Cenub.az saytı İldırım Şükürzadənin Bəliton kəndi haqqında yazısını oxuyuculara təqdim edir:
Bəliton Lənkəran rayonunun yaşayış məntəqələrindən biridir. Kənd Lənkəran şəhərindən 35 km şimal-qərbdə, Talış dağlarının qoynunda yerləşir. Şərqdən Horavenc kəndi, qərbdən Lerik rayonu və meşələrlə əhatə olunmuşdur. Bəlitona yaxın olan yaşayış məntəqələri sırasında Günəhir (Qunəhır) və Şivlik (Şıvlik) kəndləri də vardır.
Bəliton kəndinin ərazisi 222 hektardır. Kənddə 1989-cu ildə 714 nəfər, 2008-ci ildə 680 nəfər, 2019-cu ildə 824 nəfər yaşamışdır.
Bəliton kəndi Lənkəran rayonunun 93 yaşayış məntəqəsi sırasında ərazisinə görə 50-ci, əhalisinin sayına görə isə 64-cü yerdə durur.
Kəndin adı gah Bəleton, gah Baliton, gah da Bəliton kimi qeyd olunur. Toponim 1917-ci ildə Bəleton, 1968-ci ilə aid Azərbaycan SSR-in inzibati-ərazi bölgüsündə Baliton, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə (2013) isə Bəliton şəklində qeydə alınmışdır.
Qeyd edək ki, yaşayış məntəqəsi talış dilində Bəleton adlanır. Bəleton toponiminin izahı ilə bağlı “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə yazılır: “Baliton kəndi – Tədqiqatçıların fikrincə, talış dilindəki bal (gilas) və ton (tərəf, səmt) sözlərindən ibarət olan bu toponim “gilas ağacları olan yer” mənasındadır. Talış dilində bəlet “kiçik qapı, doqqaz” deməkdir, -on isə - an (yer, məkan) şəkilçisinin yerli dilə məxsus variantıdır. Kəndin coğrafi mövqeyi ilə bağlı adlandırılmışdır” (I cild. B., 2007, səh. 79).
“Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti” kitabından oxuyuruq: “Baliton kəndi – bal talış dilində “gilas”, “i” birləşdirici sait və ton “tərəf” sözlərindəndir – “Gilaslı kənd” (Budaq Budaqov, Nadir Məmmədov. B., 2008, səh. 21.).
Yuxarıda adları qeyd olunan kitablarda Bəliton toponiminin talış dilində “gilaslı kənd”, “gilas ağacları olan yer” (?) kimi izahı bir qədər maraq və həm də təəccüb doğurur.
Qeyd etdiyimiz kimi Bəliton toponimi talış dilində Bəleton adlanır. Bəliton Bəletonun təhrifə uğramış adıdır. Bəleton/Bəliton talış dilində şəffaf toponimdir. Talış dilində “bəlet” – pələt, çöl, həyət qapısı, ağacdan keçirmə qapı, “on” – isə lar, lər cəm şəkilçisidir. Bəleton/Bəliton talış dilindən Azərbaycan dilinə tərcümədə “pələtlər” (ağacdan keçirmə qapılar), “qapılar” mənasını verir.
Bəliton toponiminin talış dilində “pələtlər”, “qapılar” kimi izahı “Lənkəran” (Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. B., 1990), “Talış toponimlərinin qısa izahlı lüğəti” (Musarza Mirzəyev. B., 1993), “Lənkəran toponimləri” (İldırım Şükürzadə. B., 2012) və “Lənkəran: ensiklopedik məlumat” (Mirhaşım Talışlı, Etibar Əhədov. B., 2014) kitablarında da öz əksini tapmışdır.
Azərbaycan Respublikasının tarix və mədəniyyət abidələri sırasında Bəliton kəndində hansısa bir abidə adına rast gəlinməsə də, kəndin ərazisindəki qədim qəbiristanlıqlar və təsərrüfat işləri zamanı burada aşkarlanmış maddi-mədəniyyət nümunələri, antik dövrə aid sikkələr Bəlitonun qədim tarixindən soraq verir.
Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Ötən əsrin sonlarına qədər kənddə camışçılıq mühüm yer tutmuşdur. Sovet dönəmində Bəlitonda “28 Aprel” adına sovxoz fəaliyyət göstərmişdir. Sovxoz Günəhir, Bəliton, Horavenc, Şivlik, Türkəncil və Qodəsə kəndlərini əhatə etmişdir. “28 Aprel” sovxozunun əhatə etdiyi yaşayış məntəqələri dağlıq ərazi olduğundan və buradakı torpaqlar əkinə nisbətən yararsız olduğundan dövlət “28 Aprel” sovxozu üçün rayonun Marso (indiki Ürgə) adlanan ərazisində ayrıca torpaq sahəsi ayırmışdır. Sovxoz tərəvəzçilik və çayçılıq üzrə ixtisaslaşmışdır. Sovxozun 1987-ci ildə illik tərəvəz planı 2000 ton, çay planı isə 146 ton olmuşdur. Sovet dövləti (SSRİ) parçalandıqdan sonra (1991) sovxoz və kolxozlar dağılmış, əvəzində istehsalat kooperativləri yaranmışdır.1997-ci ildə ölkədə həyata keçirilən aqrar islahat nəticəsində torpaqlar pay bəlli torpaq sahəsi kimi pulsuz olaraq kəndlilərə paylanmışdır.
Bəliton kəndində sosial obyektlərdən tam orta məktəb, klub, kitabxana, feldşer-mama məntəqəsi vardır. 2014-cü ildə məktəb üçün müasir tələblərə cavab verən iki mərtəbəli bina tikilmişdir. Kənddə icra nümayəndəliyi də fəaliyyət göstərir. Bəliton kəndi əvvəl Gəgiran, sonra isə Günəhir kənd inzibati ərazi dairəsinin tərkibində olmuşdur. 25 oktyabr 2011-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Bəliton kəndi Günəhir kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, Bəliton kəndi mərkəz olmaqla Bəliton kənd inzibati ərazi dairəsi yaradılmışdır. Bəliton kənd inzibati ərazi dairəsi Bəliton, Horavenc və Şivlik kəndlərini əhatə edir. Bəliton kəndinin ilk icra nümayəndəsi Anar Əsgər oğlu Heydərov (Horavenc kəndi, müəllim) olmuşdur.
2000-2009-cu illərdə kənddə bələdiyyə fəaliyyət göstərmişdir. Bələdiyyə Bəliton mərkəz olmaqla Horavenc və Şivlik kəndlərini də əhatə etmişdir. 2010-cu ildə Günəhir bələdiyyəsi ilə birləşdirilmişdir. Bəliton bələdiyyəsinin sədri Azər Mirzəsən oğlu Həsənov olmuşdur.
Bəliton kəndinin tanınmışlarına misal olaraq Az.BETİ-nin “Heyvanların infeksion xəstəlikləri” şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Azər Həsənov, tanınmış xanəndə İmanverdi Ağayev, Lənkəran ŞİH Başçısının Vilvan kəndi üzrə nümayəndəsi olmuş Ağayar Yunusov, Azərsu ASC-nin mətbuat xidmətinin əməkdaşı, nəşriyyat redaktoru Mirbağır Yaqubzadə, ARDNŞ (SOCAR)-də sahə rəisi Talıb Ağayev, Azərbaycan Dövlət Statistika Komitəsində aparıcı məsləhətçi Mansur Ağayev, Dövlət Statistika Komitəsinin məsləhətçisi Samir Quliyev, Bank Respublikanın Lənkəran filialının kredit mütəxəssisi Elbrus Həsənov və digərlərini göstərmək olar.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi
P.S. Macarıstanda Balaton adında göl vardır.