Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əfqanıstanın arxasında yüz minlərlə insanın acı taleyi dayanan tarixi “termin”ləri – şuravi, düşmən, 200 nömrəli yük...


Sovet hərbi kontingentinin 10 il ərzində Əfqanıstanda olması, “beynəlmiləl borc” adı altında 10 il davam edən Əfqanıstan müharibəsi tarixə bir çox hadisələrlə həkk olunub. Bu hadisələr arasında siyasi manevrlər, çoxsaylı insan itkiləri, hesablanması mümkün olmayan vəsaitlər, iri miqyaslı hərbi əməliyyatlarla yanaşı bəzi “termin”lər də yer alıb. 10 il ərzində Əfqanıstanda olan 100 minlərlə istər mülki, istərsə də hərbiçi olan sovet vətəndaşlarının leksikonunda məşhurlaşan bu sözlər bu gün də onların yaddaşından silinməyib.

Söhbət hansı “termin”lərdən gedir?

Əfqanıstanda işləmiş və hərbçi kimi xidmət etmiş sovet vətəndaşlarının ilk gündən bu ölkədə əfqanlar tərəfindən eşitdikləri  söz “şuravi” olub. Bu, “şura” sözündən götürülüb, yəni sovetlər. Hələ 1920-ci illərdən əfqanlar SSRİ-ni “şuravilər hökuməti” adlandırıb. 1980-ci illərdə isə bu ifadə növbəti dəfə populyarlaşıb. Əfqan mücahidlərinin şuravilərlə bağlı şüarı da olub: “Marg bar shouravi” (tərcümədə “şuravilərə ölüm bəxş et” deməkdir). 1980-ci ilin əvvəllərində Əfqanıstanda şuravilərə kütləvi nifrət hissi olsa da, sonralar sıravi əfqanların onlara münasibəti dəyişib. Sovet hərbi kontingenti 1989-cu ildə Əfqanıstanı tərk edəndə “bizi tərk etməyin” deyən əfqanlar da az olmayıb.

Bu gün də Əfqanıstan veteranları bir çox tədbirlərdə özlərini şuravi kimi təqdim edirlər, bu adla qürur duyurlar və bu münasibətlə fikirlərini ümumi olaraq aşağıdakı kimi ifadə edirlər:

“Şuravilər Əfqanıstanda yol çəkdilər, məktəb və xəstəxanalar tikdilər, əfqanların haqqını yeyən düşmənlərlə döyüşdülər. Belə bir missiyanı həyata keçirmək şərəfli işdir...”

Əfqanıstan müharibəsi illərində məşhurlaşan digər “termin”lərdən biri “düşmən” sözü olub. Bu ifadə Əfqanıstan Demokratik Respublikasının ordusu tərəfindən mücahidlərin ünvanına deyilib. Çox tez bir zamanda sovet hərbi kontingentində də bu ifadə məşhurlaşıb. 40-cı orduda xidmət edən əsgər və zabitlər isə “düşmən”i bir az da qısaldaraq , “dux” kimi ifadə ediblər. Əfqan mücahidləri “düşmən” ifadəsini həzm edə bilməyiblər və onlar özlərini mücahid adlandırıblar.

1979-1989-cu illərdə Əfqanıstanda məşhurlaşan ifadələrdən biri də “müşavir” olub. SSRİ-dən Əfqanıstana göndərilən müşavirlərin sayı o qədər çox olub ki, bütün məsələlərdə bu şəxslərə  rast gəlmək mümkün olub. Müşavirlər Əfqanıstana hələ 1979-cu ilin yanvar ayından göndərilib. Həmin vaxt onların sayı 400-ə çatıb. 1980-ci ilin ortalarında isə Əfqanıstanda 4500-dən artıq müşavir fəaliyyət göstərib. Məsələn, 1980-ci ilin iyul ayında Əfqanıstan ordusunun bir piyada diviziyasında 60 sovet hərbçisi müşavir qismində xidmət edib. Hər diviziya, polk, batalyon, rota komandirinin, qərargah rəisinin öz müşaviri olub. Bununla yanaşı bütün dövlət qurumlarında, hüquq mühafizə  və xüsusi xidmət orqanlarında da çoxsaylı sovet müşavirləri fəaliyyət göstərib. Hətta aqrar, nəqliyyat, tikinti, təhsil sahələrinin də sovet müşavirləri olub. Müşavirlərə daha çox güzəşt və imtiyazlar verilib, onlar ikiqat əməkhaqqı alıblar, mənzil, istirahət, tibb, ərzaq təminatı dövlət hesabına ödənilib. Müşavirlərə hərbçilərdən fərqli olaraq öz ailə üzvlərini də Əfqanıstana aparmağa icazə verilib. Bir sözlə müşavirlər Əfqanıstanda ikinci SSRİ-ni yaratmaqla məşğul olublar. Yəqin elə buna görə də “müşavir” ən çox işlədilən sözlərdən biri olub.

Əfqanıstanda işləyən və xidmət edən sovet vətəndaşları arasında daha çox işlədilən sözlərdən biri də “dükan” olub. Bu ölkədə bütün satış məntəqələri məhz dükan adlanıb. Hərbçilər, o cümlədən mülki sovet vətəndaşları dükanlardan istədikləri ərzağı və əşyanı ala biliblər. Saqqızdan tutmuş, ərzaq məhsullarına, cins şalvara, videomaqnitofona qədər bu dükanlardan almaq mümkün olub. Dükanlar həm də təhlükəli yer sayılıb. 40-cı ordunun hərbi hissələrinin siyasi işlər üzrə komandir müavinləri (zampolit) əsgərlərə və zabitlərə dükanlara tez-tez getməyi qadağan ediblər. Məhz “düşmən”lər dükanlarda tez-tez sovet hərbçiləri üçün tələ qurublar.

Dükanların digər bir “funksiyası” da olub. Sovet xüsusi xidmət orqanlarının əməkdaşları bir çox sövdələşmələri məhz burada aparıblar. Dükan sahibləri daha çox informasiyaya malik olduqları üçün onlar pul qarşılığında DTK əməkdaşlarına informasiya ötürməkdən imtina etməyiblər.

Əfqanıstan müharibəsi illərində yadda qalan digər “termin”lərdən biri də “200 nömrəli yük” olub. Məhz Əfqanıstanda həlak olan sovet  döyüşçülərinin tabutu “200 nömrəli yük” adlandırılıb. Həlak olan döyüşçülərin meyitləri SSRİ-yə, doğulduqları yerə sinkdən hazırlanmış tabutlarda gətirilib. Sink tabut hər tərəfdən qaynaq edildikdən sonra taxta qutulara qoyulub.  Bu cür “yük”lərin çəkisi təxminən 200 kiloqram ağırlığında olub. Bu da bir faktdır ki, içərisi boş olan tabutlar da ailələrə təhvil verilib. Döyüş meydanlarında bəzi hallarda meyitlərin çıxarılması mümkün olmadığından və döyüşçünün ailə üzvlərini “narazı” salmamaq üçün sink tabutlara sadəcə uyğun çəkidə kütlə qoyularaq ailəyə verilib.

Göründüyü kimi, Əfqanıstan müharibəsinin 1979-1989-cu illərdə dillər əzbərinə çevirdiyi terminlərin hər birinin arxasında yüz minlərlə insanın acı taleyi dayanıb.
Maraqlıdır, görəsən Əfqanıstanda bu ağır durumundan sonra hansı “termin”lər meydana çıxacaq? Bunu zaman göstərəcək. Bizdən isə bu “bəxtsiz” ölkəyə sülh arzulamaq qalır.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10