Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qori seminraiyasının tatar şöbəsinə qəbul olunan ilk 3 azərbaycanlıdan biri- masallılı Teymur bəy Bayraməlibəyov


Teymur bəy Bayraməlibəyov kimdir?

T. Bayrəliboyov böyük maarifpərvər, pedaqoq, tarixçi-etnoqraf, folklorşünas, təbib, jurnalist kimi tarixdə iz buraxmışdır.

    Teymur bəy Məmmədbəy oğlu Bayraməlibəyov 22 avqust 1862-ci ildə Lənkəran qəzasının Yeddioymaq kəndində, indiki bölgüyə əsasən Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olmuşdur. İlk təhsilini Qızılağac, sonra isə Yeddioymaq kəndindəki molla məktəbində almışdır. Mollaxananı bitirdikdən sonra Lənkəran şəhərindəki 3-illik iki sinifli rus məktəbində oxumuşdur. 

Qori seminraiyasına  qəbul olunun ilk 3 azərbaycanlıdan biri

1875-ci ildə rus məktəbini müvəffəqiyyətlə bitirib Tiflis şəhərinə getmiş, orada 3 illik feldşerlik kursunu daxil olub,  1879-cu ildə tibb təhsilini başa vurduqdan sonra  Qori (Gürcüstanda şəhər) Müəllimlər Seminariyasının yenicə açılmış tatar şöbəsinə daxil olur. O, seminariyada təhsil alan ilk üç azərbaycanlı tələbədən biri idi.

    Teymur bəy Bayraməlibəyov 1881-ci ildə həmin seminariyanı bitirərək Lənkəran şəhər rus məktəbinə rus dili və hesab müəllimi (1881-1908) təyin olunur. 

Daha sonra  “Behcət” (1908-1909), “Ziya” (1909-1917) məktəblərində, Bakıda 67 saylı orta məktəbdə (1920-1929) rus dili müəllimi işləmiş, 1929-cu ildə, 67 yaşında   təqaüdə çıxmışdır.

Onun topladığı 23 əfsanə 

Teymur bəy Bayraməlibəyovun fəaliyyəti tək müəllimliklə yekunlaşmamış, eyni zamanda yuxarıda qeyd etdiyimiz kimi folklorşünas, etnoqraf- tarixçi, jurnalist kimi də ad qazanmışdır. O, Azərbaycanın ilk folklorşünaslarından biri kimi türk, talış, gürcü və İran əfsanə və nağıllarını toplamış və bu materialların müəyyən hissəsini rus dilinə tərcümə edərək mətbuatda dərc etmişdir. Heç də təsadüfi deyildir ki, professor A.V.Baqranın redaktəsi ilə 1930-cu ildə çap olunmuş “Azərbaycan folkloru” məcmuəsində Teymur bəy Bayraməlibəyovun topladığı 23 əfsanə də verilmişdir. 

 “Lənkəran keçmişdə” əsəri

 “Lənkəran keçmişdə” əsəri (əlyazma) Talışın etnoqrafiyasına dair ilk tədqiqat əsərlərindən sayılır. Əsərdə “Lənkəran adının yaranması haqqında”, 

Talışlar və onların əcdadları”, 

“Talışların dili”,

 “Talışların dini inamları”, 

“Talışların xarakteri”,  

“Talışda dindarlıq”, 

“Talış lətifələri”, 

“Talışların evlənməsi və valideyinləri ilə münasibətləri”, 

“Talış qızı – ana kimi” və digər fəsillər yer almışdır. 

    Əlyazma şəklində olan “Talış diyarı keçmişdə və indi”, “Talış xanlığının tarixi” (1885) əsərləri, “Bəlləbır qalası” və tarixi mövzuda yazdığı digər məqalələrlə Talışın salnaməsini ilk yazanlardan biri olmuşdur.

