Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Saramaqo: "Əslində hamımız koruq" - Müsahibə


1998-ci ildə Nobel ədəbiyyat mükafatına layiq görülən dünya şöhrətli portuqal yazıçı Jose Saramaqonun elə həmin il verdiyi müsahibəsini təqdim edir.

- Lissabondan ötrü darıxırsınız?

- Həqiqi darıxmaq şairin dediyi kimi iliklərinə qədər bir ürpərti hiss etməkdir, düzünü deyim, Lissabon üçün bunu hiss etmirəm. Hərdənbir yadıma düşür. Orda çox dostum var, arabir onları görmək üçün gedirəm. Amma həmişə bir an öncə bura qayıtmaq istəyirəm.

ƏTRAFLI
Shah Freedom 10 sec
Cavanşir Yusifli: “Ədəbi prosesdə elə fiqurlar var ki...” - Müsahibə
“Dənizçilərimiz Vətən müharibəsində” kitabı çap olundu
Daşlar yerinə oturdu
- Lanzarotidən, illərlə yazdığınız bir yerdən, o evdən köçüb bura yerləşmək, alışmaq çətin olmadı?

- Çox asanlıqla alışdım. Həyatından narazı tiplərdən deyiləm. Yaxşı və ya pis nə yaşayıramsa, dramatikləşdirməməyə çalışıram. Əlbəttə, mənim də əzab çəkdiyim zamanlar olur. Bu adi insanların kədərindən heç nə ilə fərqlənmir. Yəni, mən qeyri-adi, maraqlı biri kimi görünməyə cəhd etmirəm.

- Hər gün yazırsınız?

- Roman üstündə işləyirəmsə, bəli, hər gün yazıram. Ev işləri və ya səyahət zamanları fasilə verdiyim də olur, əsasən, planlı işləməyə çalışıram. Gün ərzində müəyyən saatlar təyin edib yazmaq üçün özümü məcbur etmirəm. Gündə mütləq iki səhifə yazıram. Bu səhər də iki səhifə yazmışam. Gün ərzində iki səhifə yazmaq azdır deyə düşünə bilərsiniz amma mənim görməli olduğum başqa işlər də var axı. Həm də, gündə iki səhifə yazmaq bir il ərzində səkkiz yüz səhifə edir.

- Birbaşa kompyuterə yazırsınız?

- Bəli. əlyazma şəklimdə yazdığım son kitab “Lissabon mühasirəsinin tarixi” olub. Adətən, deyirlər ekranda yazmaq yazı prosesinə mənfi təsir göstərir amma mən belə düşünmürəm. Fikrimcə, bu çap maşınında yazmaqla eyni şeydir. Sadəcə, daha rahat və sürətlidir. Sənin özünəməxsus düşüncə və yazı tərzin varsa, kompyuter bunu necə dəyişdirə bilər ki?

- Yazmağa konkret bir fikirlə başlayırsız? Yəni nə yazacağınızı, hara gedəcəyinizi öncədən bilirsiniz?

- Bəli, yazmağa konkret bir fikirlə başlayıram. Hardan başlayıb hara gedəcəm, demək istədiyim nədir – bunları bilə-bilə başlayıram. Amma getdiyim yol boyu başıma nə gələcək, haralardan keçəcəm – bu kimi şeylər yazı prosesində spontan olaraq gəlir.

- İşlədiyiniz xarakterlərdən hansınınsa sizi təəccübləndirdiyi olub?

- Xarakterlər azad deyil, onlar mənim əlimdə tələdədirlər amma təbii ki, bundan xəbərsizdirlər. Mənim istədiyim yerə gedəcəklər, istəməsəm getməyəcəklər. Belə deyək, mən istəyəndə məni təəccübləndirə bilərlər. Hər şey məndən asılıdır. Hansısa xarakterin azad ruhluluğu, üsyankarlığı sadəcə illuziyadır.

- Xarakterlərdən hansınısa bir insan kimi görmək istərdinizmi?

- Belə baxanda onlar hamısı elə insandırlar. ‘’Rəssamın əl kitabı’’ndakı rəssamdan tutmuş ‘’Bütün adlar’’dakı cənab Jozeyə qədər hamısı gerçək insanlardır. Obrazlarımın heç biri uydurma və ya imitasiya deyil.

- Mənim üçün ‘’Korluq’’dakı həkimin həyat yoldaşı çox fərqli obraz idi. Onu beynimdə çox gözəl canlandıra bildim. Baxmayaraq ki, siz əsərdə onunla bağlı çox detal verməmisiniz.

- Romanda heç bir fiziki təsviri olmadığı halda sənin o obrazı beynində görüntülü canlandıra bilməyin mənim üçün sevindirici haldır. Hansısa obrazın qaşının, gözünün təsvir edilməsinə ehtiyac görmürəm. Onların görüntülərini tamamilə oxucuların öhdəsinə buraxıram.

- “Korluq” əsərinin ideyası necə ağlınıza gəldi?

- Restoranda idim. Sifarişlərimin gəlməsini gözləyirdim. Qəfildən ağlımdan bir fikir keçdi: birdən hamımız kor olsaq nə baş verərdi? Sonra öz sualıma özüm belə bir cavab verdim - əslində, hamımız koruq. Bu düşüncə həmin romanın embrionu oldu. ‘’Korluq’’ əsərində elə ciddi xəyal gücü yoxdur, bu əsər səbəb-nəticə əlaqəsinin sistemli şəkildə təsvirindən ibarətdir.

- Yazdığınız ən çətin romanın “Korluq” olduğunu demisiniz. Bunun səbəbi “ağ korluq” epidemiyasına yoluxmuş dostuna adamın həddən artıq zülm verməsi, bu zülmü təsvir edərkən nə qədər əzab çəkmənizə rəğmən yenə də pozitiv ola bilməyinizdir?

- Əslində, neqativ insanam. Amma başıma güllə çaxacaq qədər deyil. Bəhs etdiyimiz zülm təkcə romanda deyil, dünyanın hər yerində, hər gün yaşanır. Hamımız “ağ korluğ”a yoluxmuş vəziyyətdəyik. Yəni, korluq sözü insan ağlının korluğu üçün düşünülmüş bir metaforadır. Bu ‘’Korluq’’ dünyanın bir yerində insanların Marsa uçduğu halda başqa bir küncündəki insanları acından ölməyə məhkum edən ziddiyətə aid bir “korluq”dur. Ya koruq hamımız, ya da dəli.

- “Lanzarote gündəlikləri”ndə son səyahətiniz Nyu-Yorka olmuşdu və bu şəhərdə Şərqin Qərbdəki Manhattan olduğunu demişdiniz.

- Bəli, məncə, belədir. Şərq elə Qərbdədir.

- Amerikada oxucularınız çox azdır. Avropa və Latın Amerikasında isə çox ciddi oxucu kütləniz var.

- Bəli, mən Amerikalılara o qədər də maraqlı gəlmirəm. Düşüncə tərzi məsələsidir. Amma amerikalı oxuculardan da çox müsbət rəy aldıqlarım olur.

- Tənqid edənlərin fikri sizin üçün önəmlidir?

- Mənim üçün önəmli olan bacardıqca ən yaxşı şəkildə yazmaqdır. Əsər bitdikdən sonra onun taleyi məndən asılı olmur. Amma bir əsərin keyfiyyətinin oxucu sayı ilə ölçülmədiyini də bilirik.

Paris Review, 1998

Tərcümə - Fəridə





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10