SSRİ-də “Lenin” ordeni ilə ən çox təltif olunan iki nəfərdən biri Nikolay Patoliçev olub ki, Kreml bu ali mükafatı ona 11 dəfə təqdim edib. Patoliçev həm də nazir kürsüsündə rekorda imza atıb, o, 27 il fasiləsiz olaraq SSRİ xarici ticarət naziri vəzifəsində işləyib.
1908-ci ildə Nijneqorod vilayətinin Volodarski rayonunda anadan olan Nikolay Patoliçev texniki peşə məktəbində təhsil aldıqdan sonra ilk əmək fəaliyyətinə çilingər kimi Sverdlov adına zavodda başlayıb. 1928-ci ildən komsomol orqanlarında fəaliyyətini davam etdirib, zavod ilk komsomol təşkilatının katibi olub. Daha sonra o, Moskvada Kimya Müdafiəsi Hərbi Akademiyasında ali təhsil alıb, 1-ci Moskva motoatıcı diviziyasında xidmət edib.
1940-cı ildə ordu generalı Andrey Xrulyov Patoliçevi Stalinlə tanış edib. Bu tanışlıq onun gələcək karyerasında mühüm rol oynayıb.
Stalinin diqqətində olan Patoliçev Yaroslavl vilayət Partiya Komitəsinə birinci katib təyin edilib. Sovet-alman müharibəsi başlandıqdan sonra isə onu Çelyabinsk vilayətinə birinci katib göndəriblər. Bu təyinat Patoliçevin bütün siyasi fəaliyyətində ən ağır illər sayılıb. Belə ki, Dövlət Müdafiə Komitəsinin təxliyə ilə bağlı qərarında 200-dən artıq zavod və fabrikin, müəssisələrin Çelyabinskə köçürülməsi nəzərdə tutulub. Bu mürəkkəb və çətin işin öhdəsindən Patoliçev layiqincə gəlib və müasirlərinin söylədikləri kimi Stalinin sevimli kadrlarından birinə çevrilib.
Çelyabinskdəki çətin günləri Patoliçevin qızı atası haqqında yazdığı kitabında belə xatırlayıb:
“Müharibənin ən qızğın dövründə atamı Çelyabinskə birinci katib göndərdilər. Təyinatdan əvvəl Stalin onu qəbul etmişdi. Həmin gün atam evə gecə saat 3-də qayıtdı, hamımızı yuxudan oyatdı və hazırlaşmağımızı bildirdi. Çelyabinskdə ikiotaqlı mənzildə yaşayırdıq. İki xalam da uşaqları ilə bizimlə qalırdı. Evdə 16 nəfər idik. Çətin olsa da alışmışdıq bu vəziyyətə. Təkcə atam işləyirdi. Biz digərlərindən fərqlənmirdik. Hamı kimi ərzaq qıtlığı bizim evdə də var idi. Atam vəzifəsindən sui-istifadəyə yol verən adam deyildi. Bəzən günlərlə üzünü görmürdük, evə gələndə də bir neçə saatdan sonra yenidən işə qayıdırdı, heç kabinetində də oturmurdu, bütün günü ərazilərdə, zavod və fabriklərdə, müəssisələrdə gəzirdi...”
1946-cı ildə Stalinin təşəbbüsü ilə Patoliçev Moskvaya, Mərkəzi Komitəyə əvvəlcə şöbə müdiri, sonra Mərkəzi Komitənin katibi vəzifəsinə gətirilib.
1947-ci ildə “Pravda” qəzetində Dnepropetrovsk vilayəti və vilayətin birinci katibi Leonid İliç Brejnev haqqında tənqidi yazı gedəndə məhz Patoliçev gələcək baş katibi xilas edib, onu vəzifəsindən uzaqlaşdırmağa imkan verməyib.
Patoliçev həmçinin 1940-cı ildə gələcəyin digər baş katibi Yuri Andropovun da siyasi karyerasında böyük rol oynayıb. Andropovun Kareliya komsomoluna birinci katib göndərilməsi Patoliçevin xahişi ilə baş tutub.
1950-ci ildə Siyasi Büro Belarusiya Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyinatı ilə bağlı müzakirə aparanda Patoliçevin namizədliyi yekdilliklə qəbul edilib və o, 1950-1956-cı illərdə Belarusiya müttəfiq respublikasına rəhbərlik edib.
Nikita Xruşşov hakimiyyətə gəldikdən sonra apardığı kadr islahatlarında Patoliçevin də vəzifəsini dəyişib, onu xarici işlər nazirinin müavini təyin edib. O, bu vəzifədə çox işləməyib. 1957-ci ildə antipartiya qrupu (Molotov, Malenkov, Kaqanoviç) Xruşşovu hakimiyyətdən devirmək istəyəndə Patoliçev baş katibi müdafiə edənlərdən biri olub. Bu xidməti unutmayan Xruşşov Patoliçevi 1958-ci ildə SSRİ xarici ticarət naziri təyin edib.
Xruşşovun hakimiyyəti özünəməxsus idarə etməsi üsulu çoxları kimi Patoliçevi də qane etməyib. Digər bir tərəfdən onun Brejnevlə dostluq münasibətləri olub. Elə bu iki səbəbdən də 1964-cü ildə Xruşşovun devrilməsi planında Patoliçev fərqli mövqe tutub, saray çevrilişində fəal iştirak edib.
Brejnevin hakimiyyətə gəlməsi Patoliçevin vəzifə dayaqlarını daha da möhkəmləndirib. O, bütün məsələləri birbaşa Brejnevlə həll edib. Baş katib Nazirlər Sovetinin iclasında iştirak edəndə bir çox məsələlərlə bağlı Patoliçevə müraciət edib ki, bu da Nazirlər Sovetinin sədri Aleksey Kosıginin qıcıqlanmasına səbəb olub.
27 il nazir kürsüsündə əyləşən Patoliçev 1985-ci ildə, 77 yaşında səhhəti ilə əlaqədar ərizə yazaraq vəzifəsindən könüllü azad olunub.
Ömrünün son illərində memuarlarını yazmaqla məşğul olan sabiq nazirin bir neçə kitabı işıq üzü görüb.
Patoliçev öz dövrünün məmurları arasında sadə həyat tərzi sürən nazir kimi yadda qalıb. Bununla bağlı ən maraqlı faktlardan biri odur ki, nazir 30 il eyni bir sadə saatı taxıb. Köməkçisi Vladimir Lyaqinov müsahibələrində qeyd edib ki, Patoliçev yalnız 3 ildən bir saatın kəmərini dəyişməklə kifayətlənirmiş.
Nikolay Patoliçev 1989-cu ildə, 81 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbiristanlığında dəfn olunub