Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şaduntsun gödək ömrü - Cəbrayılda doğuldu, İrəvana köçdü, Düşənbədə işlədi, Moskvada güllələndi


Onun qaranlıq və şübhəli əməlləri haqqında İosif Stalinə dəfələrlə məlumat verilsə də, sovet lideri Suren Şadunts haqqında heç bir sərt tədbir görməyib. Anastas Mikoyan Şaduntsu “əsl leninçi”, “sədaqətli stalinçi” kimi təqdim edərək uzun illər öz himayəsi altında saxlayıb və həm də onun yüksək vəzifələrə təyinat almasında böyük rol oynayıb.

Hətta Stalinin yaxın silahdaşlarından biri sayılan Serqo Orconikidze Şaduntsun ikibaşlı siyasi oyun apardığını Mərkəzi Komitənin iclasında bəyan edəndə belə, müşavirə iştirakçıları arasında erməni siyasətçini müdafiə edənlərin sayı daha çox olub...

Mikoyan, Stalin, Orconikidze
1898-ci ildə Cəbrayılda anadan olan Suren Şadunts Şuşa real məktəbində təhsil alıb. Qarabağda təhsil aldıqdan sonra o, İrəvana köçüb. Azərbaycanda və Ermənistanda inqilabi proseslərdə fəal iştirak edib. 1921-1923-cü illərdə İrəvan partiya komitəsində katib vəzifəsində işləyib. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar vilayəti yaradılanda Suren Şadunts Zaqafqaziya Diyar Bürosunun vilayətdə nümayəndəsi təyin olunub. Məhz bu ərəfədə o, Dağlıq Qarabağın Zaqafqaziya Diyar Bürosunun tabeliyinə verilməsi ilə bağlı təşəbbüs irəli sürüb, ermənilərə Azərbaycanın tabeliyində olan vilayətdə tətbiq olunan məhdudiyyətlər, yaşayış tərzlərinin son dərəcə acınacaqlı olması, azərbaycanlılar tərəfindən mənəvi və siyasi təyziqlərə məruz qalması haqqında Mərkəzi Komitəyə dəfələrlə müraciət ünvanlayıb.
Qarabağda fəaliyyəti siyasi konfliktlərlə müşayiət olunduğuna görə mərkəzin təşəbbüsü ilə Suren Şadunts partiya orqanlarından təsərrüfat işinə keçirilib. O, Ermənistanın Torpaq Nazirliyinin Su Təssərüfatı İdarəsinin rəisi, daha sonra Zaqafqaziya Su Təssərrüfatı Birliyinin baş direktoru vəzifəsinə təyinat alıb.

