Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bacısı ilə eyni gün, eyni yaş və hətta eyni çarpayıda vəfat edib, əsla evlənməyən alim... - VİDEO


Bacısı ilə eyni gün, eyni yaş və hətta eyni çarpayıda vəfat edib, əsla evlənməyən alim... - VİDEOAzərbaycanda nanotexnologiyanın banisi sayılır. Neft-Kimya sektorundakı kəşflərindən danışmaq üçün isə saatlar lazımdır. Kənardan zəhmli, mühafizəkar, hətta biraz qəzəbli görünsə də, tanıyanlar necə mehriban olduğundan danışır. Ən böyük qayəsi insan yetişdirmək olan, hər zaman sözünü deyərək qəribə tale yaşayan, özünü elmə, bu xalqın gələcəyinə həsr edən 20-ci əsrin dahisi..
 
Bəli, Azad Mirzəcanzadədən danışıram. Onun necə nəhəng alim olduğunu sizə izah etməkdən ötrü bir neçə elmi nailiyyətindən bəhs edəcəyəm...
 
1. Maye və qazların süzülməsində başlanğıc təzyiqlər qradiyenti nəzərə alınmaqla qanun təklifi.
 
2. Məsaməli mühitdə qazkondensat sistemlərinin süzülməsi və özlü plastik mayelərin hərəkətini təsvir edən differensial tənlik təklifi.
 
3. Süzülmənin relaksasiya qanununun təklif edilməsi, qazkondensat sistemləri və qeyri-nyuton neft yataqlarının işlənməsinin metodik əsaslarının işlənilməsi və tətbiqi.
 
4. Mürəkkəb şəraitdə quyuların qazılmasının hidrodinamik əsaslarının işlənməsi.
 
5. Quyuların qazılması, neft-qaz yataqlarının işlənməsi və neft nəqlinin iş rejimlərinin tənzimlənməsi üçün müxtəlif fiziki sahələrin təklif və tətbiqi.
 
6. Neftqazçıxarmanın texnoloji prosesləri üçün sistemli təhlili. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının yaradılması və tətbiqi.
 
Sadaladığım bu kəşflərin hamısı elm dünyasında ayrıca bir hadisə kimi dəyərləndirilir və neft erasında əvəzolunmaz metodlar sayılır. İndi düşünün ki, bu kəşflərin müəllifi sadəcə bir nəfərdir və o bir nəfəri Azərbaycan yetişdirib.
 
Alim haqqında öncələr də müxtəlif səpkili sənədli filmlər çəkilib, süjetlər hazırlanıb. Ancaq izləyicilər də qəbul edər ki, bütün bu materiallarda sanki bir yarımçıqlıq sezilir. Mirzəcanzadə özündən sonra elə bir boşluq buraxıb ki, onu doldurmaq üçün gərək elə Azad olasan. ? Nə məişət qayğıların ola, nə digər vərdişlərin. Özünü elə elmə həsr edəsən...
 
Görkəmli alim 1928-ci il sentyabrın 29-da Bakıda dünyaya gəlib. Atası Xəlil kişi İranın Sarab şəhərindən olan qatı komminist, anası Asiya xanım isə xan nəslinin nümayəndəsi olub.
 
Azad təhsil həyatına Bakıdakı 14 nömrəli orta məktəbdə başlayıb və II Dünya Müharibəsi başlayana qədər orada oxuyub. Sonralar məktəbi hərbi hospitala çevirdiklərindən, 13 yaşlı Azad da digər şagirdlər kimi Bakıdakı 18 nömrəli məktəbə köçürülüb. Di gəl ki, onun şagirdlik dövrü çox çəkməyib. Sinif yoldaşlarına nəzərən çox intellektual və qeyri-adi dərəcədə yüksək riyazi bacarığa sahib olan Azad məktəbi ekstern imtahanla vaxtından əvvəl bitirib.
 
Bəlkə elə görünür ki, məktəbi vaxtından əvvəl bitirmək gənc elm sevdalısı üçün böyük avantajdır. Amma Azadın cəmi 15 yaşı vardı və o artıq həm ali təhsil almalı, həm də ailənin yükünü çiyinlərində daşımalı idi.
 
İnsanı çətinliklər yetişdirir axı. O dövrün ağır şərtlərindən xəbərdar olanlar yəqin, məktəbi bitirər-bitirməz müəllimliyə başlamağın çətinliyini də yaxşı bilir. Çünki Mirzəcanzadə yeniyetməliyini fəhlə-gənclər məktəbində riyaziyyatdan dərs deməklə keçirib. Üstəlik, 16 yaşında 44 nömrəli məktəbdə müəllimliyə başlayıb və bu işini də düz 1952-ci ilə qədər davam etdirib, 24 yaşına qədər.
 
