Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Stalinin “baş kəsməyən” naziri, Beriya ilə intriqa, tatarlara görə “vurulma” – İqnatyevin xilası


“Ağ əlcəkli nazir” – onun adı tarixə belə düşüb, Stalinin hakimiyyəti illərində əli qana batmayan nazir kimi. Müasirləri onu yumşaq xarakterli, tabeçiliyə meylli, heç vaxt təşəbbüskar olmayan bir siyasətçi kimi xarakterizə etsələr də, Semyon İqnatyevin özünəməxsus idarəçilik üsulu olub.

İqnatyev işlədiyi sahədə mövcud problemləri bəzən fərqli qaydada həll edib. Məsələn, Tatarıstan vilayət pariya komitəsinə birinci katib göndəriləndə muxtar respublika ilə ilk tanışlıqdan sonra vəziyyət onu qane etməyib. İqnatyevin diqqətindən ən kiçik problemlər belə yayınmayıb. İşlədiyi ilk günlərin birində axşam evə dönərkən birinci katib ərzaq mağazasından kiçik bir alış-veriş etmək qərarına gəlib.

İqnatyev satıcı qadından bir kiloqram makaron çəkməsini xahiş edib. Satıcı onun xahişini yerinə yetirdikdən sonra məhsulu hara yığacağını soruşub. İqnatyev üstündə heç bir ərzaq torbasının olmadığını söyləyəndə satıcı ilə birinci katibin arasında qısa dialoq yaranıb:
Игнатьев_Семён_Денисович.jpg (28 KB)
- Mən makaronu çəkdim, onu necə və nəyin içində aparmağınız isə sizin problemdir.
- Mən üstümdə heç vaxt ərzaq torbası gəzdirmirəm. Zəhmət olmasa onu kağıza bükün.

- Bizim ərzaq bükmək üçün kağızımız yoxdur. Bir aydır ki, bizə kağız vermirlər.
- Bəs onda necə edək?
Satıcı qadın qarşısındakının kim olduğunun fərqinə varmadan cavab verib:
- Tökün şlyapanıza, aparın.
İqnatyev o dediyi kimi də edib, başından şlyapasını çıxarıb satıcının qarşısına qoyub. Satıcı makaronu şlyapaya tökərək müştərisini gülə-gülə yola salıb.
Bu “alış-veriş”dən bir saat sonra birinci katibin kabinetində müşavirə keçirilib. Uzun müşavirə masasının tən ortasında isə İqnatyevin makaron dolu şlyapası nümayiş etdirilib. Səhərisi gün muxtar respublikanın bütün ticarət obyektlərində yoxlamalar, araşdırmalar başlanıb, həmçinin bütün ərzaq mağazaları məhsulların bükülməsi və qablaşdırılması üçün kağızla təmin edilib. İqnatyevin işə ilk gündən belə başlaması yerli sakinlərdə yaxın vaxtlarda bir çox problemlərin həll olunacağı ümidini yaradıb.
jh.jpg (152 KB)
Semyon İqnatyev 1904-cü ildə Xersonda anadan olub. Hələ uşaq olarkən ailə Özbəkistana köçüb. Ailənin dolanışığı çətin olduğundan İqnatyev 12 yaşından Termezdə pambıqtəmizləmə zavodunda işləyib. Daha sonra Buxarada dəmiryol stansiyasında çilingər işinə düzəlib. 1920-ci ildən sonra o, fəaliyyətini komsomol və həmkarlar təşkilatlarında davam etdirib.
Semyon İqnatyev Moskva Sənaye Akademiyasını bitirdikdən sonra Daşkənd şəhərində Ümumittifaq Həmkarlar Təşkilatının Orta Asiya bürosunda şöbə müdiri vəzifəsinə təyin edilib. 1935-ci ildə isə o, Moskvaya dəvət alaraq Mərkəzi Komitənin sənayə şöbəsinin müdirinin köməkçisi vəzifəsinə təyinat alıb.
İki ildən sonra İqnatyevin icraçılıq və təşkilatçılıq bacarağı nəzərə alınaraq onu Buryat-Monqol vilayətinə birinci katib göndəriblər.

