Cəsarət Hüseynzadə: “QHT Agentliyi qrant müsabiqəsi elan etmir, xarici mənbələrə çıxış mümkün deyil, QHT-lər fəaliyyətsiz durumdadır”
Fəxrəddin Həsənzadə: “QHT-lər təkcə qrantları gözləməli deyil, alternativ maliyyə mənbələri də olmalıdır”
Baş nazir Əli Əsədov “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı sərəncam imzalayıb. Dəyişikliklə qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün tələb olunan sənəd və ya məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədin və ya məlumatın təqdim edilməsi tələb olunmayacaq.
Xatırladaq ki, Maliyyə naziri Samir Şərifov QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan edilməsinin gecikməsi və problemin səbəbinin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması ilə bağlı iddialara münasibət bildirirərkən deyib ki, bu iddialar əsassızdır. Nazirin sözlərinə görə, Agentlik yeni yaradıldığına görə müvafiq idarəetmə strukturlarının formalaşmasında müəyyən ləngimələr var: “Proses başa çatan kimi bu işlər də görüləcək. Bildiyim qədər, Agentlikdə qrantların ayrılmasına Agentliyin Müşahidə Şurası tərəfindən baxılır”.
“Həmin Şuranın tərkibi dəyişib, ləngimələr də bununla bağlıdır. Yəni problem onlarla bağlıdır. Vəsait var, bu vəsait də həmin quruma ayrılıb, buyursunlar, müvafiq qərar verib, vəsaitlərindən istifadə etsinlər”, - nazir bildirib.
Öz növbəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyi və bəzi QHT təmsilçiləri nazirin mövqeyinə kəskin etiraz ediblər.
QHT.az portalının rəhbəri və "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə AYNA-ya açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin yeni qərarı QHT-lərin qarşısında yeni imkanlar açacaq: “Qərarda qeyd olunur ki, qrant ayıran dövlət qurumu ilə sənədlərin tələb olunduğu qurumlar arasında inteqrasiya mübadiləsi varsa, o zaman qaliblərdən əlavə sənədlər tələb olunmayacaq. Bütün bu işlər elektron qaydada həyata keçiriləcək. Bu da öz növbəsində “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci il Milli Fəaliyyət planı”nda öz əksini tapıb. Ümumilikdə götürdükdə bu müsbət haldır. QHT təmsilçiləri olaraq biz bu qərarı alqışlayırıq”.
“Lakin bir məqam da var ki, həmin fəaliyyət planlarında digər məqamlar da öz əksini tapıb. Təəssüf ki, bu günə qədər onların həyata keçirilməsi reallaşmır. Bu sırada QHT-lərin dövlət qeydiyyatının sadələşdirilməsi, xarici mənbələrə çıxışa qoyulan qadağaların aradan qaldırılması öz əksini tapıb. Gözləntilərimiz ondan ibarətdir ki, fəaliyyət planında göstərilən bütün müddəalar gələn ilə qədər öz həllini tapsın. Eyni zamanda, 500-ə yaxın QHT-yə qrant layihələri ayıran QHT-lərə Dövlət Dəstəyi Şurasının Agentliyə çevrilməsindən sonra müəyyən problemlər ortaya çıxıb. Hüquqi prosedurlar başa çatmadığına görə, bu qurum da qrantların ayırmasını dayandırıb” – ekspert qeyd edir.
Onun sözlərinə görə, bu günə qədər əksər QHT-lər məhz Şuranın dəstəyi ilə fəaliyyət göstəriblər: “Onlar müxtəlif sahələr üzrə fəaliyyət göstərirdilər. Əlillik, sosial istiqamətlər, vətənpərvərlik, beynəlxalq müstəvidə, təhsil, səhiyyə, ictimai iştirakçılıq və s. istiqamətər bu sırada göstərilə bilər. Həmin QHT-lər hazırda faəaliyət göstərə bilmirlər. Buna səbəb isə maliyyə mənbələrinin olmaması ilə bağlıdır.
