Son illədə “patı” və ya “şüşə” adı ilə tanınan metamfetamin niyə bu qədər tez məşhurlaşdı? Bu sual cəmiyyətdə bir çoxlarını düşündürür.
Peşəkar kriminalistlərin və narkoloqların bir çoxu deyir ki, əvvəllər Azərbaycanda ən geniş yayılmış narkotik növü marixuana (nəşə) olub. İnsanlar da “nəşəxor” sözü ilə təkcə narkomanlara deyil, həm də narkotikin növünə işarə vurub. Amma indi, yəni son bir-iki ildə istər saytların xəbər lentində, istərsə də sosial şəbəkədə başlıca mövzu “patı”dır. Narkotik maddənin satışı ilə məşğul olanlar və onun istifadəçiləri durmadan artır. Bu zaman ortaya təbii bir sual çıxır: 100 illik tarixə malik metamfetamin niyə məhz indi, daha doğrusu, 21-ci əsrdə məşhurlaşdı.
“Patı” yapon icadıdır. 1887-ci ildə amfetaminin sintezlənməsindən qısa müddət sonra, metafemtamini ilk dəfə 1893-cü ildə kimyagər Naqai Naqayoşi efedrin maddəsindən sintezləyib. "Metamfetamin" termini bu yeni qarışığın kimyəvi quruluşundan törəyib: methyl alpha-methylphenylethylamine.
Kristallaşdırılmış metafemtamini 1919-cu ildə əczaçı Akira Oqata efedrinin redoks üsuluyla qırmızı fosfor və yod istifadə etməklə sintezləyib.
Metamfetamin – narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddədir. Bir çox narkotik maddələr kimi, 6-24 saat davam edən güclü eyforiya asılılığı yaratma qabiliyyətinə malikdir. Maddə qəbul edildiyi zaman təzyiq və bədən istiliyi yüksəlir, göz bəbəkləri genişlənir, ishal, ürəkbulantısı, qusma müşahidə edilir. Beynin funksiyaları pozulur, hətta depressiyaya gətirib çıxarır. İstifadəçilərdə qalıcı anedoniya meydana gəlir.
“Şüşə” tanınan digər narkotik maddələrdən, o cümlədən heroindən daha çox asılılıq yaradır. Davamlı istifadəçilərində "met ağzı" deyilən diş çürükləri müşahidə edilir, immun sistemi zəifləyir. Bu şəxslərdə stafilokok infeksiyalarına tez-tez rast gəlinir. Çəki itkisi və qısamüddətli libido artımına, bundan əlavə erektil disfunksiyaya səbəb olur. Qüvvətli sistemik reaksiya ilə hətta ölüm baş verə bilər.
Bəs, insanlar nəyə könüllü şəkildə özlərini ölümün ağuşuna atır?
Son aylar ərzində “patı”nın bu qədər məşhurlaşmasının səbəbi nədir?
Terapevt Rasif Bağırov mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, “patı” narkotik aludəçiliyi olan xəstələrin müalicəsində dozalarla istifadə olunur. “Metanfetamin son zamanlar məşhurlaşmasının səbəbi yəqin ki, qiymətinin ucuz olmasıdır. Digər narkotiklər baha olduğu üçün tam narkotik effekti almaq naminə “patı”dan istifadə edirlər. Bu, narkotikin maddəni məşhurlşdırırlar və qiymətini qaldırır”.
Həkimin sözlərinə görə, “patı”danda istifadə zamanı bədəndə xüsusi reseptorlar yaranır. “Həmin reseptorlar müəyyən vaxtlarda narkomanlardan maddə qəbulu tələb edir. Narkotikin dozasından azca artıq istifadə asılılıq yaranır. Bütün problemlər məhz həmin asılılıqdan başlayır. O, orqanzmdə çox ciddi pozğunluq yaradır və mərkəzi sinir sisteminə təsir göstərir”.
Hüquqşünas Əsabəli Mustafayev də “patı”nın bu qədər məşhurlaşmasının səbəbini əlçatımlılıqla bağlayır. “Yəni qiyməti həddindən artıq ucuzdur. Sadəcə 1 manat civarındadır. Azərbaycanda bu qədər ucuz narkotik maddə heç vaxt olmayıb. Bu ucuzluq müəyyən şübhələr yaradır. Yəni bəlkə də “patı” Azərbaycanda istehsal olunur. Çünki bu qədər ucuz narkotiki kənardan gətirmək mümkün deyil. Bir məsələ də var ki, bu günə qədər “patı” istehsalı məkanları müyyən olunmayıb, bu qara biznesə rəhbərlik edənlər saxlanılmayıb. Güman edirəm ki,bu məsələdə mövzuda müvafiq hüquq-mühafizə orqanlarının qeyri-peşəkarlığı var”.
Əsabəli Mustafayev hüquq-mühafizə orqanları bu məsələ üzərində çox ciddi düşünməsi və işləməsinin vacibliyinə israr edib.