Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Redaksiyanın rəhbəri göndərilən bütün hədiyyələri qapıdan geri qaytardı”


  “Redaksiyanın rəhbəri göndərilən bütün hədiyyələri qapıdan geri qaytardı”

Nurlan Ağa: “Jurnalistlərimizin hədiyyələrini paylaşmaq həvəsini etnopsixologiya baxımından anlaya bilirəm, lakin qəbul etmirəm”
 
Bu gün Azərbaycan mətbuatı 146-cı yaşını qeyd edir. Həsən bəy Zərdabi məhz bu tarixdə xalqın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamış “Əkinçi” qəzetinin çapına nail olub. Beləliklə, 22 iyul 1875-c ildə Azərbaycanda milli mətbuatının əsası qoyulub.
 
AYNA Milli Mətbuat və Jurnalistika Günündə Türkiyə Atatürk Universiteti Jurnalistika kafedrasının doktorantı Nurlan Ağa (Salamov) ilə həmsöhbət olub. Müsahibimizlə mətbuatımızın bugünkü günündən danışmış, bir qədər keçmişə, bir qədər də gələcəyə boylanmağa, ümid işığını görməyə çalışmışıq.
 
- Nurlan bəy, jurnalistikamızın bugünkü vəziyyətini bu sahəni öyrənməkdə olan bir gənc olaraq necə dəyərləndirirsiniz?
 
- Əvvəla, Milli Mətbuat və Jurnalistika Günü münasibətilə sizi təbrik edirəm, Azərbaycan jurnalistikası tarixinə düşən adlardan olasınız. Bu gün Azərbaycan jurnalistikası yerləşdiyi mühitə görə özünü nisbətən yaxşı saxlaya bilir. Əli bəy Hüseynzadə deyirdi ki, “bizə fədai lazımdır”. Bu gün də deyə bilərik ki, Azərbaycan jurnalistikasını ən peşəkar standartlara yüksəldən jurnalistlər çıxmalıdırlar, fədailər gərəkdir, lakin konyunktura görə bu alınmır. Azərbaycanda hər peşə sahəsində olduğu kimi jurnalistikadakılar da pul qazanmaq üçün işləyirlər, bir növ buna məcburdurlar. Yəni iş elə bir şeydir ki, nə qədər fərqli motivasiya olsa da, əsas məqsəd özünü və yaxınlarını yaşada bilməkdir.
 
“Yaşamın anlamı nədir” sualına iki cür cavab verən toplum var: 1) Əsasən Qərb və ya inkişaf etmiş ölkələrdəki toplumlar üçün yaşamın anlamı yaxşı yaşamaqdır; 2) Şərq və müsəlman toplumu üçün isə yaşamın məqsədi yalnızca yaşamaqdır, yəni təməl ehtiyaclarını qarşılamaq onun yaşamının tək məqsədidir. Platona görə, insanın yaşam üçün bir neçə qrup ehtiyacları var. Bunu daha sonra İslam dünyasında Antik Yunan – Aristotel fəlsəfəsinin, demək olar ki, son təmsilçisi (bu sıranın sonuncu adına müəyyən mənada İbn Haldunu da əlavə edə bilərik), “böyük şərhçi” (“grande commentator”) titullu İbn Rüşd (Averroes) də gözəl şərh edir. Zəruri (yaşamaq), haci (yaxşı yaşamaq), təhsini (daha yaxşı yaşamaq) kateqoriyaları arasında zərurini ehtiyac yox, tələbat kimi görə bilərik. Onlar isə bəslənmək, barınmaq və bürünməkdir. Yəni həyatda qalmaq üçün yeyib-içmək, başının üstündə dam olan yerdə qalmaq və geyinmək zəruri, qalanları isə imkana görədir.
 
Bu gün Azərbaycan jurnalistlərinin əksəriyyəti məhz bəslənmə, barınma və bürünməsini təmin etmək üçün işləyir. Barınma məsələsi də jurnalistlər binası şəklində ayrıca bir problemdir, bunun haqqında ayrıca danışarıq. Yəni ümumi olaraq götürdüyümüzdə bizim fədaiyə ehtiyacımız bir az müşkül məsələdir, çünki fədaidən də hara qədər fəda etməsini tələb etmək olar axı?.. Bir də nə qədər fədaiyə ehtiyacımız var? Bir ordu... Mən bu məsələdə Əli bəy kimi ümidli deyiləm, təəssüf ki.
 
