Rütbəsi dövlət təhlükəsizliyi mayoru olsa da, həmkarları ona general deyə müraciət ediblər. Aleksandr Orlov bu qeyri-rəsmi rütbəni peşəkarlığına, kəşfiyyat işini dərindən bildiyinə görə qazanıb. İngilis, alman, fransız dillərini mükəmməl bilən Orlov “NKVD”-nin xarici ölkələrdə keçirdiyi bir çox mürəkkəb əməliyyatlara rəhbərlik edib, ona həvalə olunan tapşırıqlar uğurla icra olunub.
Yəhudi əsilli Aleksandr Orlov 1895-ci ildə Minskdə anadan olub. I dünya müharibəsi başlananda ailə Moskvaya köçüb. Orlov Moskva Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alıb. 1918-ci ildə hərbi xidmətə çağrılıb, 12-ci ordunun xüsusi şöbəsində xidmət edib. Ordudan tərxis olunduqdan sonra o, “ÇK”-da xidmətə qəbul olunub.
Xüsusi xidmət orqanlarının ayrı-ayrı qurumlarında xidmət edən Orlov qısa müddətdə bacarıqlı kadr kimi tanınıb. O, Fransada, Almaniyada, İtaliyada, Avstriyada, İsveçrədə, ABŞ-da və digər ölkələrdə SSRİ xüsusi xidmət orqanlarının agentura şəbəkəsinin yaradılmasında, rezidentlər arasında məxfi əlaqələrin qurulmasında, kəşfiyyat əməliyyatlarının keçirilməsində mühüm rol oynayıb.
Müasirləri və həmkarları Orlovun kəşfiyyat işini alman saatına bənzədiblər. Onun dəqiqliyi, situasiyaya uyğun düzgün qərar qəbul etmək bacarığı təəccüb doquracaq qədər yüksək səviyyədə olub.
1935-ci ilin oktyabr ayında Orlov “NKVD”-nin Almaniyadakı rezidenti vəzifəsindən geri çağrılıb və “NKVD”-nin nəqliyyat şöbəsinin rəis müavini təyin edilib. Bu təyinat səbəbsiz olmayıb. Təyinatdan öncə onu İosif Stalin və Vyaçeslav Molotov qəbul edib. Orlova Avropa ilə SSRİ arasında olan su yollarının və gəmi ilə yük daşımalarının dərindən öyrənilməsi tapşırılıb. 10 aydan sonra isə o, “NKVD”-nin Madriddəki rezidenti vəzifəsinə təyin edilib. Bu təyinatın əsas məqsədi İspaniyanın qızıl ehtiyatlarının SSRİ-yə daşınmasına Orlovun rəhbərlik etməsi olub. Sovet liderləri bu işi Orlova etibar ediblər. Belə ki, 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlanan zaman nasist Almaniyasından və faşist İtaliyasından dəstək alan general Fransisko Franko şimaldan mərkəzə doğru irəliləyəndə hakimiyyətdə olan respublikaçılar dövlətə məxsus olan qızıl ehtiyatının qiyamçıların əlinə keçməməsi üçün ölkədən çıxarılmasına qərar veriblər. Bununla bağlı İspaniya hökumətinin başçısı Larqo Kabalero və maliyyə naziri Xuan Neqrin ilk olaraq SSRİ ilə danışıqlara başlayıblar. Stalin İspaniya respublikaçılarının təklifinə, qızıl ehtiyatlarının SSRİ-yə daşınmasına düşünmədən razılıq verib.
