Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Həm siyasət, həm ticarət – SSRİ-nin boş anbarlarına dolduran sosialist bloku


SSRİ-nin sosialist blokuna daxil olan ölkələrin üzərindəki hegemonluğu artıq heç kim üçün sirr deyil. Moskva yürütdüyü siyasətlə uzun illər həmin ölkələri özündən asılı vəziyyətdə saxlamağı böyük ustalıqla bacarıb. Hətta istədiyi vaxt öz “qanun”larını bərqərar etmək bu ölkələrə qoşun yeritməkdən də çəkinməyib. Mütləq hakimiyyətindən istifadə edən Kreml sosialist ölkələrinin iqtisadiyyatından da səmərəli bəhrələnib. Belə ki, ölkənin ərzaq anbarları məhz həmin ölkələrin məhsulları hesabına dolub. Ticarət əlaqələri də SSRİ üçün sərfəli olan şərtlərlə həyata keçirilib.

1949-cu ildə SSRİ-nin təşəbbüsü ilə  İqtisadi Qarşılıqlı Yardım Şurası (SEV) yaradıldıqdan sonra sosialist ölkələri arasında ticarət əlaqələri daha da genişlənib və bu qurumun fəaliyyətdən əhalisinin çoxluğu ilə fərqlənən SSRİ daha çox bəhrələnib. 1940-cı illərin sonunda, müharibədən sonrakı dövrdə öz məhsullarına xarici bazarlarda çox da yer tapa bilməyən SSRİ, məhsullarını siyasi gücü sayəsində sosialist ölkələrinə ixrac edib, qarşılıqlı mübadilədə isə o, daha çox ehtiyac duyduğu ərzaq məhsulları alıb. Bu “ağıllı” sistem SSRİ-nin son illərinə qədər işləyib.

Sovet dövründə yaşayanlar yəqin ki, ərzaq mağazalarındakı məhsulları yaxşı xatırlayırlar.
Bolqarıstandan SSRİ-yə əsasən toyuq və konsevləşdirilmiş tərəvəzlər ixrac olunub. Həmçinin sovet vətəndaşları qiyməti münasib olan bolqar şərabından da narazılıq etməyiblər. SSRİ-nin 16-cı respublikası adlandırılan Bolqarıstanın tütün məmulatları isə uzun illər siqaret piştaxtalarından düşməyib. “Bolqartabak”ın “BT” “Rodopi”, “Opal”, “Veqa”, “Feniks”  və digər siqaretləri SSRİ-də satışına görə liderlik edib.

Macarıstan məhsulları da sovet vətəndaşları üçün ən münasib ərzaq məhsulu sayılıb. Xüsusilə “Qlobus” brendi altında ölkəyə daxil olan konservləşdirilmiş məhsullara daha çox tələbat olub. Yeni il ərəfəsində “Qlobus”un konsevləşdirilmiş yaşıl noxudu üçün  uzun-uzadı növbələr düzülüb. 1970-ci illərin əvvəllərində Macarıstanın SSRİ-yə ixrac etdiyi kolbasa məmulatları isə hər sovet vətəndaşı üçün əlçatmaz olmayıb. Bu məhsullar yalnız tanışıqlıqla satılıb. Yəni piştaxta altından və baha qiymətə.
Polşa SSRİ-ni əsasən dondurulmuş meyvə və tərəvəzlə təmin edib. Ölkənin şimal bölgələrində bu məhsullara daha çox tələbat duyulub.

1960-cı illərdə sovet ərzaq mağazalarında Yuqoslaviyanın “Podravka” şirkətinə məxsus “Veqeta” ədviyyatları ən çox tələbat olunan məhsullardan biri sayılıb. Ədviyyatlara tələbat o qədər böyük olub ki, SSRİ-nin işbazları gizli sexlərdə eyni adda ədviyyat hazırlayaraq bazarlara çıxarıblar. Yuqoslaviyanın meyvə cemləri isə piştaxtalardan saatlar ərzində yoxa çıxıb.
SSRİ-də alkoqollu içkilərin istehsalı böyük rəqəmlərlə əks olunsa da, ölkədə Rumıniyanın şərablarına tələbat həmişə yüksək olub. Xüsusilə tünd və aromatik vermut satışına görə Moskvanın və digər böyük şəhərlərin şərab mağazalarında yerli istehsallardan geri qalmayıb.
Çexoslovakiya SSRİ-yə ixrac etdiyi pivə isə qiymətindən asılı olmayaraq SSRİ-nin analoji məhsulundan həmişə fərqlənib.

İkinci dünya müharibəsindən sonra kapitalist ölkələrindən Finlandiya ilk olaraq SSRİ ilə ticarət əlaqələri yaradıb. Fin brendi olan məşhur “Viola” pendirləri, həmçinin Finlandiya kolbasaları sovet vətəndaşlarının sevimli məhsuluna çevrilərək onların  bayram süfrələrini bəzəyib.
Maraqlı məqamlardan biri odur ki, SSRİ-nin ərzaq məhsullarına tələbatı hər il artıb. Ölkə 1960-cı ildə xaricdən 335 min ton meyvə və tərəvəz aldığı halda, bu rəqəm 1970-ci ildə 679 min tona, 1980-ci ildə isə 995 min tona çatıb.

Ət və ət məhsullarında da bu rəqəm kəskin şəkildə artıb. SSRİ 1960-cı ildə xarici ölkələrdən 66 min ton ət məhsulu alıb. Bu rəqəm 1980-ci ildə 900 min tonu ötüb. O cümlədən digər ərzaq məhsullarında da bu artım müşahidə olunub.

İkinci Dünya müharibəsindən sonra güc dövlətinə çevrilən və planetin ən nəhəng ölkələrindən biri sayılan SSRİ-nin “çətinliyi” təkcə ərzaq məhsullarında olmayıb. Vətəndaşlarını təmin etmək üçün “nəhəng” ölkə həmişə xarici istehsalçılara ehtiyac duyub. Yəqin ki, bir iki ifadə ilə bunu çox sadə bir şəkildə anlamaq olar; Polşa kosmetikası, Çex xrustalı və Çex ayaqqabıları, Çin termosu və idman geyimləri, Almaniya köynəkləri və qalstukları, əsasən birinci katiblərin geyindikləri Fin “Tiklas” plaşları, Malta kostyumları, Yapon texnikası və s. Bu siyahını istənilən qədər uzatmaq olar.

Bəlkə SSRİ də bu gün adi sayılan bu məhsulları istehsal edə bilərdi, öz vətəndaşının gözünü xarici bazarlardan yayındırardı.  Amma yəqin zamanın tələbi başqa cür olub. Siyasət diktə edib ki, büdcənin əsas hissəsini hərbi texnikaya, silah-sursata, bir də Əfqanıstan, Vyetnam kimi poliqona çevrilən ölkələrə xərcləmək daha vacibdir.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10