
“Mənə ikinci dəfə iş seçimi imkanı verilsəydi, mən yenə də əsir düşərgəsində nəzarətçi işləyərdim. Adolf Hitler hakimiyyətinə, nasistlərə qarşı çıxan düşmənləri yenə də məhv edərdim. Böyük Almaniyaya xor baxanlar yalnız işgəncələrlə məhv edilməlidir və mən bu missiyanı böyük məmnunniyyətlə həyata keçirmişəm. Heç bir təəssüf və peşmançılıq hissi keçirmirəm. Mən fürerimə xidmət etmişəm və bundan qürur duyuram...”
Lexert Xildeqard 1920-ci ildə Berlində anadan olub. Orta təhsilini başa vurduqdan sonra dərzilik məktəbinə qəbul olunub. Bir neçə aydan sonra o, təhsilini yarımçıq qoyaraq fabrikdə işləməyə başlayıb. Burada da uzun müddət qərar tutmayan Lexert Xildeqard 1942-ci ildə nasistlərin Polşa ərazisindəki Maydanek əsir düşərgəsinə nəzarətçi vəzifəsinə qəbul olunub. İşə qəbul zamanı müsabiqədən uğurla keçən gənc qız yüksək rütbəli nasist zabitlərində “xoş” təəssürat yaradıb. Belə ki, onun kobud və sərt olması düşərgə rəhbərliyinin xoşuna gəlib.

O, əsirlərin ən adi etirazlarına olduqca sərt reaksiya verib. Eyni şəxs tərəfindən hər hansı bir etiraz ikinci dəfə təkrar olunduqda isə cəllad nəzarətçi həmin məhbusa xəndək qazdırıb, xəndəyin içində tonqal qalatdırıb və sonda həmin məhbusu diri-diri tonqalda yandırıb.
L.Xildeqard hər gün bir-iki saat məhbusları döymək “tədbir”i həyata keçirib. Xüsusi hazırlanmış dəmir dəyənəkdən istifadə edən cəllad döydüyü məhbusun qarın nayihəsi açılmayıncaya qədər sakitləşməyib.
Almaniyanın müharibədəki məğlubiyyətindən sonra ölkədən qaçmağa cəhd edən Lexert Avstriya ərazisində həbs olunub. 1947-ci ildə o, hərbi cinayətdə ittiham olunaraq Krakov məhkəməsinə verilib. Məhkəmə Lexert Xildeqardın bütün cinayət əməllərini sübuta yetirib və o, 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məhz bu ərəfədə Xildeqard ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən əməkdaşlığa cəlb olunub. O, bu təklifi böyük məmnunniyyətlə qəbul edib. Amma çox keçməmiş Lexert Xildeqard Berlində gecə klublarının birində sərxoş vəziyyətdə Mərkəzi Kəşfiyyat İdarəsinin təlimatını pozaraq artıq danışıqlara yol verib. Bu hadisədən sonra onun bu gizli fəaliyyətinə də son qoyulub.

Cəzasının səkkiz ilini çəkdikdən sonra şərti azadlığa buraxılan Lexert Xildeqard ayrı-ayrı müəssisələrdə xadimə və xidmətçi işləyib. Amma o, heç bir yerdə uzun müddət qərarlaşa bilməyib. Kobud davranışına, işinə məsuliyyətsiz yanaşdığına görə onu hər yerdən qovublar.

Ölümündən bir neçə il əvvəl jurnalistlərə müsahibə verən Xildeqard düşdüyü vəziyyəti belə izah edib:
“Biz fürer ölən gün səfil olduq. Yəqin ki, Hitler də gələcəkdə belə vəziyyətə düşəcəyini anlayaraq intihar edib. Gərək biz də vaxtında intihar yolunu seçəydik. Bu daha düzgün olardı. Həm də dünyada danılmaz bir həqiqət var, qan içində olan adam xoşbəxt ola bilməz. Mən öz sonumu bundan artıq təsəvvür etmirdim. Bu cür həyat mənim haqqımdır...”
İlham Cəmiloğlu, Musavat.com