Yaxın dövrlərdə QHT Agentliyinin qrant layihəsi elan edəcəyi ilə bağlı da qeyri-müəyyənlik hökm sürür. Bunun üçün müvafiq meyarların təsdiq olunması vacib olsa da, bu reallaşmayıb. Hər il müvafiq qurumlar bununla bağlı qiymətləndirmə aparırlar. Hər il bizim reytinqimiz onsuz da aşağı olurdu. Bu il isə vəziyyətin daha da pisləşəcəyini ehtimal edirəm. Çünki maliyyə mənbələrinə əlçatanlıq yoxdur”.
“Xarici qrantlara gəldikdə isə, bu sahədə heç bir yenilk yoxdur. Əvvəlki illərdə olduğu kimi, qrantların qeydiyyatı ilə bağlı hüquqi prosedurlar öz həllini tapmayıb. Bu baxımdan, xaricdən qrant alınması və reallaşması çox çətindir. Halbuki buna çox ciddi şəkildə ehtiyac var. 44 günlük müharibədən sonra ölkəmizlə bağlı yeni geosiyasi vəziyyət yaranıb. İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində ciddi işlər görüləcək və bu işlərdə sosial proqramlarla çıxış edən donorların fəal iştirakı mümkündür. Onlar isə əsasən yerli QHT-lərlə əməkdaşlığa üstünlük verirlər. Yaxın gələcəkdə bunun baş verəcəyi barədə qəti söz demək mümkün olmasa da, Milli Fəaliyyət Planında bu öz əksin tapıb. Təəssüf ki, bu istiqamətdə ciddi dəyişiklikləri müşahidə etmirik” – Hüseynzadə fikrini yekunlaşdırır.
AYNA-ya danışan Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə isə fərqli düşünür. Onun qənaətincə, son illər Azərbaycanda QHT sektorunun inkişafı istiqamətində ciddi addımlar atılır: “Prezident İlham Əliyevin fərmanı ilə QHT-lərə Dövlət Dəstəyi Şurasının bazasında yeni Agentlik təsis olundu. Hazırda Agentliyin strukturları formalaşmaq üzrədir və verilən məlumatlara, apardığımız müşahidələrə rəğmən deyə bilərik ki, ciddi yeniliklər gözlənilir. Bu xüsusda Baş nazir Əlis Əsədovun son qərarı da təqdir edilməlidir. Bu qərarda elektron hökumətə keçidin sürətləndirilməsi, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci il Milli Fəaliyyət planı”nın icrası əsas götürülüb”.
“O ki qaldı xaricdən qrantların alınması məsələsinə, bu istiqamətdə hökumətin yürütdüyü kövrək siyasəti təqdir edirəm. Nəzərə almaq lazımdır ki, bəzi beynəlxalq dairələr bu kimi məsələlərdən öz maraqlarını həyata keçirmək üçün istifadə edirlər. Nəticədə dövlətlərin çətinliklə qurduğu sabitliyə xələl gətirməyə çalışırlar. Bütün bunları nəzərə alsaq, xarici qrantlar məsələsində yürüdülən siyasətin əhəmiyyətli olduğunu dərk edərik.
Lakin bütün bunlarla yanaşı, bu gün Azərbaycanda xarici mənbələrdən qrant alan QHT-lər mövcuddur. QHT-lərlə bağlı dövlət siyasətini həyata keçirən Şura uzun müddət minlərlə QHT-nin faliyyətinə real dəstək olub” – müsahibimiz vurğulayır.
O əlavə edib ki, QHT sektorunda böhran hökm sürdüyünə dair iddiaları bölüşmür: “QHT-lər təkcə qrantları gözləməli deyil, alternativ maliyyə mənbələri də olmalıdır. Bunun üçün onlara hər hansı əngəldən söhbət gedə bilməz. Belə olarsa, həm onların fəaliyyət, həm də maliyyə müstəqilliklərinə şərait yaranar”.
Müəllif: Azər Niftiyev