Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Baydenin “sehrli çubuğu”: Ermənilər “öz yağlarında” hələ çox qovrulacaqlar


İrəvanda ABŞ səfirliyinin maliyyə dəstəyi ilə ABŞ-erməni politoloji forumu öz işinə başlayıb. Rusiyalı analitik İqor Korotçenkonun bununla bağlı öz telegram-kanalında yazdığına görə, erməni və amerikalı ekspertlərin çıxış edəcəyi tədbirdə əsas sual yəqin ki, bu olacaq: İrəvan Vaşinqtondan nə istəyir və Ermənistan ABŞ-a nə verə bilər?
Sualın ikinci hissəsindən başlamaq lazım gəlir. Aydındır ki, nə qədər boş vədlər səslənsə də, Rusiyanın hərbi qalası statusunu saxlaya-saxlaya Ermənistan ABŞ-a ziyandan savayı heç bir fayda verə bilməz. Amerikada bunu ekspertlərsiz-zadsız da yaxşı anlayırlar. Ciddi təbii sərvətlərdən məhrum, blokada altında inləyən cırtdan və “iqzoy” Ermənistanın ABŞ-dan ötrü hansısa iqtisadi, logistik, investisiya önəmi daşımasından isə söhbət belə gedə bilməz – həm də qonşuluqda Azərbaycan kimi iqtisadi-maliyyə cəhətcə qat-qat güclü, bloklara qoşulmayan müstəqil dövlət ola-ola.
Sadalanan reallıqlar fonunda Birləşmiş Ştatlar “əti Rusiyanın, sümüyü mənim” prinsipi üzrə Kremlin forpostunu niyə gücləndirməlidir ki? Məntiq varmı? Yoxdur. Elə ona görə də ABŞ-ın əsas hədəfi əvvəlcə Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaqdır.
Bundan ötrü hətta 2018-ci ildə Ermənistanda “məxməri inqilab” da həyata keçirilib – nəticə Ağ Evin ürəyincə olmasa da. Hər halda Nikol Paşinyan indi sələfi Serj Sərkisyandan da çox Kremldən asılı durumdadır, vaxtaşırı Rusiya ilə müttəfiqliyin prioritet, alternativsiz olduğu haqda bəyanatlar verir. Bu azmış kimi, ölkədə Rusiya hərbi mövcudluğunun güclənməsinə yönəlik addımlar atılır. Zəngəzur (Sünik) bölgəsində 102 saylı Gümrü hərbi bazasının iki əlavə dayaq məntəqəsinin yaradılması bu qəbildəndir. Ayrı sözlə, Rusiya “arxa bağça” saydığı Ermənistanda hərbi baxımdan daha da möhkəmlənib.
Postsovet məkanında ən böyük səfirliyi İrəvanda quran, hələ də çox sayda erməni QHT-lərini maliyyələşdirən ABŞ-ı isə təbii ki, bu gəlişmələr, yumşaq desək, qane eləmir. Üstəgəl, Qarabağda Rusiya sülhməramlılarının peyda olması ilə ABŞ regionda faktiki oyundan kənar vəziyyətə düşüb.
Sözü ona gətiririk ki, ABŞ-ın Ermənistana nəsə verməsi üçün öncə Ermənistan öz söz sahibliyini Rusiyadan alıb özünə qaytarmalıdır, nəinki Moskvanın ağzına baxmalıdır. Erməni siyasi isteblişmenti buna hazırdırmı? Ruslardan narazılıq güclü olsa da, son rəy sorğuları göstərdi ki, erməni əhalinin yarıdan çoxu əsas qarant dövlət qismində yenə Rusiyanı görür.
İş də ondadır ki, hiyləgər ermənilər ən əvvəl Türk faktoruna görə Rusiyanı itirmək istəmirlər. Hər necə olmasa, ABŞ uzaqda, Rusiya yaxındadır. Nə qədər qəribə də olsa, neçə vaxtdır elə qərbyönlü Nikol Paşinyan da eyni taktikanı – “iki stul” siyasətini yürütməyə çalışır. Yəni Ermənistan istəyir ki, onun bir “əlindən” Rusiya, digərindən ABŞ tutsun – bir növ, ortaq siyasi “izdivac”dan doğulan ərköyün uşaq kimi.
