Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hakimlərə vəkilləri cərimələmək hüququ verilir


Hüquqların məhdudlaşdırılması, mövcud mütərəqqi normaların ləğv edilməsi, cəzaların artırılması və azadlığın boğulması istiqamətlərdə aparılır”

   Azərbaycanda vəkillik institutu ağır problemlər içərisindədir. Vəkillər öz peşə fəaliyyətlərini icra edərkən müxtəlif çətinliklərlə qarşılaşırlar. Bura müstəqil vəkillərin həbsxanalarda öz müvəkilləri ilə əlaqə saxlayarkən üzləşdikləri maneələr və müdafiə prosesi zamanı məruz qaldıqları sıxıntı və təqiblər daxildir. Ölkədə vəkillərin sayı da çox azdır və digər sahələrdə olduğu kimi, vəkillik fəaliyyəti də inhisara alınıb. Cinayət işlərində iştirak edə biləcək özəl vəkillik fəaliyyətinə icazə verilmir. Bu problemlər ədalət mühakiməsini təmin edə bilməyən və ya etməyən ədliyyə sisteminin durumundan, ümumilikdə isə ölkədə insan hüquq və azadlıqlarının acınacaqlı vəziyyəti və bu sahədə real islahatlar aparmaq iradəsinin olmamasından qaynaqlanır. Cinayət işləri üzrə fəaliyyət göstərən vəkillərin peşə fəaliyyətini yerinə yetirməsi xüsusilə məşəqqətlidir. Belə ki, statistikaya əsasən cinayət işləri üzrə təqsirləndirilən şəxslərin 99 faizindən çoxu məhkum olunur. Bəraət üzrə faizlərin hədsiz dərəcədə aşağı olması vəkillərin işinə əhəmiyyət verilmədiyini, prokurorların proseslərdə dominant rol oynadığını göstərir. Dövlər ittihamçıları rəsmi və qeyri-rəsmi şəkildə məhkəmə prosesində əsas söz sahibidir, hakimlər qərar çıxararkən adətən prokurorun tələb etdiyi cəzaya yaxın cəza verirlər. Son zamanlar azsaylı müstəqil vəkillər təqiblərə məruz qalır, vəkil statusları əllərindən alınır və ya vəkillik fəaliyyətlərinə xitam verilir. Amma deyəsən, dövlət qurumları qeyd olunan maneələrlə kifayətlənmək niyyətində deyillər. Belə ki, vəkillərin məhkəmə tərəfindən cərimələnməsi məsələsi gündəmə gətirilib. Təklif olunan dəyişiklik Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən yeni – 174.5-ci maddədə əksini tapıb. Məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Layihəyə əsasən cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna görə, vəkillər müstəqildir və yalnız qanunun tələblərinə tabedir. Vəkil etikasına görə, vəkil peşə fəaliyyətini həyata keçirərkən bu qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli,

məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı, Vəkillər Kollegiyasının Ümumi Yığıncağı tərəfindən qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə” ilə müəyyənləşdirilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Vəkillərin intizam məsuliyyətinə cəlb edilməsinə gəlincə, vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Qanunda qeyd olunub ki, vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb olunur. Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyi “Press Klub”a şərh edən vəkil Elçin Sadıqov bildirdi ki, bu təklif ümumiyyətlə, tərəflərin bərabərliyi prinsipinə ziddir: “Necə ola bilər ki, hakim dövlət ittihamçısını cərimələyə bilməsin, amma vəkili cərimələsin. İkincisi, bu, vəkillərə təsir cəhdidir. Məqsəd odur ki, onlar müştərilərinin maraqlarını lazımınca müdafiə edə bilməsinlər”. E. Sadıqov qeyd etdi ki, bu addımı vəkilliyin müstəqilliyinə qarşı növbəti qəsd hesab edir: “Bu, vəkilləri insanların hüquqlarının müdafiəsindən çəkindirmək üçün atılan bir aadımdır və tamamilə Konstitusiyanın tələblərinə ziddir”. Hüquqşünas Namizəd Səfərov isə “Press Klub”a şərhində bildirdi ki, təklif olunan dəyişiklik qanuna əməl olunacaqsa, digər qanun normaları kimi siyasi məqsədlərə xidmət etməyəcəksə, hüququn ümumi prinsiplərinə uygun qanun normasıdır:

 “Məhkəməyə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə etmək hüququnun verilməsində qeyri-adi bir şey yoxdur. Qeyd etdiyim kimi, bu, qanunun ümumi prinsiplərinə zidd deyil”. Bununla yanaşı, hüquqşünas hesab edir ki, qanunvericiliyə təklif edilən bu əlavə yalnız irticaçı məqsəd daşıyır, vəkilləri qapaz altında saxlamaq məqsədi güdür: “Bu hakimiyyətin apardığı islahatlar yalnız buna xidmət edir. Azadlıqların məhdudlaşdırılması, cərimələrin artırılması, yeni növ cəzaların tətbiqi və s. eyni mahiyyətlidir. Milli Məclisə müraciət etmişəm ki, məhkəmədə nümayəndəlik institutunun ləğv edilməsi hansı zərurətdən doğub? Cavab veriblər ki, bu, ölkədə aparılan hüquqi islahatların tərkib hissəsidir. Deməli, bu ölkədə hüquqi islahatlar yalnız hüquqların məhdudlaşdırılması, mövcud mütərəqqi normaların ləğv edilməsi, cəzaların artırılması və azadlığın boğulması istiqaməində aparılır. Hakimlər, prokurorlar, polis istənilən qanunu tapdalaya, qanunsuzluğa yol verə bilər. Onlara “gözün üstə qaşın var” deyilmir. Lakin vəkili hər addımda sıxmaq, cərimələmək, Vəkillər Kollegiyasından kənarlaşdırmaq olar. Bu da “islahat” adlanır”. Vəkillər Kollegiyasının sədri Anar Bağırov da Mülki Prosessual Məcəlləyə yeni – 174.5-ci maddənin əlavə edilməsi ilə bağlı layihəyə münasibət bildirib. “Vəsatətin və ya şikayətin “açıq-aşkar əsassız” olması meyarı necə müəyyən olunub və müəyyən olunubmu? Bu ifadə hüquqi müəyyənlik prinsipinə nə dərəcədə cavab verir? Hal-hazırda imkansız vətəndaş mülki işlər üzrə aşağı instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımla təmin olunmur, hüquqi savadı və hüquqi yardıma çatımlığı olmayan şəxs istənilən halda “açıq-aşkar və aşkar olmayan əsassız” vəsatət verəndə 500 manatadək cərimələnməsi nə dərəcədə ədalətli olacaq? Bu sualların əsaslı cavabını eşitmək maraqlı olardı”, – deyə Kollegiya sədri vurğulayıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10