Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Fotojurnalistlərin vanna otağında fotosesiyası – onlar Hitlerin şəxsi əşyalarından da istifadə ediblər TARİXİ FAKTLAR



                                                   
Dünyada milyonlarla fotolar çəkilib, adi həyat səhnələri, muzeylər, tədbirlər, ekskursiyalar, müharibələr, təbiət və s. Amma çox az hallarda çəkilən bir şəkil dünyanın diqqətini özünə cəlb edə bilib. Belə şəkillərdən biri də İkinci Dünya müharibəsinin sona çatdığı günlərdə kadrlara düşüb.
1945-ci ilin may ayında Avropanın və ABŞ-ın populyar mətbuat orqanlarının birinci səhifəsində yer alan vanna otağındakı qızın şəkli dünyanın marağına səbəb olub. Ona görə yox ki, qızın yarımçılpaq bədəni görünüb. Çox sadə vanna otağında qeyri-adi bir aksessuar, qızıl duş, qızıl vanna da olmayıb ki, diqqəti cəlb etsin. Marağa səbəb vanna otağının kimin mənzilində yerləşməsi olub...
Amerika qoşunları Münhen şəhərinə 30 aprel 1945-ci ildə daxil olublar. Məhz Adolf Hitlerin intihar etməsi də bu tarixə təsadüf edib. Şəhərdəki tikililərin 70 faizdən çox hissəsi dağılıb ki, Münhen böyük bir xarabalığı xatırladıb.
                              

      ABŞ qoşunları ilə birgə Münhenə iki amerikalı fotojurnalist də gəlib - Li Miller və Devid Şerman. Li  “Vogue”, Devid “Life” jurnalında çalışıb. Münhendə hərbçilər kazarmalara yerləşdiriliblər, fotojurnalistlər isə dağılmış şəhərdə özlərinə yer axtarmağa başlayıblar. Onlar əvvəlcə küçələrdə çox seyrək görünən yaşlı sakinlərdən birinə yaxınlaşıb şəhər haqqında ümumi məlumat  toplayıblar. Həmin şəxs jurnalistlərin xahişini məmnuniyyətlə yerinə yetirib, hətta bir neçə küçəni onlarla birlikdə gəzərək bələdçilik edib. Növbəti küçəyə keçəndə bələdçi onlara Printsreqgentenplats 16-da yerləşən evi göstərib və bildirib ki, həmin ev Adolf Hitlerə məxsus olub.
“Ekskursiya” bununla da yekunlaşıb. Jurnalistlər ezamiyyətləri müddətində yaşamaq üçün fürerin evini seçiblər. Mənzildə hər şey qaydasında olub, tikiliyə heç bir zərər dəyməyib. Su, elektrik enerjisi, kanalizasiya normal vəziyyətdə işləyib, mənzildə istifadə üçün yetərincə ev avadanlıqları da səliqəli və işlək vəziyyətdə qalıb.
Jurnalistlər fürerin evində özlərini ev sahibi qədər rahat hiss ediblər. İlk növbədə isə onlar peşə borclarını yerinə yetirməyə başlayıblar. Bu haqda mətbuata fotolarla birgə təqdim etdiyi yazıda Devid Şerman aşağıdakıları qeyd edib:
                               
