Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Köhnə şinelli rəhbər”in seyfindən çıxan 3 milyon – Stalinin sadə həyat tərzi barədə əfsanələr


Dövlət başçılarının şəxsi həyatı, yaşam tərzi, məişəti, pula münasibəti cəmiyyətdə həmişə böyük maraq doğurub. Hakimiyyətdə olduqları dövrdə bütün bunlar gizli saxlanılıb. SSRİ-də də birincilərin kabinetdən kənar həyatı dövlət sirri qədər cəmiyyətə qapalı olub. Xüsusilə də, 30 il hakimiyyətdə olan Stalin haqqında informasiyaların cəmiyyətə sızmasının qarşısı mümkün qədər alınıb. Amma tarixdə heç nə gizli qalmır, birincilərin sirləri zaman-zaman “məxfi”likdən çıxaraq ictimaiyyətə təqdim olunur.
İosif Stalin siyasi fəaliyyətində ziddiyyətli və mürəkkəb olduğu kimi, şəxsi həyatında da anlaşılmaz olub. O, uzun illər “köhnə şinelli rəhbər” kimi təqdim olunsa da, heç də sadə həyat tərzi sürməyib, ən bahalı maşınlarada gəzib, bağ evinin şəraiti heç də avropalı həmkarlarından geri qalmayıb, həftədə iki-üç dəfə silahdaşlarını dəvət etdiyi ziyafətdə süfrəyə sıravi vətəndaşlar üçün əlçatmaz sayılan nemətlər düzülüb və bütün bunların hamısı dövlət hesabına olub.
Hakimiyyətə gəldikdən sonra cibində pul gəzdirməyən Stalinin bağ evindəki bütün şkaflarda, yazı masasının siyirmələrində işində pul olan zərflərin sayı-hesabı olmayıb. Qızı Svetlana Alliluyevə öz xatirələrində bu məsələyə xüsusi diqqət ayırıb:
original.jpg (82 KB)
“Atamın yaşadığı bağda bütün dolablarda, yazı masasının siyirmələrində, hətta qab-qacaq servantında da içində pul olan zərflər olurdu. Atamın o pulların məbləğindən xəbəri olmurdu və heç vaxt həmin pullardan götürüb cibinə qoymurdu. Çünki xərcləməyə yeri yox idi. Ev, bağ, ərzaq, geyim, xidmətlər, hər şey atam üçün pulsuz idi. Bunun üçün xüsusi idarə var idi. Atamın bütün xərclərini həmin idarə ödəyirdi...”
Stalin səfərləri, görüşləri zamanı nəğd pul xərcləmək zərurəti yarananda mühafizəçilərindən pul alıb və geri qayıdan kimi dərhal “borc”unu qaytarıb. Ümumiyyətlə, müasirlərinin söylədiklərinə görə, pul məsələsində Stalin xəsis adam olmayıb.
Stalin-solo-e1488548289829-1024x794.jpg (136 KB)
Stalinin ən yaxın silahdaşlarından biri olan Vyaçeslav Molotov öz xatirələrində sovet liderinin pula olan münasibətini belə bölüşüb:
“Stalin çox səxavətli və əliaçıq adam idi. O, həmişə bizim məişət problemlərimizlə maraqlanırdı, çatışmayan məsələlərin həlli üçün birbaşa özü göstəriş verirdi. Amma bütün bunlarla yanaşı, onun üçün dövlət məmurlarının əndazəni aşan zəngin həyat tərzi yolverilməz idi. O, təkcə bizə qarşı belə deyildi. Şərait düşəndə tanımadığı adamlardan da köməyini əsirgəmirdi. Bir hadisəni xatırlatmaq istəyirəm. 1920-ci illərin sonları idi. Biz hamımız Kremldə yaşayırdıq. Həmin vaxtlar Stalinin güclü mühafizəsi yox idi. Tez-tez Stalinlə gəzintiyə çıxırdıq. Qış günlərinin birində yenə də axşam saatlarında gəzişirdik. Stalin papağının qulaqlarını da aşağı çəkmişdi, kənardan tanınmırdı. Gəzinti zamanı bizə bir dilənçi yanaşdı, əl uzadıb pul istədi. Stalin ciblərini qurdalayıb bir onluq tapdı və dilənciyə verdi. Dilənçi bir az aralandıqdan sonra bizi eçidəcək səslə Stalini lənətlədi:
- Lənətə gəlmiş burjuylar.
Stalin gülümsəyib dedi:
- Az verəndə də pis olursan, çox verəndə də.
Bir dəfə ona xaricə ezam olunanların ezamiiyyət pulu haqqında məlumat verəndə bildirmişdilər ki, ayrılan pul heç nəyə çatmır və bu xaricə gedən sovet vətəndaşlarının xarici vətəndaşlar qarşısında imicini aşağı salır. Həmin ərəfədə sovet nümayəndə heyəti Almaniyaya səfər edirdi. Stalin sutkalıq ezamiyyət xərcini 15 markadan 25 markaya qaldırdı...”
96-10.jpg (144 KB)
Çöldə səxavətli olsa da, Stalin ailədə pul məsələsinə fərqli yanaşıb. Hətta sevimli qızı Svetlananı belə “havayı” yaşamaqda suçlayıb. Svetlana Alliluyeva xatirələrində həmin günləri belə xatırlayıb:
“Jdanovlar ailəsindən ayrıldıqdan sonra atam mənə qarşı çox qəzəbli idi. Bir dəfə əsəbi vaxtında mənə dedi ki, havayı və hər şeyin hazırına yaşayırsan. Amma sonra biləndə ki, yeməkxanadan gətizdiriyim yeməklərin pulunu ödəyirəm, bir az sakitləşdi. O, mənim Kremldəki mənzildə yaşamağımı istəmirdi. Nəhayət, bir gün bu məsələni də həll etdik. Mənə şəhərdə ev verdilər. Mən azadlıq, insanlarla ünsiyyət haqqı qazandım. Kremldə bu mümkün deyildi. Köçəndə mənə dedi ki, belə daha yaxşıdır, ində sən nə dövlət maşınından, nə dövlət evindən, nə də dövlət bağından istifadə etməyəcəksən. Biz az-az görüşürdük. Görüşəndə mənə pul verirdi. Amma atam, xüsusilə 1947-ci ildəki pul islahatından sonra qiymətləri çox da ayrıd etmirdi. Onun yaddaşında inqilabdan əvvəlki pullar daha çox qalmışdı. 100 rubl, bu onun üçün ən böyük pul idi. Bir dəfə 3-4 min rubl verdi mənə, elə düşünürdü ki, bu milyon deməkdir. Hər şeyi köhnə pulla hesablayırdı...”
Stalin haqqında daha bir mif isə vəfatından sonra onun bağ evindən çıxan əşyaları və pulu ilə bağlıdır. Belə ki, siyahıda yalnız 6 kitel, 10 şalvar, 4 şinel, 4 furajka və 900 rubl olan əmanət kitabçası göstərilib.
Amma nədənsə “xalqlar atası” nın Kremldəki mənzilindəki seyfdə olan 3 milyon 763 min rubl və bir neçə bağlama xarici valyuta bu siyahıya salınmayıb. Stalinin bu pulu kimə və nəyə görə yığdığını isə özündən başqa heç kim bilməyib. Bu pulların kimə qismət olduğu da bu günə kimi müəmmalı qalıb.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10