Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SSRİ-nin birillik baş prokuroru – o, həbs edilən azərbaycanlı dostuna kömək etməyib


1930-cu illərin sonlarında, repressiya dalğaları SSRİ-ni bürüyəndə dövlət qurumlarına rəhbərlik edənlər fəaliyyətlərində, vəzifələrinin icrasında çətinliklərlə üzləşiblər. Təşəbbüskarlıq, müstəqil şəkildə qərarlar qəbul etmək, yaxud yanlış bir addım bir çox məmurların özlərini repressiyaya məruz qoyub.

1939-cu ildə SSRİ-nin baş prokuroru təyin edilən Mixail Pankratyev isə digər vəzifəlilərdən fərqli olaraq “fəal”lığını əldən verməyib. Baş prokuror vəzifəsinə təyin olduqdan sonra o, ölkənin prokurorluq sistemində ciddi islahatlara başlayıb, dövlət qurumlurına prokuror nəzarətini daha da gücləndirib. Sözsüz ki, Pankratyevin öz səlahiyyətlərini artırmaq cəhdi çoxlarının xoşuna gəlməyib. Xüsusilə də Lavrenti Beriya qarşısında hansısa qurumun meydan sulamağını qəbul etməyib.

Mixail Pankratyev 1901-ci ildə Tverdə anadan olub. Yoxsul ailədə böyüyən gələcək prokuror maddi imkansızlığa görə cəmisi üç sinif oxuyub. Ərzaq mağazasında yükdaşıyan işləyən Pankratyev 1921-ci ildə hərbi xidmətə çağrılıb. Xidmətini sona çatdırdıqdan sonra ona hərbi komissarlıqda işləmək təklif olunub. O, Bryanskda xidmətini davam etdirib, sonra Moskva Dövlət Universitetində hüquq təhsili alıb. Təhsilini başa vurduqdan sonra Pankratyev hərbi prokurorluq sisteminə qəbul edilib, Azərbaycana göndərilib, 2-ci Qafqaz motoatıcı diviziyasına hərbi prokuror təyin edilib (həmin dövrdə diviziya və daha yuxarı hərbi birləşmələrdə hərbi prokurorluqlar fəaliyyət göstərib).
374846_27_i_027.jpg (48 KB)
1933-cü ildə Pankratyev Moskvaya, mərkəzi aparata dəvət alıb, baş hərbi prokurorun köməkçisi vəzifəsində xidmətini davam etdirib.

Moskvada bir müddət həyat yoldaşının valideynlərinin mənzilində yaşayan Pankratyevə 1937-ci ildə həbs olunan marşal Tuxaçevskinin mənzilini veriblər.
Dərin hüquqi biliklərə malik olması, bacarığı və mövcud dövr üçün vacib sayılan sərt xarakteri Pankratyevin vəzifə karyerasında mühüm rol oynayıb. O, 1938-ci ildə Rusiyanın prokuroru təyin edilib. Bu təyinatda təşəbbüskarlardan biri Stalin olub. Bir ildən sonra isə, 1939-cu ildə ona SSRİ-nin baş prokuroru vəzifəsi həvalə edilib.

Pankratyev səlahiyyətlərini artırmaq üçün bütün vasitələrə əl atıb. Hədsiz dərəcədə vəzifə hərisi olan baş prokuror “NKVD”-nin bəzi səlahiyyətlərini də ələ keçirməyə can atıb. O, həm də repressiyaların, vətən xainlərinin sayının artırılmasının tərəfdarı olub. Mərkəzi Komitədə keçirilən müşavirələrin birində bu mövzuda söhbət gedəndə Pankratyevlə Beriya arasında qarşıdurma da yaranıb. Pankratyev vətən xaini maddəsinin tətbiqinin genişləndirilməsini təklif verəndə Beriyanın reaksiyası sərt olub:
473px-Берия.jpg (74 KB)

- Siz gözünüzdəki eynəyi çıxarıb ətrafa diqqətlə baxın. Nikolay Yejov Moskvanın küçələrində adam qoymayıb. Məqsədiniz nədir? “Yejovşina” dövrünü bərpa edib davam etdirmək?