- Yəqin ki, aktiv jurnalistika fəaliyyəti ilə məşğul olan həmyaşıdlarınızı müşahidə edir, fəaliyyətlərini izləyirsiniz. Gənclər arasında vəziyyət necədir?
 
- Bir Jurnalistika fakültəsi məzunu və hazırda da bu sahənin doktoranturasını yerinə yetirən biri kimi, dostlarımı, keçmiş qrup yoldaşlarımı, ümumiyyətlə, gəncliyi bu sahədə görmək məni sevindirir. Onların həyəcanı, sevinci, əzmkarlığı, yorulmazlığını hiss edirəm, yaşaya bilirəm, paylaşdıqlarından aydın edə bilirəm. Mənim bakalavriaturadakı, demək olar ki, bütün qrup yoldaşlarım hazırda media qurumlarında çalışırlar, bəlkə də bizim qrup ən çox praktik jurnalist verən qruplardan biridir. Bizdən yuxarı, bizdən aşağı kurslarda da bu həvəsi görmək məni sevindirir. Hara baxıramsa, hara gedirəmsə, qarşıma fakültə yoldaşlarım çıxır. Bu, çox sevindiricidir. Deməli, fədailərimiz var, fərqli formada və fərqli əzmdə olsalar da, var...
 
Lakin o gənclərin dəyərinin lazımınca verilməsini də arzulayıram. Bir tələbənin altı ay – bir il praktikant olmadan yaxşı maaş almağını, əlaqələrinin gücləndirilməsi üçün şərait yaradılmasını, hər şeydən öncə öz potensialını kəşf etməsi, ondan istifadə etməsi üçün mühitin formalaşdırılması ən böyük təmənnimdir. Bu sahədən bezmədən, iyrənib tərk etmədən, üst-üstə haqsızlıqlar yaşayıb “tükənmişlik sindromu”na girmədən dəyərlərinin bilinməsini arzulayıram.
 
- Bugünkü imkanlar daxilində mətbuata gəlmək, “jurnalistəm” demək, sizcə, nə dərəcədə əlçatan və ya çətindir?
 
- Bu gün jurnalist olmaqdan asan bir şey yoxdur. Bu, təkcə Azərbaycan reallığı deyil, yəni hər yerdə belədir. Çünki heç bir sahədə sərhədlər qalmayıb, aşınıb, dağılıb. Bu, müsbət hal deyil. Hər şey “axışqanlaşıb”. Karl Marks və Fridrix Engelsin “Kommunist Manifest”ində yazılmış “bərk halda olan hər şey buxarlaşmağa məhkumdur” ifadəsi yerinə “bərk halda olan hər şey “axışqanlaşmağa” məhkumdur” baxışı formalaşıb. Yəni kim haradadır, nə necə həyata keçirilir, bir sözlə həyatın düzənini tutmaq, bunu bilmək çətindir. Ağıllı telefona sahib olmaq artıq media fəaliyyətinə yol açıb.
 
Frankfurt tənqidi nəzəriyyə məktəbinin parlaq nümayəndələrindən Volter Benyamin buna “auranın – özəl atmosferin itirilməsi” deyirdi. Onun “Texnikanın imkanları ilə təkrar istehsalın mövcud olduğu çağda sənət əsəri” adlı və mənim çox sevdiyim məqaləsində (məqalə Azərbaycan türkcəsinə, bildiyim qədərilə, tərcümə edilməyib, amma Türkiyə türkcəsindən oxumaq olar. Bax: “Tekniğin Olanakarıyla Yeniden Üretilebildiği Çağda Sanat Yapıtı”) bundan bəhs edilir. Auranın itirilməsini, əsasən rəsmdən fotoya, teatrdan kinoya keçməklə izah etsə də, bir yerdə jurnalistikaya da istinad edir: oxucu məktublarının mətbuatda yayımlanmasını oxucuların da qəzet yazarına çevrilmələrinin təməlinin atılması kimi görür. Bu gün istehsalçı ilə istehlakçı arasındakı sərhəd itib. Yazan həm də oxuyandır, oxuyan da yazan. Amma necə yazmaq? Necə oxumaq?.. Sərhədlərin itməyi, hər şeyin qarışmağı, bir sözlə, qloballaşma, “portağalın dilimlərinin qabığının içində yox, çölündə durmağı” bəzən heç də yaxşı hal deyil.
 
