Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Komsomolçuları təkcə Gəray bəy güllələməyib – onlara kommunistlər də divan tutublar


 
“Yeddi oğul istərəm” filmində ən yadda qalan səhnələrdən biri də Cəlalın güllələnməsi səhnəsidir. Bu səhnəni Gəray bəyin timsalında bütövlükdə sovet hakimiyyətinə qarşı çıxanların komsomolçulara qarşı intiqam, qisas, nifrət səhnəsi kimi də dəyərləndirmək olar. Amma komsomolun tarixinə kiçik bir ekskursiya etsək, şahidi olarıq ki, komsomolçuları güllələyən təkcə Gəray bəylər olmayıb. Elə kommunistlərin özləri onlara yetərincə divan tutublar. Bu məqamda Gəray bəyin məşhur ifadəsi yada düşür: “Çal aşıq, çal, komsomolun canı it canıdır”.
Əvvəlcə komsomol adının haradan yaranmasına diqqət yetirək. Bu söz “kommunistiçeskiy soyuz molodyoji” ifadəsinin qısaldılmış formasıdır. Komsomol orqanları Leninin təşəbbüsü ilə yaradılıb. Hələ 1917-ci il fevral inqilabı dövründə gənclərin ayrı-ayrı qruplar yaratması, bolşevik hərəkatına qoşulması zamanı Lenin vahid bir təşkilatın yaranması təşəbbüsünü irəli sürüb və bir ildən sonra təşkilat rəsmi status alıb.
1924-cü ildə Leninin vəfatından sonra Kommunist Gənclər Təşkilatının adı dəyişdirilərək Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (ÜİLKGİ – VLKSM) adlandırılıb.
SSRİ-nin mövcud olduğu dövrdə bütün illər ərzində komsomolun 160 milyon üzvü olub.

Fəaliyyəti dövründə komsomolun 22 qurultayı keçirilib. Komsomola bu illər ərzində 16 nəfər rəhbərlik edib. Onlardan altı nəfəri güllələnib, bir nəfəri sürgünə göndərilib.

Yefim Tsetlin, Oskar Rıvkin, Lazar Şatskin 1937-ci ildə, Nikolay Çaplin 1938-ci ildə, Pyotr Smorodin və Aleksandr Kosarev 1939-cu ildə Stalin repressiyasının qurbanları olublar. Aleksandr Milçakov isə ömrünün 16 ilini Maqadan düşərgələrində keçirib.
Komsomolun “qaməti” qismən Nikita Xruşşovun hakimiyyəti illərində düzəlib. Partiya orqanlarında yüksək vəzifə tutmaq üçün komsomol orqanlarında çalışanlara daha çox üstünlük verilib. Komsomol bir növ tramplin rolunu oynayıb.

Xruşşov ümumittifaq komsomolunun birinci katibi Nikolay Mixaylovu əvvəlcə Mərkəzi Komitəyə katib, sonra SSRİ mədəniyyət naziri təyin edib. Mixaylovun komsomoldan başlanan vəzifə karyerası SSRİ Nazirlər Soveti yanında Nəşriyyat, Poliqrafiya, Kitab ticarəti Komitəsinin sədri vəzifəsində yekunlaşıb.
1958-ci ildə SSRİ DTK-ya sədr təyin olunan Aleksandr Şelepin bu vəzifəyə komsomolun birinci katibliyindən gətirilib.
İki il komsomola rəhbərlik edən, əvvəllər isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsində işləyən Vladimir Semiçastnı da DTK sədri kürsüsünə komsomoldan transfer olunub.
Sergey Pavlov ümumittifaq komsomoluna 1959-1968-ci illərdə rəhbərlik edib. Brejnev onu SSRİ Nazirlər Soveti yanında Bədən tərbiyəsi və İdman Komitəsinə təyin edib ki, Pavlov Brejnev vəfat edənə qədər bu vəzifədə işləyib.

1968-ci ildə sovet komsomolunun rəhbərliyinə Yevgeni Tyajelnikov gətirilib. O, birincilər qarşısında “baş əyməyi” ilə yadda qalıb. Brejnevin hakimiyyəti dövründə Tyajelnikov müşavirələrdə çıxışına baş katibin müharibə illərindəki göstərdiyi “qəhrəmanlıqlarla” başlayıb. Andropovun dövründə isə o, baş katibin yazdığı şeirləri axtarıb ki, onlardan sitat gətirsin. Tyajelnikov komsomoldan sonra Mərkəzi Komitəyə şöbə müdiri təyin olunub. 1983-cü ildə Rumıniyaya səfir göndərilib. 1990-cı ildə SSRİ xarici işlər naziri Şevardnadze Tyajelnikovu vəzifəsindən uzaqlaşdırıb.
1977-1982-ci illərdə komsomolçulara Boris Pastuxov rəhbərlik edib. Sonra o, Daniyada və Əfqanıstanda səfir işləyib.
Ümumittifaq komsomolunun 1982-1986-cı illərdəki birinci katibi Viktor Mişin, 1986-1990-cı illərdəki rəhbəri Viktor Mironenkonun da gələcək karyeraları uğulu alınıb. Onlar biznes sektorlarında və ictimai təşkilatlarda yüksək vəzifələr tutublar.
Sonuncu birinci katib Vladimir Zyukin isə bu vəzifədə cəmisi beş ay işləyib. SSRİ süquta uğrayan kimi komsomol da tarixin arxivinə göndərilib.

SSRİ-də komsomolçu olmaq “havayı” başa gəlməyib. İşləyən komsomolçulardan aldığı əmək haqqına görə üzvlük haqqı tutulub. “Mərhəmətli” kommunistlər komsomolçu şagirdlərə güzəştə gediblər. Belə ki, hər bir komsomolçu şagirddən üzvlük üçün hər ay 2 qəpik yığılıb.
Komsomolun dövlətə xeyri təkcə üzvlük haqqı ilə bitməyib. Dövlət komsomolçulardan işçi qüvvəsi kimi də istifadə edib, komsomol briqadaları yaradılıb, ali təhsil ocaqlarında, texnikumlarda və peşə məktəblərində tələbə inşaat dəstəsi adı ilə sovet gəncləri tikinti və kənd təsərrüfatı işlərinə cəlb ediliblər. Düzdür, onlar işə görə pul alıblar, amma aldıqları pul gördükləri iş müqabiləndə çox-çox aşağı olub. Bir sözlə desək, kommunistlər öz gələcəkləri saydıqları komsomolçulara qarşı çox da səmimi olmayıblar.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10