Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Moskva metrosunun ən həyəcanlı günləri – sıxlıqdan həlak olan insanlar, stansiyada Mərkəzi Komitənin iclası, Jukovun qətiyyəti...


1935-ci ildə istismara verilən Moskva metrosu istismar xətlərinin uzunluğuna görə dünyada dördüncü, intensiv istifadəsinə görə isə altıncı yerdədir. Bu illər ərzində Moskva metrosunda insan ölümləri ilə nəticələnən terror aktları və qəza hadisələri də baş verib ki, bu haqda mətbuat vasitəsilə ictimaiyyətə məlumat verilib.

Amma 1941-ci ilin iyulun 23-də metroda 70 nəfərin həlak olması, yüzlərlə insanın müxtəlif dərəcəli bədən xəsarəti alması uzun illər gizli saxlanılıb. Bu haqda yalnız 1990-cı illərin sonlarında kütləvi informasiya vasitələrində informasiyalar və geniş təfərrüatlı yazılar dərc olunub.

22 iyun 1941-ci ildə Almaniyanın SSRİ-yə hücumundan sonra iyulun 14-də Adolf Hitlerin imzaladığı əmrlə Moskva şəhərinə hava hücumu planı hazırlanıb. İlk aviasiya hücumu iyulun 22-də başlayıb ki, bu əməliyyatda almanların 220-dən artıq təyyarəsi iştirak edib. Hava hücumu Moskvada dağıntılara, insan ölümlərinə səbəb olub. Əhalinin müdafiə olunması üçün Moskva metrosundan sığınacaq kimi istifadə olunub.

Texnika elmləri doktoru Anatoli Voronin müəllifi olduğu “Moskva-1941” kitabında qeyd edib ki, həmin ərəfədə 100 mindən artıq Moskva sakini özlərinə metroda sığınacaq tapıblar. Stansiyalara axışan şəhər sakinlərinin sayı o qədər çox olub ki, onlar hətta tunellərdə qalmağa məcbur olublar.

İyulun 23-də isə alman təyyarələrinin atdığı bombalar “Arbat” stansiyasının girişinə düşüb. Təşvişə və panikaya düşən əhali metroya daxil olanda sıxlıq yaranıb. Sıxlıq nəticəsində metronun eskalator pilləsi tab gətirməyərək sıradan çıxıb. Nəticədə 70 nəfər (bəzi mənbələrə görə 112 nəfər) həlak olub, yüzlərlə insan yaralanıb. Eyni hadisə “Smolensk” stansiyasında da baş verib. 14 nəfər bombanın partlayışı zamanı tunelin altında qalıb.
Əhalinin təşvişə düşməməsi üçün baş verən hadisələr ictimaiyyətə açıqlanmayıb. Belə ki, metro hücumlardan qorunmaq üçün yeganə xilas yeri sayılıb. “Hava hücumu” ilə bağlı həyəcan siqnalı veriləndə metro insanların ikinci evinə çevrilib.

Çox qısa bir müddətdə metronun stansiyalarına əlavə girişlər açılıb. Metro işçiləri üç növbədə işləyiblər. Bununla yanaşı stansiyaların içərisində, həmçinin tunellərdə minimum yaşayış üçün şərait də yaradılıb. Xüsusilə uşaqlar, qadınlar və yaşlı insanlar üçün lazımi avadanlıqlar stansiyalara daşınıb.

Sentyabr ayında Dövlət Müdafiə Komitəsi metrodan sığınacaq kimi istifadə qaydalarını təsdiqləyib. İşıqlandırma, ventilyasiya, kanalizasiya sistemlərinin işlək vəziyyətdə olması üçün əlavə tədbirlər həyata keçirilib.

Moskva şəhər 2 nömrəli uşaq xəstəxanasının həkimi Vyaçeslav Morozov öz xatirələrində metroda yaşayışın uşaqlar üçün nə qədər çətin olduğunu belə xatırlayıb:

“Metronun ventilyasiya sistemi var gücü ilə işləsə də rütubət və hava çatışmazlığı uşaqların səhhəti üçün problem yaradırdı. Havasızlıq şəraitinə dözmək çətin idi. Amma ikinci bir çıxış yolu da yox idi. Hər gün xəstələnən uşaqların sayı artırdı. Moskva şəhər İcraiyyə Komitəsi bütün gücünü metroya sərf etmişdi. Dərmanlar, ərzaq məhsulları fasiləsiz stansiyalara daşınırdı. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilirdi. Müəllimlər uşaqlara stansiyalarda dərs deyirdilər. Hətta stansiyalarda kitabxanalar da yaradılmışdı. Bəli, biz yerin altında yerin üstündəki həyatı qurmuşduq...”

1941-ci ilin oktyabr və noyabr ayları Moskvanın ən ağır dövrü olub. Dövlət Müdafiə Komitəsinin təxliyə ilə bağlı qərarı olsa da, böyük şəhəri uzaqlara köçürmək mürəkkəb və çətin bir prosesə çevrilib.

Moskva metrosunun 1941-ci ildə yadda qalan günlərindən biri də oktyabr inqilabının ildönümü ərəfəsinə təsadüf edib. Metronun “Mayakovski” stansiyası əsl iclas zalını xatırladıb. Stansiyaya bayraqlar sancılıb, şüarlar vurulub, tribuna qoyulub, oturacaqlar düzülüb. Stalin bu stansiyada partiya və təsərrüfat fəalları ilə iclas keçirib. Sonda mədəniyyət və incəsənət xadimləri xüsusi hazırlanmış səhnədə konsert də veriblər.

Moskvanın tam təxliyə olunmasından sonra Dövlət Müdafiə Komitəsinin qərarı ilə almanların şəhəri işğal edəcəyi təqdirdə metronun partladılması nəzərdə tutulub. Bu qərarı Stalin Mərkəzi Komitənin iclasında bəyan edib. Qərarın mətnini çatdırdıqdan sonra isə üzünü Georgi Jukova tutub:

-Georgi Kanstantinoviç, biz Moskvanı saxlaya biləcəkmi?
Jukov Stalinə inamla və qətiyyətlə cavab verib:
 -Biz Moskvanı düşmənlərə təhvil verməyəcəyik.
Marşal Vasili Çuykov öz memuarlarında qeyd edib ki, Stalin Jukova həmin suala verəndə olduqca miskin və yazıq görünüb.
Jukov isə dediyinə əmin olub, Moskva almanlara təhvil verilməyib, Moskva metrosu isə çox keçməmiş normal ahənglə işini davam  etdirib.

İlham Cəmiloğlu, Musavat.com 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10