- Az qala, istəyən hər kəsin tez bir zamada sosial mediada parlamaq, tanınmaq imkanının olması, informasiya axınına təsir gücü jurnalistikada peşəkarlığa necə təsir edir?
 
- Bu, bir qaydadır ki, kəmiyyət çoxaldıqca keyfiyyət dəyişir. Bu sual haqqında demək olar ki, yuxarıda danışdıq, amma sırf buna görə bir cümlə bildirmək istəyirəm: Xərçəng xəstəliyi sağlam hüceyrələrin durmadan bölünməsindən yaranır. Ümid edirəm, durumu anladınız.
 
- Jurnalistlər arasında müxtəlif qurumlarla əməkdaşlıq edənlər çoxdur. Bu, bayram günlərində nümayiş etdirdikləri hədiyyələrdən də bəlli olur. Buna münasibətiniz necədir?
 
- Psixologiyanın müasir sahələrindən biri də etnopsixologiyadır. Hətta bu sahə xüsusi elm kimi müasirdir deyə bilərik, lakin əsrlər öncə təməlləri atılmışdı. Böyük alim İbn Sina ritorika ilə bağlı mətnlərində “Ərəb və Əcəm psixologiyası” ifadələrini işlədir, yəni millətlərə görə psixologiyaların fərqini təyin edir. Ondan da əsrlər öncə Aristotel xitabət dinləyicilərinin üç növünü ayırır: 1) aydınlar-filosoflar (burada “bilgə” ad çəkmir, fəqət anlamaq olur ki, afinalıları nəzərdə tutur); 2) vəhşi-barbarlar (iskitlər); 3) doqmatik oliqarxlar (spartalılar). Azərbaycan insanının da genində, çox təəssüf ki, hədiyyə almaq, “şirinlik” qəbul etmək, rüşvətlə işləmək var. Böyük Mirzə Fətəlinin “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli şah”ında da belə bir hissə yer alır: bəzi xalqların açıq, bəzilərinin aşkar rüşvət almağı. Bunun dəyişməsi üçün təfəkkür dəyişməlidir. Bu, artıq bir madiyyat məsələsi olmaqdan çıxıb.
 
Ölkədə yaxşı maaş alan təbəqə də var, lakin nədənsə elə ac insanlar da onlar olurlar. Çünki bu insan 5.000 manat maaş alsa da, düşünür ki, 5 manat da “çak-çukum” olsaydı, yaxşı olardı. Ona görə də jurnalistlərimizin “hədiyyələrini” paylaşmaq həvəsini etnopsixologiya baxımından anlaya bilirəm, qəbul etmirəm, lakin anlayıram. Bir də hədiyyə aldığımız mühitə baxmaq lazımdır. Biz kimdən və nə məqsədlə hədiyyə alırıq və ya daha da önəmlisi: kim bizə nə məqsədlə hədiyyə verir? Bununla bağlı sizinlə bir xatirəmi bölüşmək istəyirəm, bu xatirə mənim üçün ömürlük bir dərsdir:
 
Jurnalistikada ilk təhsil ilim idi, hələ I kurs idim və ilk praktik jurnalistlik fəaliyyətimi yerinə yetirirdim, mənim üçün bir məktəb olan “Gənclərin səsi” radiosunda təcrübə keçirdim. Qurumun rəhbəri Azər Nəzərov 22 iyul 2014-cü ildə Milli Mətbuat və Jurnalistika Günü səhərdən axşamacan redaksiyaya göndərilən bütün hədiyyələri qapıdan qaytarmışdı. Hətta tək-tək göndərilənlər də yox ha, birbaşa redaksiyaya gələnləri belə, qəbul etməmişdi. Ölkəmizdəki tanınmış restoranlardan biri tort gətirdi, Azər bəy onu da geri qaytardı, amma çatdıran gənc dedi ki, “tortun üstünə redaksiyanızın adı yazılıb, yəni biz bu tortu başqa harasa verə bilmərik, xahiş edirik, qəbul edin”. Azər Nəzərov cavab verdi ki, “başqa yerə apara bilmirsinizsə, özünüz kəsib yeyin, nuş olsun”. Qəbul etmədi. Qapını örtdükdən sonra biz təcrübəçiləri toplayıb dedi ki, “səhərdən bəri geri qaytardığım hədiyyələrin səbəbini elə son hədiyyə ilə izah edəcəyəm: hazırda həmin restoran Nizami küçəsindəki (Torqovaya) filialında təmir işləri aparır və bu məqsədlə də bütün yolu bağlayıb, mən sabah həmin məsələ ilə bağlı reportaj hazırlamağa müxbir göndərəcəyəm, bu gün o tortu qəbul etsəydim, sabah bəlkə də o restoran bizim üzümüzə deməsə də, içindən deyəcəkdi ki, burnunuzdan gəlsin dünən sizə göndərdiyim o tort...”
 
