Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Stalini Avropada “tanıtdıran” köməkçisi – Bajanov sovet liderini qeyri-adi qisasçı adlandırıb


İki-üç səhifəlik yazı onun gələcək karyerasında mühüm rol oynayıb. 1922-ci ildə “Sovet quruculuğu” jurnalının baş redaktoru Mərkəzi Komitənin təşkilat şöbəsinin müdiri Lazar Kaqanoviçdən jurnal üçün material istəyəndə, yazı-pozu işindən uzaq olan Kaqanoviçi şöbənin ən gənc əməkdaşı Boris Bajanov “xilas” edib. Yazı o qədər uğurlu alınıb ki, Lazar Kaqanoviç jurnalı qəbuluna gələnlərə, dost-tanışına “müəllif” kimi qürurla təqdim edib. Bu yazıdan sonra Boris Bajanovun da işi  sahmana düşüb.

Kaqanoviç onu özünə katib vəzifəsinə təyin edib. Bir ildən sonra isə 23 yaşlı Bajanov Təşkilat Bürosunun (Siyasi Büronun) katibi vəzifəsinə təyin edilib. Bu təyinatdan üç ay sonra Kaqanoviçin təqdimatı ilə Boris Bajanov İosif Stalinin rəsmi köməkçisi vəzifəsinə də təyinat alıb.
Mövcud dövrdə həm Siyasi Büronun katibi, həm də köməkçi texniki işçi sayılıb. Bajanovun siyasi müzakirələrə müdaxilə etmək, hər hansı bir təşəbbüs və təklif irəli sürmək hüququ olmayıb. Onun əsas vəzifəsi büronun iclaslarını təşkil etmək, iclasın protokolunu yazmaq, lazım olduğu halda Stalinin çıxışlarını hazırlamaq, Stalinin ünvana gələn məktubları araşdırmaq, sənədləri ona təqdim etmək, görüşlər və tədbirlər haqqında əvvəlcədən onu məlumatlandırmaq olub. Bajanovun Siyasi Büronun iclaslarında katib kimi iştirakı mütləq sayılıb.
Bajanov Siyasi Büronun iclaslarında çox hadisələrin şahidi olub. Protokola düşməyən müzakirələrə, mübahisələrə, siyasi replikalara şahidlik edib. Bu mühit Bajanov üçün dözülməz sayılıb. Çöldə Stalin haqqında yaradılan miflə, bəzən içəridə miskinləşən Stalinin fərqini görəndə onda kommunist cəmiyyətinə qarşı ikrah hissi oyanıb. Bajanov nəyin bahasına olursa olsun işini dəyişmək haqqında düşünüb və o, fikrini Stalinə də bildirib, Maliyyə Komissarlığında işləmək istədiyini söyləyib. Stalin onun xahişini bir şərtlə nəzərə alıb. Bajanova Maliyyə Komissarlığında iş verilib, amma o, əvvəlki işindən də azad olunmayıb.

Zaman keçdikcə Boris Bajanovun antikommunist əhvalı kənardakılarının da diqqətini cəlb edib. Xüsusi xidmət orqanları onu tam nəzarətdə saxlayıb. Amma Stalin bu şübhələrə inanmayıb və Bajanov haqqında fikrini belə bildirib:
“Boris Bajanov gənc, savadlı, istedadlı, işini mükəmməl bilən kadrdır. O, gələcəkdə ən tanınmış dövlət məmurlarından biri olacaq, dövlətimiz və hökumətimiz üçün çox işlər görəcək. Onun haqqındakı şübhələri mənasız sayıram...”
Stalin fikirlərində “yanılmayıb”, Boris Bajanov həqiqətən də ən tanınmış şəxslərdən birinə çevrilib, amma SSRİ-də yox, qərb ölkələrində.
1927-ci ildə Bajanov SSRİ-dən getməklə bağlı son qərarını verib. Orta Asiyaya ezam olunan Bajanov 1 yanvar 1928-ci ildə sərhədləri keçərək İrana, oradan Hindistana, Hindistandan isə britaniyalı kəşfiyyatçıların köməyi ilə Fransaya keçib.