Onun müəllimliyə axşam fəhlə-gənclər məktəbində başlaması boşuna deyil. Azad indi bir yandan universitetə qəbul olmalı, digər yandan dərs keçməli idi. Üstəlik, bu azmış kimi Azərbaycan Sənaye İnstitutu da Azadın yaşının azlığını bəhanə edib gələcəyin dahisini qəbul etmək istəmirdi. Nəhayət 1944-cü ildə çoxsaylı müraciət və cəhdlərindən sonra bu institutdakı neft-mədən fakültəsinə qəbul olunmağı bacaran Mirzəcanzadə 1949-cu ildə ali təhsilini dağ mühəndisi ixtisası üzrə bitirməyə nail olub.
 
Bu qarmaqarışıq təhsil həyatından baş çıxarıb Mirzəcanzadənin elmi dünyasını dərəcələndirməyə çalışsaq, belə bir tablo ilə qarşılaşarıq. Bu insan 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu il 31 yaşında professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib.
 
Xronoloji ardıcıllığa baxanda hər şey bəsit görünür. Ancaq gəlin, bu cümləni özümüz üçün təkrarlayaq. Azad Mirzəcanzadə 31 yaşında professor adını alıb. 31 yaşında bu adı qazanmış başqa neçə alim tanıyırıq? Üstəlik, bu məqam alimin həyatındakı yeganə fərqlilik də deyil.
 
Misal üçün, o, 1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutu və Neft Ekspedisiyasında baş laborantlıqdan şöbə müdiri vəzifələrinə qədər bir çox vəzifələrə yiyələnib. Müxtəlif illərdə bir sıra təhsil ocağında laboratoriya müdiri olub. Ancaq alimin vəzifələrini sayıb qurtarmaq üçün ayrıca bir proqram hazırlamaq lazım olduğundan bütün xronoloji məlumatları tamaşaçıların internet axtarışına həvalə edib bu tarix adamın həyatını kəşfə çıxırıq...
 
Məsələn, əgər Ginnesin Rekordlar kitabında elmi dərəcələr üzrə bölmə olsaydı, sırf yetişdirdiyi professorların sayına görə Azad Mirzəcanzadə həmin kitabın ilk səhifələrində yer alardı. Çünki altmış illik elmi fəaliyyəti dövründə professor Azərbaycan elminə 100-ə yaxın elmlər doktoru, 300-dən artıq elmlər namizədi qazandırıb və bu rəqəmlər hətta bütün dünya üzrə ən yüksək göstəricilərdən sayılır. Elə bir insan düşünün ki, ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında birbaşa iştirak edib. Orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı müxtəlif layihələrin rəhbəri olub.
 
Həyatda yeganə sevgisi elm olan bu insanın çox qəribə cəhətləri də diqqət çəkir.
 
Dost-qohum və həmkarlarının dediyinə görə, Azad Mirzəcanzadənin ən qəribə yönü də onun insanlarla davranışı olub. Misal üçün, simalardakı simmetriyanı sevib. Üstəlik, baxan kimi adamın necə biri olduğunu da ayırd edə bilib. Hətta ilk baxışdan yanılsaydı belə, bu kimi hallar üçün əlavə bir silahı da vardı Azadın: Kitablar...
 
Hər halda, onun həyatında kitab oxumaqdan təbii və adi nəsə axtarmaq düzgün olmaz. Özü də necə oxumaq, saniyələr içində, super-sürətli... Ancaq söhbət burada alimin adamları araşdırma üslubundan gedir. Maraqlıdır ki, o tanış olacağı insanlardan kitab istəyərək, kitab seçiminə görə əslində qarşısındakı şəxsiyyəti oxuyurmuş..
 