Bu isə mümkünsüzdür. Daha bir səbəbə: ABŞ və Rusiya, hələ uzun müddətə bir-birinə qarşı geosiyasi rəqiblər, hətta düşmən olaraq qalacaq. Ermənilər bunu da bilirlər. Ona görə bu iki supergücün bölgədə Ermənistan uğrunda yox, məhz Azərbaycan və Türkiyənin üstündə dalaşmasını istəyirlər. Artıq tarixdə qalan Qarabağ məsələsini təzədən “dirçəltmək”, sərhədlə bağlı süni gərginlik yaradıb Qərbi Bakı və Ankaraya qarşı qoymaq cəhdlərinin arxasındakı bir məram da budur. Rusiya isə təmkinli davranaraq, Bakı və İrəvana özünün də iştirakı ilə ortaq komissiya yaratmaq təklif edib.
Əlbəttə ki, nankor ermənilər məmnuniyyətlə Rusiyanı atıb ABŞ-ı və onun silahlarını tutardılar. Di gəl, əlahəzrət reallıq var. Zaman və sərt gerçəklik onların əleyhinədir. Odur ki, “öz yağlarında qovrulmağa” davam edirlər...
Digər rusiyalı politoloq Qriqori Trofimçuk bu xüsusda hesab edir ki, ABŞ bölgədə “erməni kartı” vasitəsi ilə Rusiyaya təzyiq göstərmək planlarından əl çəkməyib.
Musavat.com-un məlumatına görə, bu barədə o, Vesti.az-a danışıb. “Problem (Bakı və İrəvan arasında ziddiyyət – red.) ABŞ-ın Rusiyaya təzyiqini artırmaq üçün bir vasitə qismində də Qarabağ məsələsi çərçivəsindən kənara çıxmağa qadirdir”, – politoloq deyib.
Analitik təəssüflə vurğulayıb ki, Ermənistan əhalisi hazırda nə sovet kartoqraflarının xəritələrinə tam uyğun olan sərhədləri, nə də heç bir yeni və ya köhnə sərhədi qəbul etmək istəmir: “Bu, bir həqiqətdir və onunla bağlı nəsə eləmək lazım gələcək. Əlbəttə ki, onların müqavimətini yeni bir müharibə, belə demək mümkünsə, “üçüncü Qarabağ”la qırmaq olar. Ancaq çətin ki, bu, delimitatorların planlarına daxil olsun. Artıq erməniləri heç bir şey ərazidəki işlərin 1989, 1918 və digər illərin və əsrlərin xəritə-formatına uyğun aparıldığına inandıra bilməz”.
Trofimçuka görə, əsas problem budur: “Təbii ki, erməni əhalisi arasında narazılığı ciddiyə almadan buna getmək olar. Amma gec-tez problem özünü göstərəcək, çünki erməniləri bütün qalan həyatlarını kəsilmiş rezervasiyada yaşamağa inandırmaq mümkün deyil. Onlar bu vəziyyətdən çıxış yolu tapmağa çalışacaqlar, əks halda onlar erməni olmazdılar. Ona görə də Rusiya XİN-i təki yeni Qarabağ müharibəsi olmasın deyə, kartoqrafiya məsələlərinin hərtərəfli, davamlı, hətta sonsuz bir şəkildə nəzərdən keçirilməsinə ümid edir. Bölgədə nəqliyyat blokadasının qaldırılmasının ermənilərə tam olaraq nə kimi faydaları olduğu hələ onlara izah edilməyib. Bu, hər bir erməni ailəsi üçün faydalı olacaq. Özləri üçün heç bir fayda görməyən ermənilər, sövq-təbii, altdan-altdan qisasa və yeni bir müharibəyə hazırlaşacaqlar – hansı müharibəni ki, onlar fərqli müttəfiqlər və yeni silahların köməyi ilə həyata keçirməyə ümid edirlər”.
Yəni ki, Putini atıb “Sem dayını” tutmaq məsələsi. Riskli oyundur. Çünki ABŞ-ın ermənilər üçün məxsusi “sehrli çubuğu” yoxdur. Ümumiyyətlə, yoxdur...





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10