Təzəkəndin Lənkəran qəzasından, malakanlardan, şahsevənlərdən keçən “ömür yolu”
Sovet dövrünə qədər indiki Təzəkənd ərazi dairəsində yaşayış olmayıb. Bu torpaqlar əvvəllər Lənkəran xanlığına, Çar Rusiyası vaxtı isə Lənkəran qəzasına aid olub.
Sovet hakimiyyəti dövrünün ilkin dövrlərində bu ərazi Lənkəran qəzasının Qumbaşı kəndində yaşayan Malakanlara balıq ovlamaq məqsədilə icarəyə verilmişdir.
Sonralar Şahsevənlər adlı köçəri tayfalarının bir hissəsi İranın (Cənubi Azərbaycanın) Ərdəbil vilayətindən Lerik rayonuna köçüb gəlmişlər. Bu tayfaların bir hissəsi seyid nəslinin nümayəndələrindən ibarət olub. Bunlar gələrkən özləri ilə çoxlu mal-qara və qoyun sürüləri gətiriblər. Ona görə onlara heyvanları saxlamaq üçün yaylaq-qışlaq şəraiti lazım olur və qışlaq yeri axtarışına çıxırlar.
İndiki Təzəkənd ərazisinin balıq və quş ovu ilə yanaşımaldarlığın inkişafına çox yararlı olduğunu görən tayfa başçısı Mir Hüseyn kişi o vax Lənkəran Qəza Komitəsinin məsul işçisi və əslən Lerikin Çayrud kəndindən olan Şirəli Axundovla görüşür və torpaqların alınıb bunlara verilməsinə yardım etməsini xahiş edir. Bu məqsədlə malakanlarla sövdələşmə başlayır və müəyyən miqdarda qızıl pula torpağı almağa müyəssər olurlar. Mir Hüseyn kişi bu məqsədlə tayfa ağsaqqallarıni yığır və təyin olunmuş qızıl pulu toplayır. Torpağın alınmasına cəmi 12 nəfər pul vəsaiti verir.
Kəndin torpağının alınması üçün edilən bu danışıqlar 1924-cü ilə təsadüf edir.
Yaşayış məntəqəsinə kənd statusunun verilməsi.
Kənd statusunun verilməsi üçün yaşayış məntəqəsində 32 ailə yaşamalı idi. Kənd ağsaqqallarından Mir Hüseyn kişi, İbrahim kişi, Mir Əyyub kişi və digərlərinin gərgin zəhməti sayəsində Lerikin Çayrud kəndindən və ətraf ərazilərdəki Yeddioymaq, Həsənli, Şıxlar kəndlərindən bir neçə ailənin burada 3 ay müddətinə müvəqqəti yaşayışa razılıq vermələrinə nail olurlar. Beləliklə, Qəza Komitəsindən əraziyə baxış keçirilməsi üçün komissiya gəlir və bu ərazinin kənd statusu təsdiq olunur. İlk əvvəl kəndə Babakosa adı (Baba yurdu deməkdir) verilir.
Ərazidə daimi yaşayış
Ərazidə daimi yaşayış 1925-ci ildən olsa da, statusun verilməsi 1928-ci ildə baş verir. Kəndə elə bu vaxtdan - 1928-ci ildən Lerik rayonunun Çayrud kəndindən Mirhüseyn kişi ( ləqəbi Cahil ) öz yaxın qohumları ilə birlikdə burada daimi yaşamağa qərar verirlər. 1931-ci ildə bu yaşayış məntəqəsinin adı dəyişdirilərək Təzəkənd adlandırılıb.
Təzəkənd “kulak”larını Şirəli Axundov repressiyadan qurtarır
Geniş ərazidə ucsuz-bucaqsız otlaq sahələri heyvandarlıq üçün çox əlverişli idi və az bir zamanda kənd adamlarının mal-qara və qoyun sürüləri həddən artıq çoxalır. Sovet vaxtı fərdi təsərrüfatların belə inkişafı hakimiyyət tərəfindən qəbul edilmirdi. Ona görə teliklə bu insanlar da hakimiyyət orqanlarının diqqətini cəlb elədi və bunların “kulak” kimi repressiyaya məruz qalmaları , sürgün edilməsi təhlükəsi yarandı.
Kənd ağsaqqalı Mir Hüseyn kişi məsələni belə görəndə yenidən Şirəli Axundova mütaciət etməli olur. Yaxın dost və qohum olduqları üçün Şirəli Axundov məsələyə qarışır. Onun təklifi ilə camaat yeni yaranan kolxoz quruculuğuna qoşulur və bütün mal-qarlarını kolxoza verib canlarını sürgündən qurtarırlar. Bu hadisə 1930-cu illərin əvvəllərində baş verir.
Bu kənd haqqında daha ətraflı, yəni kəndin bu günü, tanınmışları, tikililəri və sair haqqında məlumatı yaxın günlərdə “Masallı esiklopediyası” layihəsi çərçivəsində, “Təzəkəndə İnzibati Ərazi Dairəsi” yazısında ətraflı məlumat ala bilərsiniz.
Cenub.az