Növbəti mərhələdə nələr olacaq?
Əvvəlki yazılarımızda xəbər verdiyimiz kimi millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə Masallı rayonunda “Masallının ensiklopediyası”nın hazırlanmasına start verildmişdir. Ötən ilin sentyabrından başlanmış işlər pandemiya səbəbindən bir neçə ay təxirə salınsa da, bu ilin may ayından işçi qrup fəaliyyətini bərpa etmişdir.
Bəs bu vaxta qədər hansı işlər görülmüşdür?
“Masallının ensiklopediyası”nı hazırlayan qrupun bununla bağlı kiçik toplantısı olmuşdur. Öncə qrupun rəhbəri Cənub Xəbər Tv-nin rəhbəri Zahir Əmənov görülən işlər barədə məlumat vermişdir.
O bildirmişdir ki, ötən il ciddi müzakirələrdən sonra ensiklopediyanın formatı müəyyənləşdirilmişdir.
Razılığa gəlinmişdir ki, öncə rayonun tarixi (qədim dövr, sovet dövrü, müstəqillik) haqqında mükəmməl, elmi məqalələr hazırlansın. O cümlədən Masallının təhsil, səhiyyə, mədəniyyət, idman, sənaye, kənd təsərrüfatı və sair sahələri üzrə araşdırmalar aparılsın.
Artıq bu mərhələ üzrə nəzərdə tutulan işlər yekunlaşmaq üzrədir. Bu mövzuda hazırlanan məqalələr cenub.az və masallıda.az saytlarında öz əksini tapmışdır.
Bəs növbəti mərhələdə hansı işlər görüləcək?
Toplantıya qatılan qrup üzvləri və məsləhətçilər - həkim, jurnalist-araşdırıcı Xodaşirin Cəbiyev, qocaman müəllim, bir neçə kitabın müəllifi Alzaman Baxış, gənc mütəxəssis, Xarkov Dövlət Universitetinin magistri Faiq Hüseynzadə, tədbirə Lənkərandan məsləhətçi kimi dəvət olunmuş, dəyərli tədqiqatçı-tarixçimiz, 10-a yaxın araşdırma kitabının müəllifi İldırım Şükürzadə, Masallının coğrafiyaçılar ailəsinin və məktəbinin, obrazlı desək, flaqmanı Soltanağa Cəfərov növbəti mərhələdə görüləcək işlər barədə olduqca maraqlı təkliflər səsləndirdilər.
Yekun qərar bundan ibarət oldu ki, öncə Masallı rayonunda hazırda fəaliyyət göstərən İnzibati Ərazi Dairələr, onların daxilindəki kəndlər, bu kəndlərin tarixi, coğrafiyası, mədəniyyəti, digər özəllikləri barədə ümumi məlumatlar toplanılsın.
Nəhayət, sonuncu mərhələdə Masallının tarix və mədəniyyət abidləri, dövlət idarələri, eləcə də tanınmışlar (Əlifba sırası ilə) alimləri, din, mədəniyyət xadimləri, Milli Qəhrəmanları, Qəhrəman anaları, şəhidləri, fəxri ad alanları, xaricdə yaşayan dəyərli şəxsləri, qısası, rayona şöhrət gətirən hər şəxs haqqında məlumatlar toplanılsın.
Toplanmış materiallar hazır olduqca masallıda.az və cenub.az saytlarında çap edilsin, bu barədə rayon sakinlərinin fikri öyrənilsin.
Toplantı zamanı gileylər də səsləndirildi. Qeyd olundu ki, bəzi ərazi nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorlar bu istiqamətdə məlumatları verməkdə ya hədsiz tənbəllik edir, ya şəristəsizlik göstərir, davranışları ilə ərazisində hər hansı abidə, məscid, ocaq, bulaq haqqında belə məlumatsız olduqlarını sərgiləyirlər. Hərdən adama elə gəlir ki, hansısa görünməz bir əl onlara “bu işlərdən uzaq ol, tarix, mədəniyyət bizlik deyil, bunları bilməsəniz də olar” deyir.
Sonda onu da xatırladaq ki, Masallı ensiklopediyası ilə yanaşı Nurəddin Ədiloğlunun müəllifliyi və Təhsil Fondunun dəstəyi ilə Masallının 2-ci Qarabağ savaşındakı şəhidləri ilə bağlı kitab yaxın aylarda işıq üzü görəcək. Bundan əlavə İlıdım Şükürzadənin müəllifliyi ilə “Masallı ziyarətgahları”, İldırım Şükürzadə və Zahir Əmənovun həmmüəllifliyi ilə təxminən 300 səhifəlik, yüksək tərtibatda “Masallının tarix mədəniyyət abidələri” kitabları nəşriyyata təqdim olunmaq ərəfəsindədir.
Arzumuz - Masallı ensiklopediyası 1 nəfərin, 5 nəfərin kitabı deyil. Bu işdə bizə yardımçı olun. Onsuz da çox yubanmışıq, çalışaq ki, nə qədər bəzi məlumatlı şəxslər sağdır, onlardan faydalanaq.
(Əlaqə telefonu- 050 322 75 23. Zahir Əmənov)