Teymur bəy Bayraməlibəyov bir jurnalist kimi

 Teymur bəy Bayraməlibəyov bir jurnalist kimi də tanınmış, “Kaspi” qəzetinin bölgə müxbiri olmuş, “Kaspi”, “Baku”, “Rıbnoye delo”, “Tiflisskiy listok” və “Sbornik dlya opisanii mestnosti plemen Kavkaza” jurnal və qəzetlərində rus dilində məqalələri dərc edilmişdir.

  Akadmik N.Y.Marr “Talışlar” kitabını (rusca, 1922), professor B.Miller isə “Talış mətnləri” toplusunu (rusca, 1930) yazarkən Teymur bəy Bayraməlibəyovun çap olunmuş məqalələrindən istifadə etmişlər.

  Teymurbəy Bayraməlibəyov həmçinin Lənkəran Şəhər Dumasının üzvü, Müsavat Partiyasının Lənkəran Təşkilatının sədri olmuş, Lənkəran qəzasında denikinçilərin həyata keçirtdikləri qırğın və talanlarına son qoymaq məqsədilə Bakıya, ingilis generalı Tomsonla görüşə göndərilən yerli nümayəndə heyətinə rəhbərlik etmişdir.

 1918-ci il dekabrın 28-də baş tutan görüşdə denikinçilərin qəzadan qovulması və qəzanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsini xahiş etmişdir.

9 övlad atası olan Teymurbəy kiminlə evlənmişdi?

Teymur bəy Bayraməlibəyov eyni zamanda böyük bir ailə başçısı olmuşdur. O, 1896-cı ildə Masallı əsilli olan Şirin xanım Abdulla bəy qızı Talışxanova ilə evlənmiş, doqquz övlad atası olmuşdur.

 Kürəkəni Qarabağın Tuğ kəndindən olan Cavad bəy Məlik-Yeganov (1918-1920-ci illərdə Lənkəran qəzasının general-qubernatoru olmuşdur) və qızı Məryəm xanım Bayraməlibəyovanın (Lənkəranda “Ünas” qız məktəbini açmışdır) represiyyaya uğraması xəbərindən həyəcanlanan Teymur bəy Bayraməlibəyov 1937-ci il sentyabrın 2-də qəflətən vəfat etmiş və Bakıda dəfn olunmuşdur.

 “Talış xanlığının tarixi” sənədli oçerklər kitabı

 Teymur bəy Bayraməlibəyov haqqında bir çox kitablarda məlumat verilmiş, ayrı-ayrı müəlliflər tərəfindən haqqında məqalələr yazılmış, “Talış xanlığının tarixi” əsəri (əlyazma) və “Bəlləbər qalası” məqaləsi “Lənkəran xanlığı Birinci Rusiya-İran müharibəsi dövründə” kitabına (İradə Məmmədova. B., 2007) daxil edilmiş, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın tərtibçiliyi altında AMEA-nın Əlyazmalar İnstitutu tərəfindən Teymur bəy Bayraməlibəyovun seçilmiş əsərləri çap olunmuş (rus dilində, B., 2012), Yədulla Ağazadə “Teymur bəy Bayraməlibəyovun folklorşünaslıq fəaliyyəti” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmiş (1997, hazırda filologiya elmləri doktoru, professordur) və haqqında “Qəhrəmanlığa bərabər ziyalılıq” (1999), “Teymur bəy Bayraməlibəyov və folklor” (2003) kitablarını yazmışdır.

 Teymur bəy Bayraməlibəyovun xatirəsi əbədiləşdirilmiş, Lənkəran və Masallı şəhərlərinin küçələrindən birinə, Lənkəran şəhər 2 saylı və Masallı rayonunun Birinci Yeddioymaq kənd tam orta məktəblərinə adı verilmişdir.

 İldırım Şükürzadə,

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi,Bələdiyyə və AJB-in üzvü. cenub.az

(Qeyd: Bu yaxınlarda Cənub Xəbər Tv-də Teymurbəy Bayrəməlibəyov haqqında olduqca maraqlı biri verilişilə, eləcə də onun “Talış xanlığının tarixi” sənədli oçerklər kitabından bu vaxta qədər eşitmədiyiniz maraqlı məlumatlarla tanış ola biləcəksiniz. )






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10