Bajanovun qəfil yox olması Kremldə böyük səs-küyə səbəb olub. “QPU” bütün imkanlarını işə salıb, Kremlin tapşırığı iki sözdən ibarət olub: “Məhv edilsin”.
Bajanova qarşı hazırlanan sui-qəsd cəhdlərinin heç bir baş tutmayıb. Heç bir təhdiddən, təzyiqdən qorxmayan Bajanov 1930-cu ildə Kremli yenidən silkələyib. Onun qələmə aldığı “Stalinin keçmiş katibinin xatirələri” kitabı bir neçə sutka ərzində bütün Avropada əllərdə gəzib. Sonralar özünün yazdığı kimi, həmin kitabın ilk oxucusu isə elə Stalinin özü olub.
Həmin kitabda Stalinin xarakterini əks etdirən fikirlər dünya ictimaiyyətində xüsusi maraq yaradıb:
“Kimdir Stalin? Son dərəcə qapalı və hiyləgər bir şəxs. Qeyri-adi qisasçı. O, heç nəyi unutmur, heç nəyi bağışlamır, on il, iyirmi il keçsə də qisasını alır. Stalin haqqında miflər, əfsanələr yaradılır. Onun qətiyyəti haqqında az qala dastanlar söylənilir. Yox, bunlar mifdən başqa bir şey deyil. Stalin qərar verməkdə çətinlik çəkən, ən kiçik hadisələri belə özünə böyük təhlükə sayan bir şəxsdir. Ən vacib məsələlərin müzakirələrində o, heç vaxt əvvəlcədən fikir bildirmir. Ümumi rəyləri bildikdən sonra həmin rəylərə özünün bir-iki cümləsini əlavə edərək qərar qəbul edir və bu qərarı şəxsi qərar kimi sayır. Bəs şəxsi həyatda necə insandır Stalin? Sağlam həyat tərzindən uzaq, oturaq həyat tərzi keçirən, içən, çəkən, gecə məclislərini xoşlayan, bütün bunların fonunda çox yorğun görünən, həyatdan yorulan bir insan. Bu şəxs yalnız bir amalla yaşayır, hakimiyyət amalı ilə. Mütləq hakimlik xəstəliyi Stalin üçün artıq xroniki bir xəstəliyə çevrilib. Onun üçün ailə, övlad, dost məfhumu yoxdur, yalnız özü var, öz hakimiyyəti var...”
Bajanov SSRİ haqqında silsilə kitablar yazıb. Onun kitabları müxtəlif dillərə tərcümə olunaraq böyük populyarlıq qazanıb.
Qeyd edək ki, Boris Bajanov 1900-cü ildə Ukraynada, Mogilyev şəhərində anadan olub. Moskva Ali Texniki Məktəbini bitirib. Hələ tələbə olarkən savadı və bacarığı nəzərə alınaraq Mərkəzi Komitədə sıravi bir işə götürülüb.

Bajanov heç vaxt ailə həyatı qurmayıb. O, mətbuata evlənməməyinin səbəbini belə açıqlayıb:
“Mənə dəfələrlə sui-qəsd etmək istəyiblər. Bilirdim ki, bu qəsdlər SSRİ tərəfindən davamlı olacaq. Onu da bilirdim ki, mənə ələ keçirə bilmədikləri təqdirdə ailəmi incidəcəklər. Buna görə hansısa bir xanıma problem yaşatmaq istəmədim...”
Boris Bajanov sidq ürəklə nifrət etdiyi sovet cəmiyyətinin dağılmasını görməsə də, o, Fransadan Stalinin, Xruşşovun, Brejnevin son mənzilə yola salınmasını televizordan böyük həvəslə seyr edib.
SSRİ-dən qaçdığına görə heç vaxt təəssüflənməyən Boris Bajanov 1982-ci ildə Fransada vəfat edib





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10