Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

49 il öncənin dəhşətli qəzası – Minskdə zavodda sex partlayıb 100-dən çox adam ölüb


               
   Ciddi senzura və Sov.İKP MK-nın diktəsi altında işləyən sovet mətbuatı 1972-ci ilin mart ayında Minsk şəhərində baş verən faciəli hadisə haqqında da “adət”inə uyğun olaraq bir neçə cümləlik şablon informasiya verməklə kifayətlənib:
“10 mart 1972-ci ildə Minsk radio zavodunda qəza baş verib. Qəzanın başvermə səbəblərinin araşdırılması və törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı SSRİ Nazirlər Sovetində xüsusi komissiya yaradılıb. Yaxın günlərdə komissiyanın əldə etdiyi nəticələr haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Bu “yaxın gün” 18 ildən sonra yetişib. Yalnız 1990-cı illərdən sonra Minskdəki radio zavodunda baş verən partlayışın təfərrüatları ictimaiyyətə məlum olub.
cbc651211b39dbca215a78f907722554.jpg (61 KB)
1945-ci ildən, müharibədən sonrakı dövrdə Belarusiya paytaxtındakı bu hadisə dağıntıların əhatəsinə və həlak olanların sayında görə ölkədə ən böyük miqyaslı partlayış sayılıb.
Axşam saat 19.30-da baş verən partlayış o qədər güclü olub ki, onun səsi bütün Minskdə eşidilib. Martın 11-də səhər saatlarında isə bu “səs” Kremlə çatıb. MK-da Leonid Brejnevin rəhbərliyi ilə təcili müşavirə keçirilib. Müşavirə zalından birbaşa Belarusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büroda böyük nüfuza sahib olan Pyotr Maşerovla əlaqə yaradılıb. Birinci katib ona verilən suallara hələ ki cavab verə bilməyəcəyini bildirib.
Müşavirədə hadisə ilə bağlı xüsusi komissiyanın yaradılması haqqında qərar qəbul olunub, komissiya dərhal Minskə yola düşüb. Komissiyaya həmin dövrdə Mərkəzi Komitənin katibi vəzifəsində işləyən Dmitri Ustinov (sonralar müdafiə naziri) başçlıq edib.
6ae553cca2bbf6276700e099bfbf964a.jpg (135 KB)
Qəza zavodun sexlərindən birində, qılaf sexində baş verib. Sexin yerləşdiyi ikimərtəbəli bina tamamilə dağılıb. Partlayışın güçü digər sexlərə də ciddi ziyan vurub. Həmçinin partlayış zamanı zavodun ərazisində olan avtomobillər və digər texnikalar yararsız vəziyyətə düşüb. Qəzanın törətdiyi fəsadları aradan qaldırmaq üçün xilasedicilər və yanğınsöndürənlərlə yanaşı, əraziyə milis və ordu qüvvələri də cəlb olunub. Minsk şəhərinin bütün təcili tibbi yardım stansiyaları və xəstəxanaları gücləndirilmiş iş rejiminə keçib.
Üç gün ərzində dağıntıların altından 106 nəfərin (digər mənbələrdə bu rəqəm 121 göstərilir) meyiti tapılıb. 300-dən artıq zavod işçisi yaralanaraq ciddi bədən xəsarəti alıb.
Şahidlər həmin dəhşətli anları sonralar belə xatırlayıblar:
Qalina Kondrateva: “Biz həmin gün ikinci növbədə işləyirdik. Qəfil sexin üst hissəsində iri şara bənzər qırmızı bir alov axını göründü. Hər şey bir göz qırpımında baş verdi. Nə baş verdiyini anlamadım. Gözümü açanda zavodun həyətində xərəkdə mənə ilk tibb yardım göstərirdilər. Məndən bir neçə addım aralıda sex yoldaşım Viktor Borbatı yerə uzatmışdılar. Onun bədəni tanınmaz halda idi. Beton pilitə onun üstünə düşmüşdü. Sonrasını isə xatırlamıram. Həmin gün mənim zavodda son iş günüm oldu. Mən həmin qəzada ömürlük əlillik qazandım...”
3414c1334a0feed8b0f3a4b70188fc26.jpeg.1f821ecbd5ff5a78d80322b3be20cc00.jpeg (154 KB)
Aleksandr Naskoviç: “Futlyar sexi zavodun ən böyük sexlərindən biri idi. Burada televizorlar üçün qutular, futlyarlar hazırlanırdı. Qəza baş verəndə mən sexlə anbarın arasındakı kiçik dəhlizdə idim. Dəhlizin baş tərəfində, pəncərənin qarşısında siqaret çəkmək üçün xüsusi yerdə dayanmışdım. Anbarın işçisi Kolesnikov xammal haqqında nəsə danışırdı. Partlayış baş verəndə anbarın ikinci yük qapısı Kolesnikovun düz üzünə çırpıldı, onun sol qolunu kəsib apardı. Partlayışın zərbəsi məni pəncərədən çölə atmışdı. Ciddi bədən və beyin travması almışdım. Dəhşətli səhnə hələ də gözlərimin qarşısındıdır. İş yoldaşlarımın dağıntılar altında tanınmaz hala düşən meyitləri gözlərimin önündən getmir...”
Xüsusi komissiya və istintaq qrupu araşdırma zamanı bir neçə versiya üzə çıxarıb. Belarusiyanın birinci katibi Pyotr Maşerov qəzanın səbəbini hələ müharibə illərində zavod ərazisindən keçən tunellərdə silah və sursatların qaldığında, onların partlayışında görüb.
JH3l1j1mNClkgwEbC3DF.jpg (77 KB)
Mütəxəssislər qeyd ediblər ki, qəzaya səbəb sexdə quraşdırılmış avadanlıqların texniki təhlükəsizlik qaydalarına cavab verməməsi olub.
Digərlərinin versiyasına görə, partlayış taxta futlyarların tezalışan qalıq tozlarının yığılması nəticəsində baş verib. Belə ki, həmin tozlar yığılaraq sexin ventilyasiya sisteminə düşüb və qığılcım nəticəsində alışma verib. Ventilyasiya isə yanğını sürətləndirərək partlayış həddinə çatdırıb.
Daha bir versiyaya görə, futlyarların üzərinə çəkilən lak saxlanma şəraiti təhlükəsizlik qaydalarına cavab vermədiyindən patlayış baş verib.
Qəzanın əsl səbəbinin araşdırılmasında komissiyanın və istintaq qrupunun işini çətinə salan sexin tamamilə dağılması olub. Partlayışdan sonra futlyar sexinndən əsər-əlamət qalmayıb.
inx960x640.jpg.e50bcd49c2443c07d0ac9cc12cdbd7b4.jpg (148 KB)
İstintaq başa çatdırılıb və açılmış cinayət işi Belarusiya Ali Məhkəməsinə verilib. Məhkəmədə yuxarıda göstərilən heç bir versiyaya baxılmayıb. Qəzanın baş verməsində zavod rəhbərliyi xidməti vəzifələrinə məsuliyyətsiz yanaşmada ittiham olunublar. Zavodin direktoru Zaxarenko, baş mühəndis Kutser, sex rəisi Xomiv, zavod partiya təşkilatının sədri Utikov və digər bir neçə vəzifəli şəxs 6 aydan 2 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Həbs olunanaların hamısının cəzaları qısa müddətdən sonra şərti azadlıqla əvəzlənib. Belarusiya Kommunist Partiyasının rəhbərlərinə isə Mərkəzi Komitə tərəfindən rəsmi töhmət verilib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10