Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Maskalı rəqs… Şənlik mərasimləri ilə bağlı müəyyənləşdirilən qaydalar insan hüquqlarını pozur


Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən etibarən toyların, ad günlərinin, digər şənliklərin keçirilməsinə icazə verib. Amma açıqlanan yeni qaydalardan belə məlum olur ki, toy təşkil etməyin kifayət qədər ağır şərtləri var. Restoran və məclis sahibi, iştirakçılar qaydalara əməl etməsələr, bir neçə dövlət qurumunun yoxlamasına və cərimələrinə məruz qalacaqlar. Yəni ayın 1-dən etibarən Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin bir çox əməkdaşlarının günü toylarda keçəcək. Monitorinq hüququ bu 3 dövlət təşkilatına verilib. 
İctimaiyyət yeni qaydalarla artıq tanış olduğuna görə onları yenidən xatırlatmağa gərək yoxdur. Amma Operativ Qərargahın şərtlərində elə paradokslar var ki, onların aydınlaşdırılmasına ehtiyac var. Həmçinin, yeni şərtlərin vətəndaşların Konstitusiyada təsbit olunan fundamental hüquqlarını məhdudlaşdırıb-məhdudlaşdırmaması da önəmli məsələdir. Bundan başqa, dövlət qurumlarına yoxlama, nəzarət səlahiyyətlərinin verilməsinin gələcəkdə neqativ hallara gətirib çıxarmayacağı da sual dolu məqamlardan biridir. Məsələn, qonağın yemək yeyəndə maskanı çıxarıb, rəqs edəndə taxması kimi məcburiyyətlər cərimələr üçün mübit şərait yaradır. 
Operativ Qərargah bildirib ki, monitorinq qrupu ictimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər adamın iştirakı ilə təşkil olunan şənlik mərasimlərində müntəzəm yoxlamalar aparacaq. Qeyd edək ki, bu yoxlamalar hazırda da aparılır. Paytaxtda və bölgələrdə restoranlar yerli məmurlara rüşvət qarşılığında toy və digər şənliklər keçirirlər. Tələb olunan “haqqı” verməyən iaşə obyektləri isə cərimələnir və onların adları mediaya açıqlanır. Yəni bu işlə məşğul olacaq məmurlar kifayət qədər “təcrübə”yə sahibdirlər.
Cərimələrin məbləği isə fantastikdir və ölkədə əksər restoranların bir dəfə cərimə edilməsi kifayət edəcək ki, o mövsümü zərərlə başa vursun. İnzibati Xətalar Məcəlləsinə əsasən karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə edilir, yaxud 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5 min manatdan 11 min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə, şənlik mərasimi keçirilən müəssisənin fəaliyyəti dayandırıla bilər.
Qoyulan qaydaların insan hüquqlarını, mövcud qanunvericiliyi pozub-pozmadığını hüquqşünas Hafiz Həsənov “Press Klub”a izah etdi. Ekspert əvvəlcə bildirdi ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə iyulun 1-dən şənlik məclislərinin keçirilməsinə icazə verilməsi özlüyündə müsbət haldır: 

“Lakin şənlik mərasimlərinin keçirilməsinə dair tələblərin və qaydaların olduqca sərt müəyyən edilməsi, o cümlədən şənliklərin keçirilməsi üçün qabaqcadan icazələrin alınması tələbi insan hüquqlarını məhdudlaşdırır və korrupsiya hallarına imkan yaradır. Belə ki, insanların koronavirusa qarşı peyvəndlənməsi könüllü xarakter daşısa da, şənlik məclislərinin işçi heyəti və iştirakçıları üçün elə şərtlər irəli sürülür ki, bu şərtlər insanları peyvəndləməyə məcbur edir. Halbuki Konstitusiyanın 71-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Düzdür, deyilə bilər ki, bu tələblər və qaydalar əhalinin sağlamlığının qorunması məqsədi daşıyır. Ancaq indiki halda bu məhdudlaşdırmalar olduqca sərtdir və gözlənilən məqsədlərə mütənasib deyil. Konstitusiyanın elə həmin maddəsində də deyilir ki, hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır”. 
Hüquqşünas qeyd etdi ki, şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı məclisin sahibi və mərasimin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamənin imzalanması hüquqi əsaslara söykənmir: 
“Belə iltizamnamə mövcud qanunvericilikdə hüquqi sənəd olaraq tanınmır və karantin qaydalarını pozan şəxslərin məsuliyyəti şənlik mərasiminin sahibinin və tədbirin keçirildiyi məkanın sahibinin üzərinə qoyulmamalıdır. Bütün bunlarla yanaşı, onu da qeyd edək ki, qərarda bu tələblərə və qaydalara dair, habelə “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də olan bəzi müddəaların konkret və aydın xarakter daşımaması şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması üzrə nəzarətin həyata keçirilməsində də korrupsiya hallarına imkanlar yaradır”. 
Ekspert ümumən xüsusi karantin rejimi ilə əlaqəli qaydaların müəyyən edilməsini və hüquq və azadlıqların məhdudlaşdırılmasının Nazirlər Kabinetinin, Operativ Qərargahın qərarları ilə müəyyənləşdirilməsini hüquqi yol hesab etmir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10