20 oktybar 1936-cı ildə İspaniyanın Kartaxen şəhərinin limanında 7800 ədəd qutuda 510 ton qızıl sovet gəmilərinə yüklənib. Bu İspaniyanın bütün qızıl ehtiyatının təxminən 70-80 faizi olub. Qızıllar əvvəlcə Odessaya, oradan isə quru yolla Moskvaya daşınıb. Bu məxfi əməliyyata Aleksandr Orlov rəhbərlik edib. Uğurlu əməliyyata görə Orlov növbəti dəfə Kremlə dəvət olunub və Stalin onu “Lenin” ordeni ilə təltif edib. Qeyd edək ki, bu sövdələşmə, İspaniyanın qızıl ehtiyatlarının SSRİ-də qorunması Stalin üçün olduqca sərfəli olub. Belə ki, qızılların qiyməti 517 milyon ABŞ dolları həcmində hesablanıb. Sonra SSRİ İspaniyaya cəmisi 200 milyon dollar həcmində hərbi texnika verməklə məsələni qapayıb.
Qızıl əməliyyatı Orlova uğur gətirsə də, 1936-cı ildə “NKVD” rəhbərliyində dəyişiklik onun kəşfiyyatçı karyerasına son qoyub. Nikolay Yejov komissar (nazir) təyin olunduqdan sonra qurumda ciddi kadr islahatlarına başlayıb. Daha dəqiq ifadə etsək, Yejov repressiyası qurumun özündən start götürüb. “NKVD” orqanlarında kütləvi həbslər başlanıb, müəmmalı ölüm hadisələri bir-birini əvəzləyib. Orlov yaxşı anlayıb ki, ona da növbə çatacaq. Çünki Yejovun ilk və əsas hədəfləri xarici ölkələrdəki rezidentlər olub. 17 fevral 1938-ci ildə Orlovun birbaşa tabe olduğu “NKVD”-nin xarici rezidentlər şöbəsinin rəisi Abram Slutskinin müəmmalı ölümü isə həbs təhlükəsinin çox da uzaq olmadığından xəbər verib.
1938-ci ilin iyul ayında Madriddə xidmətini davam etdirən Orlov Moskvadan teleqram alıb, ona bildirilib ki, səhərisi gün o, Belçikanın sahil şəhəri olan Antverpendə limana yan alan sovet hərbi gəmisində “NKVD”-nin şəbə rəisləri ilə görüşə gəlməlidir. Məsələnin nə yerdə olduğunu, həbs təhlükəsini anlayan Orlov elə həmin gün kəşfiyyat işləri üçün ayrılmış 92 min ABŞ dollarını seyfdən götürərək Madriddən qaçıb. O, əvvəlcə Fransaya, oradan ABŞ-a istiqamət alıb.
Orlov ailəsi ilə birlikdə Amerikada məskunlaşan kimi Stalinə və Yejova məktub göndərib. O bildirib ki, əgər Moskvada olan ailə üzvlərinə, özünün və həyat yoldaşının anasına təzyiq göstəriləcəyi halda ABŞ xüsusi xidmət orqanlarına SSRİ-nin bu ölkədəki rezident və agent şəbəkəsi haqqında məlumat verəcək. Moskva Orlovun “ultimatumunu” qəbul etmək məcburiyyətində qalıb.
Orlov Amerikada hər dəqiqə həbs, öldürülmək qorxusu ilə yaşayıb. 1953-cü ildən, Stalinin vəfatından sonra isə o, öz “yaradıcılığı” ilə SSRİ-yə hücuma keçib. Onun Stalin hakimiyyəti və Stalin haqqında bir neçə kitabı işıq üzü görüb. Yeddi dilə tərcümə olunan kitablar mövcud dövrün ən populyar kitablarına çevrilib. ABŞ hakimiyyətinin sevimlisinə çevrilən Orlov üçün bu ölkədə bütün şərait yaradılıb. O, universitetlərdə mühazirələr oxuyub, dövrü mətbuatda müntəzəm olaraq maraqlı yazılarla çıxış edib. Hətta Orlovun hüquq elmi ilə bağlı yazdığı kitab universitetlərdə tədris olunub. Kitablarında müəllif olaraq rəsmi adı və soyadı ilə yanaşı “NKVD generalı” təxəllüsü də göstərilib.
Moskvaya heç vaxt dönməyəcəyinə dair qərar verən Aleksandr Orlov 1973-cü ildə, 77 yaşında Klivlenddə vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com