Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şairlərimizin şeir həsr etdiyi məşhur qadınlar – Siyahı


Şairlər


Məşhur şairlərin dövrlərinin ən gözəl qadınlarına yazdıqları şeirləri və onların qısa tarixini təqdim edir.
Aşıq Ələsgərin Səhnəbanu adlı xanıma olan sevgisi uzun illər dillərə dastan olub. Dədə Ələsgər qovuşa bilmədiyi sevgisini öz yaradıcılığında hər zaman təsvir edib. Aşıq Ələsgərin Səhnabanuya yazdığı ən məşhur qoşmalarından biri belədir.


Bəzənib, qurşanıb sеyrə çıxan yar,
Alagözlü Səhnəbanım, yavaş gеt!
Bir qıya baxanda öylər yıxan var,
Cəllad olub tökmə qanım yavaş gеt!
Mən sana aşiqəm, sən mana xata,
Dahanın bənzəyir qəndə, nabata,
Ləbin tənə vurur abi-həyata,
Qoynu cənnət irizvanım yavaş gеt!
Ələsgərəm, oldum dəli, divana
At müjdanın, sinəm durub nişana.
Sallanışın bənzər huri-qılmana,
Kəbəm, qibləm, din-imanım, yavaş gеt!
***
Mikayıl Müşfiq “Yenə o bağ olaydı” şeirini 1936-cı ilin qayğısız yay günlərində Pirşağıda yazıb. Şeirin ünvanı uzun müddət naməlum qalıb. Bəziləri düşünüb ki, Müşfiq şeiri həyat yoldaşı Dilbər xanıma yazıb, digərləri şeirin ünvanını tanısalar da, bu haqda danışmayıblar. Şayiələr gəzib. Yalnız ötən əsrin sonunda həmin xanımın Ənvər Məmmədxanlının bacısı Arifə Məmmədxanlı olduğu məlum olub.

“Yenə o bağ olaydı”
Yenə o bağ olaydı
Yenə o bağ olaydı,
Yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca
Fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı...
Səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə,
Hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim,
Tellərindən incəmi?
Söylə ürəyincəmi?
Yenə o bağ olaydı,
Yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla,
Ruhumu dindirəydin,
Məni sevindirəydin.
Yenə o bağ olaydı...
Yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan,
Dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Arzuya bax sevgilim,
Tellərindən incəmi?
Söylə ürəyincəmi?
Yenə o bağ olaydı...
Yenə o bağ olaydı
Sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə
Yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Arzuya bax sevgilim,
Tellərindən incəmi?
Söylə ürəyincəmi?
Hər gün bir yeni nəğmə,
Hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Yazaydım səhər axşam.
Yenə o bağ olaydı.
Yenə o bağ olaydı.
***
Şair Tofiq Bayram teatrda bədii rəhbər işləyəndə bir türk aktrisasına vurulur. Ona ən gözəl şeirini həsr edir. Bu barədə şairin bacısı Svetlana Bayramova müsahibələrinin birində deyir:
“Tofiqin gizli bir sevdası vardı. Bu, Türkiyənin vaxtilə çox məşhur bir opera müğənnisi olan Sevda Aydan idi. 1964-cü ildə Sevda Aydan Bakıya, Opera və Balet Teatrına qastrola gəlir. Və bilirsiz ki, Opera Teatrındakı işlər uzun müddət çəkir. O ərəfədə də Tofiq həmin teatrda ədəbi-hissə müdiri idi. Onların arasında çox isti münasibətlər yaranır. Mənə elə gəlir ki, Tofiq sözün həqiqi mənasında o qadına vurulmuşdu. Və Sevda Aydan da ona qarşı biganə deyildi. Həmin ərəfədə Tofiq Sevdaya bir şeir yazdı. Sevda həmin şeiri Türkiyəyə apardı. O şeir qısa bir müddətdə sevildi, dillər əzbəri oldu. Və bu şeiri həmin dövrdə də, indi də Türkiyədə əzbər bilməyən adamlar çox az olar”.