    “Biz Münhenə girməmişdən əvvəl almanların ilk saldığı əsir düşərgələrindən biri olan Dahau düşərgəsinin azad olunması əməliyyatında iştirak etmişdik. Həmin düşərgə Münhenin yaxınlığında yerləşirdi. Oradakı dəhşətləri sözlə ifadə etmək mümkün deyil. Dahau sözün əsl mənasında ölüm düşərgəsi idi. Gördüyümüz mənzərələr bizi sarsıtmışdı, mənəvi cəhətdən dözülməz dərəcədə yüklənməşdik. Bu yükdən hansısa bir yolla xilas olmaq istəyirdik. Fürerin mənzilində qərara gəldik ki, bu yükü su ilə “yuyaq”. Beləliklə də, fotosesiyaya başladıq. Hitlerin şəklini vannanın üst tərəfinə qoyduq, Dahau düşərgəsində palçığa bulaşmış əsgər çəkmələrimizi isə vannanın qarşısına. Bununla biz dünyanı “çirkab”a batıranla çirkaba batmış çəkmələrin arasında duşun altında mənəvi təmizliyə çıxmaq səhnəsini yaratmağa çalışdıq və həm də bu fotosesiya ilə dünyaya demək istədik ki, artıq faşistlərin lideri yoxdur, onun mənzilində isə sülhü sevənlər bərqərar olublar...”  
Fürerin Münxendəki mənzili 9 otaqdan, 4 xidməti otaqdan, qarderobdan, iki vanna otağından və mətbəxdən ibarət olub. Mənzilin dizaynı məşhur alman rəssamı Herdi Troost tərəfindən verilib. Mənzildə gözqamaşdıran qeyri-adi bir şey olmayıb, amma otaqların quruluşu, rəng seçimi, ideal səliqə sahman evə xüsusi bir gözəllik verib.
Adolf Hitler 1929-1933-ci illərdə bu mənzildə yaşayıb. Hakimiyyətə gəldikdən sonra da o, mənzili özündə saxlayıb və Münhenə səfərləri zamanı məhz bu evdə qalıb.
Fürerin Münhendəki mənzili daha çox iki hadisə ilə yadda qalıb. Bunlardan birincisi siyasi xarakterli hadisədir ki, 1938-ci ildə Adolf Hitler Böyük Britaniyanın və İtaliyanın baş nazirlərini məhz bu mənzildə qəbul edib və bu “Münhen razılaşması” sənədi məhz bu mənzildə imzalanıb.
İkinci yadda qalan hadisə isə Hitlerin şəxsi həyatı ilə bağlı olub. Fürerin bacısı qızı Angela Rabual bir müddət  bu mənzildə yaşayıb. Hitlerlə Rabualın münasibətləri isə heç də təkcə qohumluq münasibətləri üzərində köklənməyib. 1931-ci ildə Angela Rabual bu mənzildə intihar edib. Bəzi versiyalara görə intiharın səbəbi Yeva Braunun Hitlerə yazdığı məktubların Angela Rabualın əlinə keçməsi olub. Məktubları oxuduqdan sonra Rabual anlayıb ki, Hitlerin həyatında onun daha çox diqqət yetirdiyi başqa bir qadın – Yeva Braun var. Fürerin başqa qadına olan münasibətinə dözməyən Rabual özünü öldürməyə qərar verib.
                               
   Hitlerin Münhendəki mənzilindəki fotosesiyanın maraq doğurmasının digər bir səbəbi isə tarixlə bağlı olub. Bəziləri elə düşünüb ki, bu çəkiliş əvvəlcədən planlaşdırılıb, məhz Hitlerin intihar gününə müəyyənləşdirilib. Bu haqda fotosesiyanın digər müəllifi Li Miller mətbuata açıqlama verərək məsələyə aydınlıq gətirib:
“Fotosesiyanın aprelin 30-da edilməsi sırf təsadüfi olub. Biz əvvəlcədən heç nə planlaşdırmamışdıq. Hətta həmin gün Hitlerin intihar etməsindən də xəbərsiz idik. Sadəcə əlimizə gözəl bir şans düşmüşdü, dünya iddialı bir şəxsin mənzilində çəkiliş aparmaq şansı. Biz bu şansdan səmərəli istifadə etdik. Amma həmin mənzildə təkcə vəzifə borcumuzu yerinə yetirmədik. Həm də ezamiyyət günlərində orada yaşadıq, fürerin şəxsi əşyalarından da istifadə etdik...”
Beləliklə, amerikalı fotojurnalistlər 1945-ci ilin qələbə günlərində dünyanın ən populyar reportyorlarına çevriliblər.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10