Suren Şadunts bütün əlaqələrindən istifadə edərək partiya orqanlarında vəzifə tutmağa cəhd edib və bu məsələdə ona Moskvadakı himayədarları öz köməkliklərini əsirgəməyiblər. 1928-ci ildə Şadunts Moskavaya dəvət alaraq Mərkəzi Komitə aparatında işə qəbul edilib.
1931-ci ildə Orta Asiyada pambıq tədarükündə gerilik yarananda bu məsələ ilə bağlı Stalinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə məsələni yerində araşdırmaq üçün xüsusi komissiya yaradılıb. Bir aydan sonra komissiya yol verilmiş nöqsanlarla bağlı Mərkəzi Komitəyə arayış təqdim edib. Son nəticə olaraq Orta Asiya Pambıq Birliyinə yeni sədrin təyin olunması vacib sayılıb. Stalin arayışın üstünə dərkənar qoyub: “Suren Şaduntsun Orta Asiya Pambıq Birliyinə sədr təyin olunmasını məqsədəuyğun sayıram”.
Beləliklə, 1931-ci ildə Suren Şadunts yeni vəzifəsinin icrasına başlayıb. Bir ildən sonra isə o, Kommunist Partiyası Mərkəzi Komitəsinin Orta Asiya Bürosuna katib vəzifəsinə təyin olunub.
Фото № 1.jpg (81 KB)
Hələ 1920-ci illərdə Trotski qruplaşması ilə əlaqələri olan Suren Şadunts ikibaşlı siyasət apararaq özünü hər iki tərəfdən sığortalamğı, lazımi məqamda daha güclü tərəfə keçməsi üçün böyük hiyləgərliklə tədbirlər görüb. Gələcəkdə Mərkəzi Komitədə yüksək ranqlı vəzifələrdən birini hədəf seçən Şadunts rəhbərliyi xəbərdar etmədən tez-tez Moskvaya gedib, danışıqlar aparıb. Erməni siyasətçinin bu cəhdləri boşa çıxmayıb. 1935-ci ildə ona daha böyük bir vəzifə, Tacikstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsi həvalə edilib. Mərkəzə doğru irəliləməkdə Şadunts bu vəzifəni uğurlu bir keçid kimi qiymətləndirib.
Tacikstanda işlədiyi illərdə Şadunts respublikanı öz “qanun”ları ilə idarə edib. Mövcud hakimiyyətə qarşı çıxanların fəaliyyətinə göz yuman birinci katib Trotski ideyalarının yenidən dirçəlməsinə şərait yaradıb. Ona qarşı çıxanlara isə vətən xaini damğası vurularaq sürgünə göndərilib. Şadunts respublikada arzuolunmaz saydığı şəxsləri heç kimlə hesablaşmadan güllələnməyə məhkum edib. Moskvaya göndərilən arayışlarda isə həmin şəxslər əks-inqilabi fəaliyyətdə suçlanıblar.
77930_original (1).jpg (50 KB)
İki il birinci katib işlədikdən sonra Şadunts Mikoyanın təşəbbüsü ilə Mərkəzi Komitə yanında Mərkəzi İnqilab Komissiyasında (sonralar Partiya Nəzarəti Komitəsi) maliyyə qrupunun rəhbəri vəzifəsinə gətirilib. Mövcud dövrdə bu vəzifə Mərkəzi Komitədə cox ciddi vəzifələrdən biri sayılıb. Məhz bu vəzifəni tutan şəxs ölkənin birinci şəxsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin hansı qurumlar tərəfindən necə sərf olunduğu, yeyinti və korrupsiya halları barədə məruzə edib. Yəni, bu vəzifəni tutan şəxslə birinci şəxsin arasında birbaşa təmas yaranıb. Sözsüz ki, bu da vəzifə karyerası üçün yeni imkanlar açıb. Elə Suren Şadunts da bunları nəzərə alaraq yeni vəzifəsində daha da fəallaşıb. Amma hər şey onun düşündüyü kimi olmayıb.
Tacikstandan Kremlə daxil olan çoxsaylı və imzalı məktublar, nəhayət ki, Stalini düşünməyə, Şaduntsun fəaliyyətini araşdırmağa məcbur edib. Sovet lideri öz xətti ilə məsələləri araşdırdıqdan sonra Mərkəzi Komitənin rəhbər partiya orqanları şöbəsinin müdiri Georgi Malenkova göstəriş verib: “Şaduntsun fəaliyyətinə son qoyun”.
5 mart 1937-ci ildə Mərkəzi Komitənin plenumunda Georgi Malenkov Suren Şaduntsun Tacikstanda birinci katib işlədiyi dövrdə fəaliyyətinin müzakirəsini gündəliyə çıxarıb və məsələ ilə bağlı ilk məruzəni də özü edib. Malenkov Şaduntsun Tacikstandakı fəaliyyətində nəinki səhvlər buraxdığını, hətta saysız-hesabsız cinayətlər törətdiyini bildirib.
1557069786.98ea914147ff5377ca896e8a13acd064.jpg (47 KB)
Elə həmin gün Suren Şadunts Moskvadakı mənzilində həbs edilib.

SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Suren Şaduntsu əksinqilabi fəaliyyətdə, terror təşkilatları ilə əlaqədə, vəzifədən sui istifadədə ittiham edib. 21 aprel 1938-ci ildə məhkəmənin hökmü ilə 40 yaşlı Suren Şadunts ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Hökm həmin gün icra olunub.

Maraqlıdır ki, S.Şaduntsdan öncə Tacikistan KP MK-nın 1-ci katibi olmuş azərbaycanlı Mirzə Davud Hüseynov da onunla eyni gündə güllələnib.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10