Qarlı fevral günündə axşam saatlarında Moskva metrosunun mərkəzdən uzaq “Aviamotornaya” stansiyasının qarşısında Moskva şəhər partiya komitəsinin birinci katibi Viktor Qrişinin, SSRİ daxili işlər nazirinin birinci müavini Yuri Çurbanovun, DTK sədrinin birinci müavini Georgi Tsinyevin görünməsi, metronun qarşısına milis və təcili tibbi yardım maşınlarının, yanğınsöndürən avtomobillərin toplaşması fövqəladə bir hadisənin baş vermsindən xəbər verirdi. Sovet ideologiyasının əsas şüarlarından biri olan “SSRİ-də terror yoxdur” ifadəsi sıravi vətəndaşların beyninə yeridilsə də, ətrafdan keçənlərin ağlına ilk gələn fikir terror hadisəsinin baş verməsi idi. Hər halda yüksəkçinli məmurların, həkim briqadalarının, milislərin, yanğınsöndürənlərin eyni vaxtda bir məkana toplaşması və üzlərində açıq-aşkar hiss olunan həyəcan yerli sakinlərə belə düşünməyə əsas verirdi...
Sovet dövründə nəqliyyatda təhlükəsizlik tədbirləri müvafiq qurumlar tərəfindən həmişə xüsusi nəzarətdə saxlanılıb. Bununla bağlı istənilən nəqliyyat müəssisəsində kifayət qədər sənədlər olub. Bəzən isə bu sənədlər heç bir tədbir həyata keçirilmədən formal olaraq qovluqlara yığılıb. 1982-ci ildə Moskva metrosunda baş verən hadisə də bir daha sübut edib ki, bəzi müəssisələr təhlükəsizlik tədbirlərini yalnız kağız üzərində həyata keçiriblər.
14 fevral 1982-ci ildə saat 17 radələrində “Aviamotornaya” metrostansiyasında baş verən qəza uzun illər ictimaiyyətdən gizli saxlanılıb, kütləvi informasiya vasitələri bu haqda susub, yalnız 1990-cı ildən sonra qəzanın təffərüatları haqqında mətbuatda geniş yazılar dərc olunub.
İş gününün sonunda, sərnişinlərin daha sıx olduğu bir vaxtda stansiyanın dispetçeri üçüncü ehtiyat eskalatorunu da işə salıb. Adətən ehtiyat eskalator səhər və axşam saatlarında işləyib ki, sıxlıq yaranmasın. Təxminən 17.10 radələrində eskalatorun sürəti artıb və o, çarxdan çıxıb. Təşvişə düşən sərnişinlərdən kimsə qaçmağa cəhd edib, kimsə sağ və sol tərəfdəki eskalatorlara tullanıb, kimlərsə isə eskalatorların arasındakı işıqların qoyulduğu panellərin (balyustrad) üstünə çıxıb. Sürətlə hərəkət edən eskalatordan xilas olmaq mümkün olmayıb. Sərnişinlər bir-birinin üstünə yıxılaraq eskalatorun aşağı hissəsində odun qalağını xatırladıb. Çarxdan çıxmış eskalatorun 53 metr dərinlikdəki alt hissəsinə də düşənlər olub.
Eskalatorun əyləc sistemi sıradan çıxdığından onu saxlamaq mümkün olmayıb. Yalnız 1 dəqiqə 50 saniyədən sonra stansiyada elektrik enerjisini dayandıraraq eskalatorun da hrəkəti dayandırılıb. Bu 110 saniyədə eskalator ət maşını kimi sərnişinləri bir-birlərinə qarışdırıb.
Hadisənin canlı şahidləri həmin dəhşətli anları belə xatırlayıblar:
Vladimir Qurkov: “Eskalatorun hərəkəti qəfil elə bir sürət aldı ki, uğultudan qulaq tutulurdu. Ən ağır çəkili adam belə bu surətdə müvazinətini saxlaya bilməzdi. Elə ilk saniyələrdə məndən bir-iki pillə yuxarıda dayanan 7-8 nəfər üstümə yıxıldı. Gözlərimi açanda artıq eskalatorun aşağı hissəsində idim. Ətrafımda onlarla yaralı adam var idi. İlk anlarda nələrin baş verdiyini anlamaq mümkün deyildi. Sərnişinlər sanki un kisəsi kimi bir-birlərinin üstünə yığılırdı. Eskalatorun alt hissəsinə düşənlərin isə səsi gəlmirdi...”
Lyudmila Barışkina: “Qatardan çıxıb eskalatora tərəf gedirdim. Eskalatora 5-6 addım qalmış sanki zəlzələ baş verdi. Eskalator elə sürətlə hərəkət edirdi ki, üstündə olan sərnişinlərin hamısı eyni anda, eyni saniyədə bir-birlərinin üstünə aşırdılar. Elə bir panika yaranmışdı ki, xilas olmaq üçün insanlar bir-birinin tapdalayıb qaçırdılar. Foyedəki sıxlıqda məni də yıxmışdılar. Sol qolumu və sol gözümü itirmək təhlükəsində idim. Uzun müalicələrdən sonra həkimlərin sayəsində əlilikdən xilas oldum...
Hadisə ilə bağlı mətbuat heç bir açıqlama vermətib. Yalnız “Veçernaya Moskva” qəzeti bir-iki cümləlik informasiya dərc edib:
“17 fevral 1982-ci ildə “Aviamotornaya” stansiyasında qəza baş verib. Qəza nəticəsində sərnişinlər arasında xəsarət alanlar var. Qəzanın səbəbləri araşdırılır”.
Hadisə ilə bağlı mətbuatın “susması” Kreml tərəfindən tapşırılıb. 23 gün əvvəl vəfat etmiş Mərkəzi Komitənin katibi Mixail Suslovun qoyduğu “ənənə” bu dəfə də mətbuata tətbiq edilib. Qəzet, radio və televiziya əməkdaşları hadisə yerinə buraxılmayıb.
Mətbuat “qadağası” Moskvada böyük şayiələrə səbəb olub. Hadisənin terror olduğu haqqında söz-söhbət yayılıb, ölənlərinin sayı isə fərqli rəqəmlərlə dillərdə gəzib.
1982-ci ilin noyabr ayında “Aviamotornaya” stansiyasında baş verən qəza ilə bağlı mətbuatda ikinci dəfə kiçik bir informasiya çap olunub. Həmin informasiyada Rusiya Ali Məhkəməsinin qərarı şərh edilib, bildirilib ki, qəza nəticəsində 30 nəfər yaralanıb, 8 nəfər həlak olub. 1993-cü ildə qəza ilə bağlı fərqli rəqəmlər açıqlanıb, 136 nəfərin yaralandığı, 39 nəfərin həlak olduğu qeyd olunub. Bunlarla yanaşı, digər rəqəmlər də göstərilib.
Qəzanın baş vermə səbəblərinə gəlincə, bununla bağlı heç bir geniş məlumat açıqlanmayıb. Yalnız bəzi mənbələrdə eskalatora vaxtında texniki baxış keçirilmədiyi, amma sənədlərdə eskalatorun saz vəziyyətdə olması göstərilib.
İlham Cəmiloğlu, Musavat.com