Bir cüt qara göz görmüşəm, o gözlər nədir?
Bəlkə Egey dənizindən iki qətrədir.
O gözlərin alovuyla yandı ürəyim,
O gözlərə ulduz deyim, ya çıraq deyim?
Türkiyənin gözəl qızı, nəğməkar qızı,
Sən yandırdın ürəyimdə Sevda ulduzu.
Elə bil ki, fırtınalı bir Xəzərəm mən
Yolların çiçək kimi söz düzərəm mən.
Gəlişin bir toy-bayramdır, gedişin ağır,
Ürəyində məni səslə, məni də çağır.
Xəyalım bir köhlən kimi çapar özünlə,
Sənə məftun ürəyimi apar, özünlə...
***

Nüsrət Kəsəmənli də gənclik illərində Sevda adlı qızı sevir. Lakin, onların sevgisi nakam olur. Sonralar Sevda da ailə qurur. Hətta Nüsrət Kəsəmənli bu tarixi və içindəki hissləri qələmə alır və “Dünən toyun idi” şeiri yaranır. Şair sevdiyinə xeyir-duanı belə verir.

“Dünən toyun idi”
Sağlıqlar deyildi çığır-bağırla,
Üşüyən qəlbinə girən oldumu?
Gözündən qəlbinə düşən cıgırla
Axan göz yaşını görən oldumu?
Sağlıqlar uzandi… səhərə kimi
Çalıb-oynadılar, kef eylədilər.
Çırpıb pillələrə son ümidini
“Vağzalı” üstündə dəfn eylədilər.
Son ümid! O mənim gərəyim idi…
Yoluna şam tutdu neçə qiz-gəlin.
Şam deyil. O mənim ürəyim idi;
Son dəfə yanırdı yolunda sənin.
Getdin…o köhnə yol nur yolu idi,
İzin düşən yerdə gül açmadı ki?!
Özgəylə keçirdin o yolu indi,
Ayağın altından yer qaçmadı ki?!
Bu yollar nə yaman vəfasız imiş,
Niyə çiliklənib tökülmədilər.
Düşüb qədəminə hər yoxuş, eniş
Niyə ürəyimə çəkilmədilər…?!
Başına gül-çiçək səpdilər o gün,
Alışan qəlbinə su səpmədilər.
“Get” deyib alnından öpdülər o gün
Sınıq taleyini düzəltmədilər…?!
Güldün…
Gülüşünün ömrü çox qısa.
Bir həsrət axırdı qanından sənin.
Orda bütün yerlər tutulmuşdusa
Yerim görünürdü yanında sənin.
Dünən toyun idi…
Xoşbext olasan!
Görünür bu bizə qismət deyilmiş
Unut!
Elə bil ki,
Sevdiyin oğlan
Getdiyin oğlanmiş,
Nusret deyilmiş…!
***

Aqşin Yeniseyin “Aynurənin ümidsizliyi” adlı şeiri də deyilənlərə görə baş tutmayan sevgi hekayəsi haqqındadır.

“Aynurənin ümidsizliyi”
Ümidlər daha çox adam şəklində yoxa çıxır,
daha çox adam şəklində yoxa çıxır ümidlər
qızlarını varlı adamlar üçün bəsləyən ailələrin qonşuluğunda
şəkillərə ata deyən bir uşaq böyüyür
əllərinin arxasında gözlərinin qarası.
Qanlı dimdiyini dəmir relslərə çəkən çalağan
bıçağını itiləyən qəssab deyil
quş başqaları üçün öldürməmişdi.
Sevdiyimiz nəğmələrin tayıyıq, vəssəlam.
Gecələr Sahil bağında tütək çalan qaraçı oğlanın içində
yuxulayır dilənçi nəğmələr
o oğlanın oturuşu qədər
ümidsizdir bu şəhər.
Ümidlər daha çox adam şəklində yoxa çıxır
daha çox adam şəklində…
***
Əliağa Vahid Xalq artisti Şövkət Ələkbərov üçün də şeir yazıb. Həmin şeirin əlyazması bu günə qədər də Şövkət xanımın ailəsi tərəfindən saxlanılır.

Əslən Kəlbəcərdən olan istedadlı şair Sücaət mərhum xanəndə Nəzakət Məmmədovanı konsertlərin birində görüb ona vurulur.
***
Sücaət müğənninin aşiqi olsa da aralarında sevgi münasibətləri yaşanmayıb. Şair sadəcə müğənniyə məktublar, şeirlər yazıb. Sücaətin qohumlarının sözlərinə görə təxminən 1982-ci ildə Nəzakət Məmmədova Kəlbəcərdəki "İstisu" sanatoriyasında dincəlirmiş. Orada müğənnidən xahiş ediblər ki, konset versin, ancaq Nəzakət Məmmədova Bakıya qayıtmalı olduğunu bildirib. Və söz verib ki, qısa müddətdə qayıdıb orada bir konsert proqramı ilə çıxış edəcək. Müğənni söz versə də sözünə əməl etmir və bir daha ora qayıtmır. Müğənninin yolunu səbirsizliklə gözləyən şair Sücaət o zaman ona bir şeir həsr edir.