Bütün vəzifə təyinatlarında İqnatyevə Georgi Malenkov himayədarlıq edib. Onun Stalinlə görüşlərinin də səbəbkarı məhz Malenkov olub. Belə görüşlərin birində Malenkov İqnatyevin Belarusiyaya katib (sonra isə ikinci) göndərilməsini təklif edib. Stalin bu təklifə razılıq verib.
hg.png (412 KB)
1951-ci ildə İqnateyivin vəzifə karyerasında yeni mərhələ başlanıb. Bu dəfə o, Stalinin təşəbbüsü ilə SSRİ dövlət təhlükəsizliyi naziri vəzifəsinə təyinat alıb. Sovet liderinin bu təyinatı səbəbsiz olmayıb. Stalində 1950-ci ildən sonra komandasına qarşı inamsızlıq yarananda o, itaətkar İqnatyevi ətrafından bəzi məmurları sıradan çıxarmaq üçün istifadə etməyi planlaşdırıb. O, cümlədən Stalinin “şübhəlilər” siyahısında Lavrenti Beriya, Nikolay Vlasik kimi səlahiyyətlilərin də adları yer alıb. Amma təbii ki, uzun illər Kremldə “at oynadan” məmurların zərərsizləşdirilməsi İqnatyevin gücü daxilində olmayıb. Buna baxmayaraq, o, Stalinin göstərişlərini mümkün qədər icra etməyə cəhd edib. Cəhdlər boşa çıxanda isə Stalin heç kimə qarşı etmədiyi təhqirləri İqnatyevə qarşı edib. Bir tərəfdən Stalinin təzyiqləri, digər tərəfdən Beriyanın və onun tərəfdadarlarının ona qarşı yönəltdiyi planlar İqnatyevi Kreml oyunlarında oyuncağa çevirib. Amma bu hadisələr hələ ki, İqnatyev üçün dözülən olub. Dözülməz hadisələr isə Stalinin vəfatından sonra başlayıb.
15 mart 1953-cü ildə Dövlət Təhlükəsizliyi Nazirliyinin ləğv edilməsi və bu qurumun ümumilikdə Daxili İşlər Nazirliyinə çevrilməsi nəticəsində İqnatyev nazir vəzifəsindən kənarlaşdırılıb, Beriya nazir təyin edilib. İqnatyev isə Mərkəzi Komitidə katib vəzifəsinə təyinat alıb.

Beriya İqnatyevin 1950-ci illərin əvvəllərində ona qarşı həmlələrini unutmayıb və Mərkəzi Komitəyə 1951-1953-cü illərdə dövlət təhlükəsizliyi naziri olan İqnatyevin fəaliyyətinin araşdırılması təklifini verib. Təklif qəbul olunub. Araşdırmalar nəticəsində “məlum” olub ki, Semyon İqnatyev bu vəzifədə olarkən kifayət qədər böyük səhvlərə yol verib, hətta onun dövləti böyük təhlükələr qarşısında qoyduğu kimi fikirlər də səsləndirilib. Mərkəzi Komitədə katib işləməyinin bir ayı tamam olmamış İqnatyev tutduğu bütün vəzifələrdən uzaqlaşdırılıb, Kommunist Partiyası sıralarından xaric edilib.
b8cb4c3aaf3d4bcf0e2e299589fee7c1.jpg (78 KB)
Sonralar memuarlarında yazdığı kimi, İqnatyev hər dəqiqə öz həbsini və güllələnməsini gözləyib. Amma onun bəxti bu dəfə də gətirib. Beriyanın həbsi və güllələnməsi İqnatyevi xilas edib. Kreml Beriyadan xilas olduqdan sonra İqnatyev partiya orqanlarına bərpa edilib.
Xruşovla münasibətləri normal olsa da, İqnatyevin Moskvada qalması yeni rəhbərlik tərəfindən məqbul sayılmayıb. İqnatyev əvvəlcə Başkir vilayət partiya komitəsinə, 1957-ci ildə isə Tatarstan Muxtar Respublikasına birinci katib göndərilib.

Tatarstanda İqnatyev birinci katib işlədiyi dövrdə muxtar respublika üçün çox işlər görüb. Məhz onun gərgin əməyi sayəsində bu respublikada bir sıra istehsal müəssisələri fəaliyyətə başlayıb. Onun ən böyük xidməti isə tatar dilini, tatar mədəniyyətinin inkişafı ilə bağlı olub. Bu, Kremldə çoxlarının xoşuna gəlməyib. 1960-cı ildə Kremldə ona “səhhəti ilə bağlı ərizə” yazmağı məsləhət görüblər. Əslində isə İqnatyev “milli məhdudiyyət” məsələsinə məhəl qoymadığına görə vəzifəsindən çıxarılıb.
ignatyev_sd.jpg (179 KB)
1960-cı ildə təqaüdə göndərilən İqnatyevə ömrünün sonuna qədər heç bir vəzifə təklif edilməyib. O, 1983-cü ildə, 79 yaşında vəfat edib. Semyon İqnatyev Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10