Pankrtayev “NKVD” şefinin reaksiyasını cavabsız qoymayıb:
- Mən bu eynəklə hər şeyi yaxşı görürəm. Sizə isə, Lavrenti Pavloviç, məsləhət görərdim ki, eynəyinizi təmizləyəsiniz. Bunu etsəniz, ətrafınızdakı antisovet ünsürləri daha yaxşı görəcəksiniz.
Təbii ki, Beriya baş prokurorun ötkəmliyini bağışlamayıb. 1940-cı ildə Pankrtayev antisovet fəaliyyətdə ittiham olunan və sonra bağışlanan bir neçə yüksək rütbəli hərbçinin azadlığa buraxılması üçün müvafiq sənədlərə imza atıb. Həmin dövrdə bu cür azadlığa buraxmalar zamanı prokurorluğun “NKVD” ilə razılaşması qanunda öz əksini tapıb. Pankratyev isə bu məsələdə “NKVD” ilə heç bir razılaşma əldə etməyib. Bu işdən xəbər tutan Beriya baş prokurorla üz-üzə dayanmağı özünə rəva bilməyib. O, məsələni birbaşa Stalinlə həll edib və baş prokuror vəzifəsində bir ili tamam olmamış Pankratyev vəzifəsindən uzaqlaşdırılıb.
Sonralar həyat yoldaşı Pankratyevin baş prokuror vəzifəsində işlədiyi vaxtları belə xatırlayıb:
“O, çox çətin bir dövrdə bu vəzifəyə təyin olunmuşdu. Hər gün saysız-hesabsız insanların ölümünə hökm vermək Pankratyevin psixoloji durumunda problem yaratmaşdı. Gün ərzində mənzilimizdəki telefon susmurdu. Hamı onu axtarırdı, ondan kömək istəyirdi. Mənim telefona yaxın durmağa ixtiyarım yox idi. Həmin vaxtlar Bakının prokurorunu da həbs etmişdilər. Biz Azərbaycanda eyni binada yaşayırdıq və ailəvi dostluq edirdik. Onun həyat yoldaşı bir neçə həftəlik axtarışdan sonra məni tapdı, məndən kömək istədi. Mən bu haqda Pankratyevə danışdım. O, isə əsəbi halda “mən heç nə edə bilmərəm” dedi. Bəzən elə gecələr olurdu ki, o, bir şüşə konyakla səhəri açırdı...”

Baş prokuror vəzifəsindən azad olunduqdan sonra Pankratyev SSRİ Ədliyyə Komissarlığında (nazirliyində) hərbi tribunallar idarəsinin rəis müavini, sonra Bryansk cəbhəsinin hərbi tribunal sədri, daha sonra isə Baltikyanı cəbhənin hərbi tribunal sədri vəzifəsində işləyib.
57_12.jpg (101 KB)
Pankratyev öz işinin mükəmməl bilicisi olsa da, bəzən davranışında, çıxışlarında həddini gözləməyi bacarmayıb. Elə bu xüsusiyyəti də onun karyerasına birdəfəlik son qoyub. Pankratyev 1949-cu ildə Stalinin 70 illik yubileyi ərəfəsində Baltikyanı cəbhənin partiya iclasında uzun-uzadı nitq söyləyib. O, Stalinlə görüşləri, sovet liderinin siyasi baxışları və fəaliyyəti haqqında həqiqətə uyğun olan və olmayan mülahizələr söyləyib. Bu çıxış birmənalı qarşılanmayıb və Ədliyyə Komissarlığında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra komissar (nazir) Konstantin Qorşenin Stalinə məktub ünvanlayıb, Pankrtyevin vəzifədən çıxarılması üçün ondan icazə istəyib. Beriya da bu fürsətdən istifadə edib, onun vəzifədə qalmağının məqsəduyğun olmadığını Stalinə bildirib. Beləliklə, Pankratyev prokurorluq sistemindən birdəfəlik uzaqlaşdırılıb.

Pankrtayev bir müddət OADKYC-da (Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yarım Cəmiyyəti) sıravi təlimatçı işləyib. Ömrünün son illərini Moskva ətrafındakı bağ evində keçirən sabiq baş prokuror 1974-cü ildə, 73 yaşında vəfat edib. Ömrünün son günlərinə qədər Beriyanı lənətləyən Pankratyev Stalin haqqında həmişə yüksək fikirlər söyləyib.

P.S. Musavat.com-un araşdırmasına görə, Pankratyevin həyat yoldaşının xatirələrində sözü repressiya olanan "azərbaycanlı prokuror" kimi keçən şəxsin Azərbaycan SSR-in prokuroru Bahadır Qasım oğlu Vəlibəyov olduğu ehtimal olunur. Vəlibəyovu məhz Pankratyevin baş prokuror olduğu dönəmdə - 1940-cı ilin fevralında güllələyiblər.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10