Balanslı insan idi. Öz təbirincə desək, əlli-əlliyə. Və bu balansı onu bəzən böyük çətinliklərlə üzləşdirib. Məsələn, Neft və Kimya institutundakı fəaliyyəti ərzində tutduğu güzəştsizlik yolu ona olan münasibəti yavaş-yavaş dəyişdirib. Nəhayət 1987-ci ildə vəziyyət pik səviyyəyə çatanda onu ali təhsil ocağından uzaqlaşdırıblar. Professor Rafiq Əliyev həmin vaxtları bu cür xatırlayır:
 
“Onu 1987-ci ildə Neft və Kimya İnstitutundan çıxardılar, qaldı bayırda. Guya, yaxşı alim, yaxşı müəllim deyil. Amma buna baxmayaraq, biz tez-tez görüşürdük. Elə oldu ki, 1987-ci ilin axırında mən Mərkəzi Komitənin elm və təhsil şöbəsinə gəldim. Ən birinci həyata keçirdiyim iş o zaman Azad Mirzəcanzadənin öz yerinə bərpa etmək oldu. Şəxsən özüm onun qolundan tutaraq kafedraya gətirdim. Cəmiyyətdə həmişə belə şey olub. O cür alimi işdən çıxardılar ki, guya yaxşı alim deyil”.
 
Rafiq Əliyev daha sonra Elm və Təhsil Komitəsinin rəhbəri kimi Neft Akademiyasının o vaxtkı rektoru ilə görüşüb və alimin yenidən öz kafedrasına qayıtmasını tapşırıb. Bəlkə bir az da geciksəydi, heç nəyi düzəltmək mümkün olmayacaqdı. Çünki vəziyyət elə həssas nöqtədə idi ki, Azad bəy işdən çıxarılan kimi yerinə başqası gətirilib...
 
Bəs niyə narazı idilər alimdən? Niyə bəzi adamlar şayiə yayırdı ki, guya o özündən başqa heç kimi bəyənmir? Bu sualı məşhur kitabçı Elman Mustafayevin bir əhvalatı ilə cavablandırmaq yerinə düşər.
 
"Azad müəllim Ali Attestasiya Komissiyasının sədri olan vaxt çox adam ondan incik idi. Çünki o, mənsəbə yox əsl elmə qiymət verirdi. Görürdün ki, varlı bir biznesmen, yaxud vəzifə sahibi hər hansı sahədə elmlər namizədi adını almaq istəyirdi. Amma Azad müəllim ona heç vaxt imkan verməzdi. Məsələn, deyərdi ki, sənin sahən, işin budur , o hara, müdafiə etdiyin iş hara? İşlər elə beləcə də geri qaytarılırdı. Bir dəfə çox maraqlı bir söz işlətdi. Dedi ki, bunlar professor adını ancaq öləndə baş daşı üzərində yazdırmaq üçün istəyirlər".
 
Özü deyirdi ki, onun həyatı elə, iş masasına oxşayır. Daim qarışıq, dağınıq... və tənha. Düzdür, o qadınlara həddən artıq dəyər verib və yetərincə humanist biri olub. Kişinin ailədəki məsuliyyətini də bütün fikirlərində ön plana çəkib. Ancaq məsələ onun öz dünyasıdırsa, vəziyyət bir qədər dəyişir. Hətta Azad Mirzəcanzadə adını modelləşdirib bir evə bənzətsək, onun mərkəzində elm, künclərində isə anası Asiya və bacısı İradə xanım dayanar. Bəli, dünya şöhrətli alim bacısı da ömrü boyu subay qalıb ömrünü qardaşına qulluq edərək keçirib. İndi soruşmaq olar ki, yəni, professorun nə vaxtsa heç sevdiyi də olmayıb?
 
Bax, bunu bir balaca araşdırdıqda bəzi məqamlar ortaya çıxır. Sən demə, Mirzəcanzadə vaxtilə aşiq də olub. Əslində bu məqamın aşkarlanması üçün də xeyli illər keçib.
 
147 saylı Texniki-Humanitar liseyində dərs deyən əməkdar müəllim Həlimə Mehdiyeva deyir ki, bir gün mühazirə vaxtı alim ona yaxınlaşaraq, Qəmər Almaszadəni məktəbə dəvət eləməyini istəyib. Həlimə xanım duruxub. Sakitcə soruşub, axı o balerinadır. Sualdan bərk əsəbləşən Mirzəcanzadə isə yumruğunu masaya vurub ki, dedim, dəvət elə. Həlimə xanım Opera və Balet teatrı ilə əlaqə yaradandan sonra məşhur balerinanın hazırda yataq xəstəsi olduğunu öyrənib. Və onu da öyrənib ki, alim uzun illər Qəmər xanımı sevib.
 
Yeri gəlmişkən, Mirzəcanzadənin direktoru olduğu 147 saylı lisey şəxsən alimin öz təşəbbüs və maddiyyatı hesabına yaradılıb.
 
