Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yakutiyadan Moskvaya – Qiyam mətnini oxuduğuna görə Qorbaçovun qəzəbinə gələn diktor


Televiziya kanallarında efirdə görünən və ya görünməyən maraqlı hadisələr tez-tez baş verir. Təbii ki, bu hadisələrin əksərinin “müəllif”ləri elə televiziyanın əməkdaşları olurlar. Bəzən isə bu cür hadisələr siyasi müdaxilərlər nəticəsində yaranır.

Sovet dövründə SSRİ-də fəaliyyət göstərən bütün kanallar Mərkəzi Komitənin ideoloji aparatından asılı vəziyyətdə saxlanılıb. Demək olar ki, bütün baş katiblərin televiziyanın fəaliyyətinə birbaşa nəzarəti və müdaxiləsi olub. Yaradıcılıq işlərindən tutmuş kadr məsələsinə qədər hər şey Mərkəzi Komitə ilə razılaşdırılıb. Kiçik bir səhv isə kimisə mikrofondan, efirdən məhrum edib. Mərkəzi Televiziyanın məşhur diktoru Yevgeni Koçerğin isə daha çox zərər çəkənlərdən olub.

Yevgeni Koçergin əlamətdar bir gündə, əlamətdar bir ildə və əlamətdar bir şəhərdə anadan olub. 1945-ci ilin 7 noyabr günündə Stalinqrad şəhərində anadan olan gələcəyin tanınmış diktoru məktəbi bitirdikdən sonra Moskva Maliyyə-Sənaye İnstitutunda təhsil alıb. 
2160733.jpg (65 KB)
 
Koçergin ali təhsilini başa vurduqdan sonra komsomol xətti ilə SSRİ-nin almaz paytaxtı sayılan Yakutiyaya, Mirnı şəhərinə işləməyə gedib. Yakutiyada Koçerginin səsi və nitq qabiliyyəti yerli televiziya kanallarının əməkdaşlarının diqqətini cəlb edib. Çox keçməmiş o,Yakutiya televiziyasında işə başlayıb, daha sonra isə Moskvaya, Mərkəzi Televiziyaya kurslara göndərilib.
Moskvaya göndəriş alması ilə Koçerginin həyatında yeni mərhələ başlayıb. Yuri Levitandan dərs alan Yevgeni kursları bitirdikdən sonra “Mayak” radiosunda iş təklifi alıb. Əvvəlcə şox sadə mətnləri səsləndirən diktora sonralar Leonid Brejnevin məruzə və müraciətlərini də etibar ediblər.

Koçerginin radio fəaliyyəti uzun sürməyib. O, Mərkəzi Televiziyanın xəbərlər proqramına işə qəbul edilib və “Vremya” xəbərlər proqramının diktoru olub. 1977-ci ildən “Vremya”da işləyən Koçergin Brejnevdən başlamış Qorbaçova qədər bütün siyasi liderlərin çıxışlarını, müraciətlərini efir vasitəsilə tamaşaçılara çatdırıb.
evgenij_kochergin_6.jpg (88 KB)
Moskvada fəaliyyətə başladıqdan sonra Koçergin ad gününün əsas hissəsini Qırmızı meydanda keçirib. Belə ki, oktyabr inqilabının ildönümü ilə bağlı Moskvanın baş meydanında keçirilən nümayişlərin aparıcı diktorlarından biri və əsası Koçergin olub. Sonralar bu günün çox da maraqsız olmadığını söyləyən diktor həmi günləri belə xatırlayıb:

“Ad günüm Qırmızı meydanda başlayırdı. Həmin gün mən Siyasi Büronun bütün üzvlərini görürdüm. Meydandan keçənlərin əllərindəki şüarlar, bayraqlar, al-əlvan şarlar ovqatıma müsbər təsir göstərirdi, mənim üçün əsl ad günü təntənəsi yaradırdı. 7 noyabr Moskvada havalar həmişə soyuq olurdu. Yuxarılar bunu da nəzərə alırdılar. Tədbirin sonunda bizim üçün kiçik bir stol açılırdı. Konyak, şirniyyat və meyvələr... Həmkarlarım ilk qədəhləri ya qorxudan, ya da ürəkdən Leninin və partiyanın şərəfinə qaldırırdılar. İkinci qədəh isə mənim şərəfimə qaldırılırdı...”
Evgeniy-Kochergin-02.jpg (99 KB)
Koçerginin səsi, demək olar ki, bütün rəsmi tədbirlərdə eşidilib. O cümlədən 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarında da əsas aparıcılıq Koçerginin üzərinə düşüb.
Ayrı-ayrılıqda Mərkəzi Komitənin katibləri, Siyasi Büro üzvləri Koçerginə böyük hörmətlə yanaşıblar, televiziya ilə bağlı rəsmi müzakirələrdə onun adı yaxşıların sırasında çəkilib. Amma sonluq heç də yaxşılıqla bitməyib.

19 avqust 1991-ci ildə, “QKÇP” hadisələri (“Avqust qiyamı”) zamanı diktorun qarşısına mətn qoyulub və təcili efirdə həmin mətnin səsləndirilməsi göstərişi verilib. Koçergin anlayışı olmadığı mətni oxumağa tərəddüd edəndə, ona bir cümlə ilə xəbərdarlıq olunub: “Efirə könüllü çıxmasan, səni məcbur çıxaracaqlar...”
10042018944.jpg (78 KB)
Mətn “QKÇP”-nin xalqa müraciəti olub. Koçergin mətni oxuyub. “QKÇP” iflasa uğradıqdan sonra növbəti dəfə studiyaya girəndə mikrofonla ondan studiyanı tərk etməyi “xahiş” ediblər. Beləliklə, Koçergin mikrofondan və efirdən məhrum edilib. Sonralar diktor bu hadisə ilə bağlı da fikirlərini bölüşüb:
“Mətndə Qorbaçovun hakimiyyəti idarə etmək iqtidarında olmadığı göstərilirdi və fövqəladə vəziyyətin elan olunması qeyd edilirdi. Mən əvvəlcə bu mətni oxumağa tərəddüd edirdim. Amma indi düşünürəm ki, bu tərəddüdümdə yanılmışam. Hər halda sovet dövründə yaşayan bir adam kimi, mən SSRİ-ni dağıdan Qorbaçovun siyasi fəaliyyətini qəbul edə bilməzdim...”

“Vremya”dan uzaqlaşdırıldıqdan sonra Koçergin Ostankinonun 1-ci və “Delovaya Rossiya” kanallarında fəaliyyətini davam etdirib. Bundan başqa, o, digər kanallarda da bir çox müəllif verilişləri aparıb. Eyni zamanda Koçergin “Ostankono” Moskva Televiziya və Radio İnstitutunda müəllim kimi də fəaliyyət göstərib.
39.jpg (147 KB)
Koçergin ailə həyatında problemlər yaşayıb. İki dəfə ailə həyatı quran Koçerginin hər nikahdan bir qızı olub. 37 yaşlı qızı İrina Volodina 2016-cı ildə yaşadığı çoxmərtəbəli binanın liftində baş verən qəza zamanı həlak olub. 2015-ci ildə isə diktorun nikahdankənar daha bir qızı meydana çıxıb. “Pust qovoryat” tele-şousuna çıxan yakutiyalı Malina Nemınkina bəyan edib ki, Koçergin onun doğma atasıdır.
75 yaşlı diktor bu gün də fəaliyyətsiz deyil. O, yenə də müntəzəm olaraq efirlərdə görünür. Əsas gücünü isə təcrübəsini gənc həmkarlaı ilə bölüşməyə sərf edir.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10