaylı hospitallardakı yaralı döyüşçüləri qoruya bilib.
a569253645ce8ef7952a9f7f86054c87.jpg (30 KB)
1945-ci ilin aprelin 26-da polkovnikə məlumat verilib ki, SSRİ və ABŞ qoşunları Qrayfsvaldın 40 kilometrliyində dislokasiya olunublar. Kəşfiyyat məlumatına görə, iki gündən sonra Qrayfsvaldda iri miqyaslı hərbi əməliyyatların keçirilməsi nəzərdə tutulub. Bu haqda şəhər sakinlərinə də məlumat sızıb.
Əhali təşvişə düşəndə Rudolf Petershagen onları meydana toplayıb və təşvişə düşmələrinin əsassız olduğunu bildirib: “Qrayfsvald sakinləri əmin ola bilərlər ki, şəhərdə bir atəş səsi də eşidilməyəcək. Həyat öz axarında davam edəcək. Mən şəhərin qarnizon rəisi kimi bunu sizə vəd edirəm...”
Ancaq necə? Vermaxt qoşunlarının gücü, ruhu, silah-sursatı tükəndiyi bir vaxtda polkovnik nəyə arxayın olub?
55-10.jpg (73 KB)
Rudolf Petershagen fərqli bir yol seçib. Sovet və Amerika qoşunlarının qarşısında tab gətirməyəcəyini tam anlayan polkovnik müqavimət göstərməyin mənasız olduğunu yaxşı bilib. O düşünüb ki, şəhərin darmadağın edilməməsi, dinc əhalinin öldürülməməsi üçün qarşı tərəflə danışıqlara getmək daha məqsədəuyğundur. Beləliklə, polkovnik öz müavinini və bir neçə zabiti sovet qoşunlarının 40 kilometrlik məsafədə yerləşən qərargahına göndərib.
Qərargahda almanları sovet hərbi birləşmələrinin komandanları, ordu generalı Fedyuninski və general-leytenant Borşev qarşılayıb. Çağrılmamaş qonaqlar sovet generallarına bildiriblər ki, onlar şəhəri təhvil verirlər. Bununla yanaşı, onlar şərt irəli sürüblər ki, Qrayfsvaldda bir atəş səsi də olsun belə eşidilməməlidir. Bir neçə saatlıq müzakirələrdən sonra tərəflər qarşılıqlı razılaşma əldə ediblər.
c5d8fc8ffed776115371aee034ad7563.jpg (64 KB)
Aprelin 30-da sovet qoşunları heç bir maneə və müqavimət olmadan Qrayfsvalda daxil olublar. Hitlerin intihar xəbərini də onlar məhz burada eşidiblər. Komandanlar şəhər qarnizonunun binasında Rudolf Petershagenlə görüşüblər. Qarnizondakı alman qoşunları buraxılıb. Şəhər tam təhvil alındıqdan sonra generallar kiçik bir ziyafət də təşkil ediblər. Rudolf Petershagen qarşılıqlı anlaşmaya görə ordu generalı Fedyuninskinin şərəfinə qədəh də qaldırıb. Ziyafətdə Stalinin şərəfinə sağlıq deyiləndə isə o, qədəhini stolun üstünə qoyaraq içməkdən imtina edib.
Sözsüz ki, nasistlər Rudolf Petershagenin bu addımını xəyanət kimi qiymətləndiriblər. Amma mövcud vəziyyətdə qaçan, gizlənməyə yer axtaran, özünü güllələyən nasist rəhbərləri polkovniki həbs etmək iqtidarında və imkanında olmayıblar.
Kimin üçün “sülh”, kimin üçünsə “xəyanətkar” addım atan alman polkovnikə SSRİ tərəfi toxunmayıb. Britaniyanın xüsusi xidmət orqanları isə onu hərbi cinayətkar kimi saxlayaraq həbs ediblər. Britaniya məhkəməsi polkovniki üç il azadlıqdan məhrum edib.
Фото_Петерсхаген_Рудольф_b6768.jpg (86 KB)
Cəzasını çəkdikdən sonra Pudolf Petershagen Qrayfsvalda qayıdıb, şəhərin ictimai həyatında fəal rol oynayıb, şəhər adminstrasiyasında sektor müdiri vəzifəsində işləyib. Qeyd edək ki, şəhər SSRİ-nin nəzarətində olan Almaniya Demokratik Respublikasında yerləşib.
Qərbi Almaniya isə polkovnikin xəyanətini unutmayıb. 1951-ci ildə o, Münhenə səfər edəndə həbs olunub. Rudolf Petershagen ABŞ kəşfiyyatına işləməkdə ittiham edilib və buna görə üç il həbsxanada cəza çəkib. Azadlığa çıxdıqdan sonra o, yenə də Qrayfsvalda qayıdıb. Yerli sakinlər onu əsl qəhrəman kimi qarşılayıblar.
1965-ci ildə qələbənin 20 illiyi münasibətilə ordu generalı Fedyininski Qrayfsvalda səfər edəndə onlar yenidən görüşüblər. Qələbə münasibətilə keçirilən tədbirdəki çıxışında Rudolf Petershagen üzünü tədbir iştirakçılarına tutaraq Qrayfsvaldın yerlə-yeksan olunmamasının səbəbkarının Fedyuninski olduğunu söyləyib. Ordu generalı isə onu “ədalətli rəqib” adlandırıb.
01labgi0l1318857944 (1).jpg (73 KB)
Qeyd edək ki, Rudolf Petershagen 1901-ci ildə Hamburqda ticarətçi ailəsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Münhendə ali hərbi təhsil alıb. Stalinqrad, Kursk, Xarkov uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə ərəfəsində bir neçə dəfə yaralınıb. Onu arxa cəbhəyə xidmətə göndərsələr də, bundan imtina edib. Peşəkar və bacarıqlı hərbşi kimi tanınan polkovnik bir çox uğurlu hərbi əməliyyatlara imza atıb, fürerin şəxsi təşəkkürlərinə layiq görülüb, ali mükafatlarla təltif olunub.
Müharibə və həbslərdən sonra Rudolf Petershagen ömrünün sonuna qədər Qrayfsvaldda yaşayıb, ona şəhərin fəxri vətəndaşı titulu verilib. Polkovnikin bir neçə kitabı işıq üzü görüb. 1961-ci ildə onun müəllifi olduğu “Üsyankar vicdan” kitabı əsasında film çəkilib.
Rudolf Petershagen 1969-cu ildə, 67 yaşında vəfat edib.

İlham, Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10