Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Həyatın qanunu”nu Stalinə anlada bilməyən yazıçı – Avdeyenkonun filmi 60 ildən sonra nümayişə buraxılıb


   




   SSRİ-nin 70 il mövcud olduğu illərdə Siyasi Büroda bir film haqqında altı saat müzakirələrin aparılması yeganə hadisədir. Özü də İkinci dünya müharibəsinin getdiyi bir dövrdə, SSRİ-nin böyük təhlükələrlə üz-üzə qaldığı bir ərəfədə, 1940-cı ildə.
Söhbət hansı filmdən gedir? Başda İosif Stalin olmaqla ölkənin siyasi liderlərini bu film hansı səbəblərdən bu qədər ciddi narahat edib?
Senari müəllifi Aleksandr Avdeyenko, rejissorları Aleksandr Stolper və Boris İvanov olan “Həyatın qanunu” filmi 1940-cı ildə kütləvi nümayişə buraxılıb. Ancaq bir neçə gündən sonra “NKVD” əməkdaşları prokatlarda filmin lentlərini möhürləyərək nümayişinə qadağa qoyublar. Məhz “Pravda” qəzetində film haqqında tənqidi yazı getdikdən sonra Mərkəzi Komitə tərəfindən “NKVD”-yə belə tapşırıq verilib.

Filmdə söhbət tibb institutunun tələbələrindən gedir. Onlar buraxılış gecəsi keçirmək üçün rektordan icazə alırlar və elə institutun akt zalında tədbir keçirirlər. Tədbirə yerli komsomol komitəsinin katibi Orenburqov da təşrif buyurur. Onun gəlişi ilə sakit tədbir daha da “canlanılır” və daha çox sərxoşların məclisini xatırladır. Ümumi süjet xəttində komsomol katibinin antisovet ideologiyası əks olunur. O, gənclərə azad olmağı, sərbəst düşünməyi, istədikləri kimi yaşamağı təbliğ edir və filmdə bir məhəbbət üçbucağı da yaranır ki, bu məsələdə də sovet mənəvi əxlaq kodeksi pozulur.
Əslində “Həyatın qanunu” filmində sosialist rejimini ciddi şəkildə tənqid altına salan, kommunist ideyalarına qarşı yönələn sərt süjetlər heç də şişirdildiyi qədər olmayıb. Yəni bu filmin nümayişini dayandırmaqla da hər şeyə son qoymaq mümkün olardı. Amma nədənsə Stalin sərt münasibət göstərməyə qərar verib. Elə “Pravda” qəzetində filmlə bağlı imzasız gedən məqalənin müəlliflərindən biri də Stalin olub. Sonralar məlum olub ki, həmin məqalə Mərkəzi Komitənin katibi Andrey Jdanov və Stalin tərəfindən yazılıb. Bunlar azmış kimi sovet lideri Siyasi Büronun iclasını da çağırıb.

Siyasi Büronun iclasını Jdanov açıb, o, yarım saatlıq məruzəsində filmin rejissorlarını və ssenari müəllifini sərt tənqid edib. Onun məruzəsi zamanı Stalin müdaxilə edərək rejissorlara haqq qazandırıb, bildirib ki, rejissorların günahı yoxdur, ssenari müəllifi hansı əsəri veribsə, onlar da onu çəkiblər.
Sonra büro üzvləri Aleksandr Avdeyenkoya qarşı “hücum”a keçiblər. Ssenari müəllifi az qala xalq düşməni kimi qələmə verilib.

Çıxışlara müdaxilə edən Stalin sonda uzun bir nitqlə filmə və ssenari müəllifinə münasibətini bildirib:
“...Siz diqqət yetirin, görün Aleksandr Avdeyenko sosialist ölkəsi üçün hansı bir Don Juanı yaradıb. “Uzanın, mən sizi ürəkdən sevirəm” – budur onun yaratdığı ədəbiyyat. Ədəbiyyat belə yazılsa, biz onu tezliklə dəfn etməliyik. Mən onu (Avdeyenkonu nəzərdə tutur) yaxşı tanıyıram. Onun güclü bir savadı yoxdur, rus dilini də mükəmməl bilmir. Yazıçının isə dəsti-xətti olmalıdır. Dil bilməyən bir kəsin hansı dəsti-xətti ola bilər? Donetskdə onu zibil yığan kimi tanıyırlar, özünə cındır yığan bir adam kimi. Orada kimdən Avdeyenkonu soruşsanız, deyəcəklər ki, hansı Avdeyenko, cındır yığan? Bəli, bu şəxs cındır yığa-yığa gəlib Moskvada özünə yer elədi. Kommunist Partiyasının üzvü olan şəxs dövlətə qulluq etməlidir, düşmənə yox. “Pravda” qəzetində filmlə bağlı tənqidi yazı gedəndə Avdeyenko qaçıb gizləndi. Amma o, Mərkəzi Komitəyə gəlməli idi, məsələlərə aydınlıq gətirməliydi. O, qorxaqdır və cəmiyyətimiz üçün yarasız bir adamdır...”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10