Könül, üzü dönmüş yara neylədim
Mən ha əzizlədim, naşıydı, getdi.
Könlümün ilk yarı, ilk sevimlisi
Gözümün son damla yaşıydı, getdi.
Parçalandı eşqi, söndü havası
Naləyə çevrildi könlümün səsi.
Sevgi dünyasının daş ürəklisi,
Nazlı gözəllərin başıydı, getdi.
Qəlbimi sıxsa da yar dönə-dönə,
Sücaət kəm baxmaz məhəbbətinə.
Mən onu sevirəm, sevirəm yenə,
Onun öz keyfiydi, xoşuydu getdi
Bir müddət sonra Nəzakət Məmmədovanın ölüm xəbəri yayılır. Şair Sücaət müğənninin məzarı üstə gedir və orada Nəzakət Məmmədovaya sonuncu "Barışmağa gəlmişəm" şeirini yazır.
Dur əzizim, barışmağa gəlmişəm,
Dözəmmirəm, dözüm sənsiz qalıbdı.
Öz ürəyim öz sinəmi isitmir,
Odum sənsiz, közüm sənsiz qalıbdı
Kövrəlmişəm, elsiz dağa dönmüşəm,
Saralmışam barsız bağa dönmüşəm.
Bir kimsəsiz kür uşağa dönmüşəm,
Qan ağlayır, gözüm sənsiz qalıbdır.
Sücaətəm, şamda mənəm, çıraq da,
Sən getmisən, mən qalmışam soraqda.
Yazdıqlarım buza dönüb varaqda,
Şerim sənsiz, sözüm sənsiz qalıbdı.
***
Bir dəfə Sara Qədimova Səməd Vurğun, Qurban Pirimov, rəqqasə Leyla Bədirbəyli, akademik Heydər Hüseynov, Vera Şirye, Zülfü Adıgözəlovla birlikdə cəbhə bölgələrinə gedirdi. O dövrdə Mahnı və Rəqs ansamblının rəqqasəsi olan Leyla Bədirbəylinin xatirələrindən:
- Qatarla gedirdik. Səməd Vurğun gənc Saraya yaxınlaşıb soruşdu:
- Qızım, gözəl səsin var. Bir neçə konsertində olmuşam. Oxumağın xoşuma gəlir. Cəbhədə əsgərlər üçün nə oxuyacaqsan?
Sara ayağa qalxıb imtahan verən şagird kimi əllərini yanına saldı:
- “Segah” muğamını, Üzeyir bəyin “Şəfqət bacısı”, “Kürdün gözəli”, “Qubanın ağlaması” mahnılarını, - deyə cavab verdi.
Səməd Vurğun nə fikirləşdisə, elə bizim yanımızda cibindən “Avrora” siqaretini çıxarıb, onun üstünə bir şeir yazıb, Saraya uzatdı. Bu şeiri sənə həsr edirəm. Onu əzbərlə və “Segah” üstündə oxu, - dedi.

“Ala gözlər”
Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə,
Qələm qaş altında o ala gözlər.

Gərdəni minadır, boyu tamaşa,
Ay da həsrət çəkir o qələm qaşa.
Bir cüt ulduz kimi verib baş-başa,
Yanıb şölə saçır camala gözlər.
***
Deyilənlərə görə xalq mahnısı kimi bilinən “Qarabağ maralı” mahnısının sözləri və musiqisi İsgəndər Novruzlu adlı şəxsə məxsus olub. Və o, bu mahnını Zöhrə xanımın anasına ithaf edib.

"Qarabağın maralı"
Gəzmə məndən aralı,
Könlüm səndən yaralı.
Mən ki, səni sevmişəm,
Qarabağın maralı!
Sən bulaq üstə gələndə,
Qıyqacı baxıb, güləndə,
Aldın səbri-qərarı,
Qarabağın maralı.
Gedək Qırxqız yaylağına,
Maralcüyür oylağına,
Enək İsa bulağına,
Qarabağın maralı.
Turşsu olsun yaylağımız,
Gözəl Şuşa - oylağımız.
Sən olaydın qonağımız,
Qarabağın maralı.
Mən qurbanam gözlərə,
Şirin-şirin sözlərə.
Bir qonaq gəl bizlərə,
Qarabağın maralı.
O günə qurban kəsərəm,
Gəlməsən, səndən küsərəm,
Gəzərəm səndən aralı,
Qarabağın maralı.
kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10