Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şeyx Nizami Gəncəvi Nijni Novqorodda məni necə "xilas etdi?"


                     (esse-xatirə)

Ölkəmizdə elan olunmuş “Nizami Gəncəvi İli” demək olar ki, başa çatmaq üzrədir. Şeyx Əbu Məhəmməd İlyas ibn Yusif - poeziya kəhkaşanının parlaq ulduzu Nizami Gəncəvi  əsrlərdir ki, dünyanın hər tərəfinə işıq salır. XII əsrdə yaşamış dahi şairimizin quş lələyi ilə yazdığı hikmətli sözləri,  dərin fəlsəfi məzmunu əsərləri BƏŞƏR sivilizasiyası tarixində ən yüksək insani duyğuların toplandığı  misilsiz mənəvi  xəzinədir.Əbəs yerə demirlər ki, dahilərin bir adı da Vətəndir. Xalqlar onların dühasının işığında keçmişdən gələcəyə yol gedirlər. Nizami Gəncəvi də özü ilə bərabər   Azərbaycanın adını və şöhrətini dünyaya yayır. XX əsrin birinci yarısında yaşayıb - yaratmış rus şairi  Vladimir Luqovskoyun təbirincə desək: “Nizami dühası hələ dünyada çox-çox ürəkləri fəth eliyəcək…”

Dünya poeziyasında epik romantik janrın banisi kimi ad çıxarmış "Şairlər padşahı"nın özünə"Nizami" adını təxəllüs olaraq seçməsi heç də təsadüfi deyildi. Bu adın mahiyyətində dünyanı nizama salmaq arzusu ilə yazıb-yaradan sənətkarın zəkasından doğulan İLAHİ bir sevgi dayanırdı. Nizaminin əxlaq fəlsəfəsinin mizan-tərəzisində humanizm, bəşəri duyğular, ədalətin zəfər çalması uğrunda mübarizə təcəssüm olunur. Bədii fikir salnaməçisi Nizami Gəncəvini uçuş yeri və zirvəsi Azərbaycan olan nəhəng QARTALA bənzədirlər. Təbii ki,  biz Azərbaycanın dünyaya bəxş etdiyi  şair babamızla həmişə fəxr edib, qürurlanırıq. Bəlkə ona görə ki, xalqımızın şifahi ədəbiyyat xəzinəsindən ustalıqla faydalanan Şeyx Nizami təkcə aforizmləri ilə deyil, həm də xilaskarlıq missiyası ilə bizə neçə qərinədir ki, pasibanlıq edir.  Fəqət Nizaminin  həyat və  yaradıcılığından o qədər deyilib, o qədər yazılıb ki,  bu gün onun haqqında yeni söz demək çox çətindir. Ona görə də bu kiçik esse -xatirədə 880 yaşlı poeziya nəhənginin xilaskar ruhu barədə olmuş bir əhvalatdan bəhs etmək istəyirəm.

...2002-ci ilin yanvarın 7- də Nijni Novqorad şəhərinin dəmir yolu vağzalında üç nəfər rus polisi (o vaxt milis adlandırılırdı) mənə yaxınlaşıb sənədlərimi və çantamı yoxladılar. Sonra üzərimdə olan pulların miqdarını öyrənən kimi məni yaxınlıqdakı bölməyə apardılar. “Müsadirə” olunan pullarımın arasında Nizami Gəncəvinin rəsmi təsvir olunmuş 500 manatlıq əskinas milis zabitinin diqqətini cəlb etdi.  Pul kolleksiyası topladığını bildirən zabit Azərbaycan əskinasının üzərindəki şəklin kimə aid olduğunu soruşdu. Mən Nizami Gəncəvinin Karamzin, Derjavin, Jukovski və rus poeziyasının günəşi adlandırılan Puşkindən 6 əsr əvvəl dünyaya gəldiyini, 1941-ci ildə Leninqradın blokadası günlərində  orada 800 illik yubleyinin qeyd olunduğunu bildirdim.

Zabitin məni diqqətlə dinləməsi sıravi milislərə bir o qədər də xoş gəlmirdi. Onlardan biri masanın üzərindəki pulları göstərib mənə səsləndi: “Bu gün bizi də müqəddəs gün münasibətilə təbrik etməyi unutmayın!” 7 yanvarın Provaslav xristianlarda İsanın doğum gününün bayram kimi qeyd olunduğunu bildiyimə görə onlara “Mən Maksim Qorkinin şərəfinə sovet dövründə Qorki adlandırılan bu şəhərin  BAKILI   qonağı olaraq yalnız sizə bayramınız mübarək deyə bilərəm” dedim. Ələvə etdim ki,  Maksim Qorki  də dəfələrlə bizim Bakıda olub. Zabitin sərt baxışları sıravi həmkarlarına tuşlandı: Yəni “nəfsinizi cilovlayın!” və  onlara amirənə səslə mənə aid olan əşyaları səliqə ilə  yol çantama yığmağı tapşırdı. Özü də ayağa qalxıb pasportumu, yazıçılar və jurnalistlər birliklərinə aid olan vəsiqələrimi, masanın üzərində “müsadirə olunmuş"  pullarımı mənə qaytardı. Sonra yenə Nizaminin rəsmi olan pulu göstərib soruşdu: “Bəs bu dahi şəxsiyyətin rəsmi olan əskinası rus puluna çevirəndə neçə rubl olar?” Mən gülümsünərək ona baxdım: “Siz  dediniz ki,  müxtəlif pulların kolleksiyasını toplayırsınz. İnanmıram ki, kolleksiyanızda Nizami  kimi bəşəri dəyərə malik başqa bir dahinin rəsmi olan pul olsun...”

Zabit başı ilə dediyimi təsdiqlədi. Xudahafizləşəndə  ona şərqşünas alim, türkoloq  Yevqeni  Bertelsin "Böyük Azərbaycan şairi Nizami” kitabını oxumağı məsləhət bildim.“Mütləq oxuyacağam”- dedi.

...O gün vağzalın saat qülləsindəki lövhədə havanın temperaturu  mənfi 33 dərəcəni göstərirdi. Ancaq bir az əvvəl məni üşüdən şaxtanın bağrını elə bil dünyanın poeziya günəşinin odlu nəfəsi yarmışdı. Düşüncələrimə hakim kəsilən və mənə böyük qürur hissi verən Şeyx Nizminin ölməz ruhu qədim Nijni Novqorod şəhərində imdadıma yetişmişdi. Qürbət diyarda qışın qar soyuğunu unudub gedə-gedə şeir, sənət dünyasının məğrur sərkərdəsinin müqəddəs ruhuna şair Tofiq Bayramın misaralarını dua kimi pıçıldayırdım:

Acizəm adına bir təşbeh tapam,

O sənət Məkkəmdir, şeir pirimdir,

Nizami ən qədim, ən müdrik babam,

Nizami ən yaxın müasirimdir.      

...Ən qədim və yaxın  müasirimz ulu Şeyx  Nizami   Gəncəvinin mübarək ruhuna əbədi eşq olsun!

                                               Nurəddin ƏDİLOĞLU.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10