Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Karateyə “yox” deyən SSRİ – bu idman növü ilə məşğul olanları 5 il həbs gözləyib


70 il ərzində SSRİ-də mövcud idarəetmənin əsas mənəvi sütunu olan kommunist ideologiyasının bütün sahələrə ciddi müdaxiləsi olub. Mərkəzi Komitənin ideoloji aparatının varlığı və fəaliyyəti böyük nazirliklərdən tutmuş kiçik ucqar kənd məktəblərinə qədər hər yerdə hiss olunub. Xüsusilə, SSRİ-də uzun illər ideoloji sahəyə cavabdehlik daşıyan Mixail Suslov ölkəni idarə edənləri kommunist ideologiyasından tam asılı vəziyyətə salıb. Hər hansı bir məsələ ideoloji baxımdan məqsədəuyğun sayılmayıbsa, onun həlli mümkünsüz olub.

Məhz SSRİ-də ideoloji uyğunsuzluğa görə bir sıra sahələrdə, o cümlədən mədəniyyət, incəsənət, kitab nəşri və idman sahələrində də ciddi qadağalar tətbiq olunub. Hətta bu qadağaların bəzisi cinayət məcəlləsində də əksini tapıb.

Belə qadağalardan biri də idmanın karate növünə tətbiq edilib. Karate SSRİ-də 1960-cı illərin əvvəllərindən populyarlaşıb. Bu idman növü haqqında sovet vətəndaşlarında ilk anlayış filmlərdən və şərq ölkələrindən gəlib SSRİ-də təhsil alan gənclərdə yaranıb. Karateyə kütləvi maraq ölkənin ayrı-ayrı bölgələrində yeni karate dərnəklərinin yaranmasına səbəb olub. Artıq 1970-ci ilin əvvəllərində SSRİ-də 6 milyondan artıq gənc karate ilə məşğul olub. 1977-ci ildə Moskvada rəsmi olaraq ilk Mərkəzi Karate Məktəbi açılıb. Böyük müsabiqə və seçimdən sonra hər il bu məktəbə 200 nəfər qəbul edilib.
1978-ci ildə SSRİ-də karatenin inkişafı ilə bağlı yeni mərhələ başlanıb. Moskvada rəsmi səfərdə olan Ümumdünya Karate Təşkilatının baş katibi Eyiti Eriquti ölkədə karatenin inkişafı ilə maraqlanıb. Moskva Bədən Tərbiyəsi İnstitutunda Yaponiyadan gəlmiş karate ustaları bir neçə gün öz çıxışlarını nümayiş etdiriblər. Eyiti Eruqiti SSRİ-dəki karate məşqçilərinin təcrübəsini artırmaq üçün yapon peşəkarları ilə təcrübə mübadiləsi ilə bağlı ikitərəfli müqavilə imzalayıb.

Həmin ilin sonunda Moskvada 15 müttəfiq respublikadan gələn nümayəndə heyətlərinin iştirakı ilə təsis konfransı keçirilərək SSRİ Karate Federasiyası yaradılıb.
1981-ci ilin fevral ayında Daşkənddə ilk dəfə olaraq karate üzrə SSRİ çempionatı keçirilib. Bu turnirin keçirilməsi rəsmi dairələrdə birmənalı qarşılanmayıb. Mixail Suslov karateni kommunist ideologiyasına uyğun olmayan bir idman növü kimi qiymətləndirib. Sözsüz ki, Mərkəzi Komitənin ideologiya üzrə katibinin bu fikrindən sonra mərkəzi mətbuatda karatenin mənfi fəsadları haqqında yazılar dərc olunmağa başlayıb və nəhayət, məsələ rəsmi müstəvidə müzakirəyə çıxarılıb.

10 noyabr 1981-ci ildə “Karate təlimi qaydalarının pozulmasına görə inzibati məsuliyyət haqqında” fərman imzalanıb. Daha sonra SSRİ-nin cinayət məcəlləsinə yeni maddə  əlavə olunub. Maddədə “qanunsuz karate təlimi”nə görə 500 rubl cərimədən 5 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bununla yanaşı, SSRİ İdman Komitəsinin 404 nömrəli əmri ilə ölkənin bütün idman müəssisələrində karate məşqləri qadağan edilib.

Maraqlıdır, karate sovet rəhbərliyini nəyə və hansı səbəblərə görə narahat edib ki, hətta bu idman növü ilə bağlı cinayət məcəlləsinə maddə də əlavə olunub.

Araşdırmaçıların qənaətinə görə bunun birinci səbəbi 1980-ci illərin əvvəllərindən SSRİ-də kriminal  aləmin inkişafından irəli gəlib. Belə ki, kifayət qədər peşəkar karate ustalarının kriminal aləmə transferi müşahidə olunduğundan bu idman növünün inkişafına qadağa qoymaq zərurəti yaranıb.

İkinci səbəb yenə də 1980-ci illərin əvvəllərində SSRİ ərazisində gizli sexlərin fəaliyyəti ilə bağlı olub. Qeyri-qanuni istehsal və ticarətlə məşğul olanlara mühafizəçilər və rəqabətdə olduqları qruplarla mübarizə üçün peşəkar döyüşçülər tələb olunub. Bu halda onlar karate ilə məşğul olanlara daha çox üstünlük veriblər. Bununla da ölkədə yeni cinayətkar dəstələrin meydana gəlməsinə şərait yaranıb ki, rəsmilər bunun qarşısını almaq üçün karateyə “yox” deyiblər.

Karateyə qadağa qoyulmasının daha bir səbəbi digər idman növlərinin inkişafının axsamağa başlaması olub. Idmançıların karateyə marağı o qədər böyük olub ki, onların bəziləri illər boyu məşğul olduqları idman növündən imtina edərək karateni seçiblər.

Maraqlı faktlardan biri isə odur ki, SSRİ-də karate rəsmi şəkildə qadağan edilsə də, DTK-nın ali məktəbində əməkdaşlara karate dərsləri keçirilib.
Karate ilə məşğul olmağa, məşqlərin keçirilməsinə nə qədər qadağalar  qoyulsa da, SSRİ-nin ən böyük şəhərlərindən tutmuş, ən kiçik qəsəbələrinə qədər gizli olaraq məşqlər, hətta kiçik qeyri-rəsmi turnirlər də keçirilib. Amma cərimə olunanların, həbsə gedənlərin sayı da az olmayıb.

SSRİ-də karateyə qoyulmuş qadağalar yalnız 1989-cu ildə götürülüb. Bu dəfə də bu idman növünə olan maraq kütləvi hal alıb.

Sovet dövründə Azərbaycanda da karateyə böyük maraq göstərilib. 1980-ci ildə ilk dəfə olaraq Bakıda karate üzrə Azərbaycan çempionatı keçirilib. Qeyd edək ki, Tallində keçirilən karate üzrə SSRİ çempionatında 50 kq çəki kateqoriyasında həmyerlimiz Cahangir Şahmuradov SSRİ çempionu titulunu qazanıb.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10