Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı və Lənkəran nümunəsində Mədəniyyət Nazirliyi sistemində milyonlar necə “yeyilib??”


Zakir Sultanov ayrılmış vəsaitlərin bir qisminin mənimsənildiyini etiraf edib və özünü qismən təqsirli bildiyini deyib

Milli İncəsənət Muzeyi, mədəniyyət evləri, musiqi məktəbləri və bu qəbildən olan başqa obyektlərin təmir-bərpasına dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitin bir qisminin (6 milyon manata yaxın) yeyildiyi rəsmən təsdiqlənib. Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində araşdırılmış cinayət işinin materiallarında da əksini tapıb. Söhbət Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovla bağlı cinayət işindən gedir.

Bu işə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Avqustun 13-də hakimlər qarşısında ifadə verən Zakir Sultanov özünü qismən təqsirli bildiyini deyib. O, ayrılmış vəsaitlərin bir qisminin mənimsənildiyini, bir sıra hallarda, təmir-bərpa işləri başa çatmamış, layihənin artıq icra olunduğu haqda həqiqətə uyğun olmayan akt hazırlandığını etiraf edib.

Dindirmə zamanı məlum olub ki, Masallıda Mədəniyyət Evinin təmiri üçün 2,4 milyon manat ayrılıb. Bunun 300 min manatını təmir-tikinti və bərpa işlərini həyata keçirən “Elmi-Bərpa İstehsalat” MMC-nin rəhbəri Mətləb Məmmədov çıxarıb, Zakir Sultanova verib. Amma Z.Sultanov deyir ki, 300 min manatın hamısı onun özünə qalmayıb: “Düzdür, o puldan müəyyən qədər mənə də çatıb. Amma hamısını cibimə qoyub xərcləməmişəm. İnşaatda görünməyən xərclər olur”.

Sual-cavabdan aydın olub ki, sabiq xidmət rəisi “görünməyən xərclər” deyəndə park salınması, abadlıq işləri kimi məsələləri nəzərdə tutur. 

Lənkəranda tarixi abidənin bərpasına ayrılmış 1,4 milyon manatın isə 200 min manatını Mətləb Məmmədov şirkətin hesabından çıxarıb, xidmət rəisinə çatdırıb. Zakir Sultanov bunu inkar etməyib.

Bakıda Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki musiqi məktəbi, Müslüm Maqomayev adına musiqi məktəbinin təmirinə ayrılan vəsaitin bir hissəsi də eyni qaydada Zakir Sultanova çatıb.

Bu haqda danışan sabiq xidmət rəhbəri dövlət orqanlarıyla aralarındakı qeyri-rəsmi razılaşmadan danışıb. O bildirib ki, belə layihələrə dövlət orqanlarından razılıq almaqdan ötrü “rüsum” ödəmək lazım idi. Bu səbəbdən də layihələrdə qiymətlər şişirdilirdi. Şişirtmələr sayəsində əldə olunan vəsait də layihəni qazanmaq üçün verilirdi. Amma Zakir Sultanov verilən həmin məbləği rüşvət adlandırmaq istəməyib: “Yox, rüşvət deyildi, rüsum idi…”

Dindirmə zamanı üzə çıxan başqa bir maraqlı məqam isə bu olub ki, təmir-bərpa işləri başa çatmadan layihənin icrası haqda akt hazırlanırmış. Məsələn, Maştağa qəsəbəsindəki Mədəniyyət Mərkəzinin abadlaşdırılması zamanı belə olub. Layihə başa çatmadığı halda, işin tam görüldüyü aktlaşdırılıb. Zakir Sultanov bunu belə izah edib: 

“İl başa çatana yaxın Maliyyə Nazirliyindən xəbərdarlıq gəldi ki, ayrılan vəsaitlərin, görülən işlərin hesabatı verilsin. Əgər həmin işin görülüb başa çatdırıldığını göstərməsəydik, növbəti ildə Maliyyə Nazirliyi pul ayırmayacaqdı. Ona görə belə eləməyə məcbur olduq”.

Milli İncəsənət Muzeyinin təmirinə ayrılan vəsaitin də bir hissəsinin mənimsənildiyi iddia olunur. Bu haqda danışan sabiq xidmət rəisi deyir ki, əksinə, özü bu muzeyə görə əlavə ziyana düşüb: 

“Bu, çox uzun məsələdir. Baş podratçı və subpodratçı şirkət arasında müqavilə oldu. Subpodatçı İtaliya şirkəti idi. İki ilə nəzərdə tutulan layihə dörd ilə qədər uzandı. Səbəb də devalvasiya idi. Həmin layihənin başa çatması vacib idi. İtalyan şirkətinə özüm nağd şəkildə 300 min vermişəm. Ümumi şəkildə 1 milyon manat əlavə pul xərcləmişəm. Bunu sübut etmək üçün şahidlərim də var”.

Yeyinti epizodlarından biri internet istifadəsinə görə 950 manat artıq xərc yazılmasıyla bağlıdır. Zakir Sultanov bu epizodu gülüşlə qarşılayır: 

“Müstəntiqə də dedim ki, bu boyda rəqəmlərin yanında bu 950 manat nədir yazmısız? Gülməlidir. Xidmətin saytının yığılması üçün vəsait ayrılmışdı, iş də görülürdü…”

Xatırladaq ki, Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramovla birlikdə saxlanıb. Bu ilin mayında sabiq nazir müavininin işi məhkəməyə göndəriləndə Zakir Sultanovun işi ayrılmışdı. Onların hər ikisinin işinə hazırda ayrı-ayrılıqda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Sabiq nazir müavini rüşvət almaqda ittiham olunur və prokuror ona 10 il həbs cəzası verilməsini təklif edib.

Zakir Sultanova isə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Sabiq xidmət rəisinin yaxınları istintaq dövründə dövlətə 4 milyon manat nağd pul ödəyib. Onun 600 min dollarlıq, 130 min, 10 min və 20 min manatlıq əmlaklarının üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Gülər





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10