- Yeri gəlmişkən, son günlərdə də müzakirə olunan jurnalistlərə ev verilməsi məsələsindən danışmağımızı istərdim. Bilirik ki, dünya təcrübəsində də dövlətin müəyyən məqamlarda mətbuata dəstək üçün güzəştlər etməsi var. Bizdə isə bir qədər fərqlidir. Jurnalistlərin sosial durumunun yaxşılaşdırılması  üçün dövlət tərəfindən mənzil verilir. Müşahidə etdiyim qədəri ilə mətbuatımızda jurnalistlərin buna münasibəti birmənalı deyil. Kimi bunu normal qəbul edərkən, kimi də qəbuledilməz hesab edir. Sizin mövqeyiniz necədir?
 
- Elə bu da o tort məsələsindəndir, amma ondan daha ağır, daha basqıcı, daha güclü bir “tort”. Bəli, dünya praktikasında jurnalistikaya dövlət yardımı sırf jurnalistikanın mühitinə, inkişafına yönəldilib. Jurnalistə ev vermək yerinə jurnalistin özünə normal yaşam qurmaq şansı daha böyük güzəşt sayılır. Bununla yanaşı, dünyada xidməti mənzil anlayışı da var. Müəllimlər, hərbçilər və digərləri üçün xüsusi şəhərciklər salınır, evlər verilir. Lakin xidməti mənzil anlayışı bizdə o qədər inkişaf etməyib ki, o, yalnızca xidmət üçün verilsin. Ya da xidmət üçün verilir, amma başqa xidmət, tam başqa bir xidmət...
 
Bu evlərin paylaşdırılması nə qədər ədalətlidir? Öz sözünü heç yerdə əsirgəməyən, amma süni olaraq, öyrədilmiş, “sözdə” obyektiv şəkildə yox, tam səmimi formada ifadə edən neçə nəfərin orada evi var və ya ümumiyyətlə varmı? Jurnalistlərə xidməti mənzil verilməsi gözəl bir şeydir, lakin Azərbaycanda yox, bəlkə Norveçdə olsaydı, hə. Azərbaycan jurnalistlərinin öz evini qurub, onun içində hüzurla yaşayacaq jurnalistika mühitinə daha çox ehtiyacı var.
 
- Son olaraq, müşahidələriniz nə deyir, sizcə, jurnalistikamızda nəsillər arasındakı mübarizədə kim kimə tabe olur: Gənclər orta yaşlı nəsilə, yoxsa orta yaşlı nəsil gənclərə?
 
- Təcrübəli təcrübəsizə, istedadlı istedadsıza, bilikli biliksizə tabe olur. Baş əyən çox vaxt bilgənin özü olur. Artıq Xaqaninin
 
O insan ki, dözüb dərdə,
Baş əyməz mərdə, namərdə
Onu diz çökdürə bilməz
Tutan dörd əlli dünyanı
 
sətirləri öz qüvvəsini itirib. Bir daha deyirəm ki, bu hal indiki anda təkcə Azərbaycan üçün yox, “həqiqət sonrası” (post-truth) dönəminin dünyası üçün keçərlidir, sadəcə biz bu termini praktik olaraq daha öncədən mənimsəmiş durumdayıq. Düzdür, çox ümidli deyiləm, dünyanın hara getdiyi artıq bəllidir, problemləri göstərmək, təyin etmək, onların haqqında danışmaqla onları həll etmək çətindir, nəticə yoxdur, müəyyən mənada qazanclar var, amma yenə də bayram gününə uyğun olaraq deyək ki, hər şey yaxşı olar.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10