Professorun sevgi arxivi təkcə kədərdən ibarət deyil. Hərdən gəncliyinə salıb çılğınlıqlar etdiyi də olub. Misal üçün, alim bir dəfə məhəllələrinə köçən təzə qonşu qızın diqqətini çəkmək istəyəndə eyvandan yıxılıb, ayağını qırıb...
 
Tələbələri deyir, həmişə çəkiniblər onun zəhmindən. Qorxublar ki, əsəbiləşər. Ancaq alimi bir balaca təhlil edəndə onun necə alicənab və insanpərvər biri olduğu ortaya çıxır. Məsələn, bəzən hətta bir-birindən fərqli bahalı geyim dəstlərini dolayı yolla tələbələrinə göndərib ki, bəs “filankəsin dirsəyi parıldayırdı, get, bunu ver ona”.
 
Ancaq o təkcə sosial fiqur olmayıb. Misal üçün, atası qatı kommunist olan alimin özü bu dünya görüşünü mənimsəməyib. Azərbaycan müstəqillik qazanandan sonra öndə gedən ziyalılardan biri də Azad Mirzəcanzadə olub. Dövrünün bir çox hökumət adamı ilə əlaqədə olub. Hətta Əbülfəz Elçibəy ilə yaxın dost olublar ki, elə onun haqqında yayılan məşhur hekayələrdən biri də, məlum dostluqla bağlıdır.
 
Sən demə, əvvəllər Elçibəy ona Bakı Dövlət Universitetinin rektorluğunu təklif edib. Ancaq Mirzəcanzadə işi şəxsi həyata qatmağın tərəfdarı olmadığından bu təklifdən boyun qaçırıb. Ancaq Ali Attestasiya Komitəsi yarananda Elçibəyin ikinci jestini, yəni, komitə sədrliyi təklifini rədd edə bilməyib alim. O özü çox sonralar bu məsələ ilə bağlı deyib ki, Elçibəyi ikinci dəfə qırmaq istəməyib. Alim peşəsi ilə bağlı prinsipial mövqe sərgiləsə də, söhbət özünə gələndə mülayimliyinə görə kimsəyə etiraz edə bilməyib...
 
Sadəlik və insanlığı ilə məşhur olan alimin hobbilərinə də toxunaq gərək. Tar və pianoda əla ifa edib. Klassik musiqilərlə yanaşı, bədii ədəbiyyatı da çox sevib və bəlkə buna görə iş masasında Üzeyir Hacıbəylidən başqa kimsənin portreti olmayıb...
 
Əgər Mirzəcanzadəni portretləşdirmək istəsək, bu düşündüyümüzdən də çətin olacaq. Doğrudur, Mirzəcanzadələr ailəsi dedikdə indi yada cəmi ikicə nəfər düşür. 2004-cü il, yəni öldüyü ana qədər həyatını qardaşının yolunda şam kimi əridən bacısı və cəmiyyətin mayakına çevrilmiş özü...
 
Hətta ölümü belə mistik sayılacaq qədər müəmmalı birindən danışırıq. Çünki bacısının ölümündən sonra yavaş-yavaş zəifləyən alim, 2006-cı il, iyulun 17-də dünyasını dəyişib. İş orasındadır ki, professor ilə bacısı İradə xanımın ölümü sanki bir-birini cəzb edib. Hələ sağ ikən də onlar arasında ruhi rabitə olmasından danışırmışlar. Bəlkə də bu rabitənin nəticəsi idi ki, 2006-cı ildə, 78 yaşında dünyasını dəyişən Azad İradə xanımla eyni yaş, eyni gün, eyni palata, hətta eyni çarpayıda vəfat edib. Balans dediyi şey də bu imiş yəqin...
 
İndi ötəri nəzərlə geriyə baxıb sual vermək olar ki, Mirzəcanzadələr ailəsindən geriyə nə qalıb? Elmi nailiyyətləri, cəmiyyətə miras qoyduğu müəllim, akademik və professorlar...? Onun yoxluğu qarşısında bu ifadələr lap təsəlliyə oxşayır axı ... Alimin boşluğu o qədər aydın hiss olunur ki, düşünürsən ki, davamçısı gələnə qədər masasındakı dağınıqlığı heç kim heç vaxt təmizləyə bilməz. Sanki, ölümü ilə bütün elmi camiənin balansını pozub axı Mirzəcanzadə... Pozub ki, onun bir nəfərlik yoxluğunu milyonlardan ibarət Azərbaycan xalqı doldursun... öz elmi ilə... Alimin təbirincə desək, bilmirəm, izah edə bildimmi?
 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10