Amerika Birləşmiş Ştatlarının 20-ci əsr tarixinə onun adı ziddiyyətli və mürəkkəb bir şəxs kimi düşüb. 1924-cü ildə, 28 yaşında ABŞ Federal İstintaq Bürosuna direktor təyin olunan Con Edqar Huver 1935-ci ildə rəhbərlik etdiyi qurumu daha da təkmilləşdirərək və daha böyük səlahiyyətlər əldə edərək, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əsas yaradıcılarından biri və birinci direktoru olub. O, ömrünün sonuna, 1972-ci ilə qədər, 48 il ərzində öz direktor kürsüsünü heç kimə təhvil verməyib. Müasirlərinin təbirincə desək, Con Edqar Huverin rəsmi səlahiyyətləri ilə yanaşı, qeyri-rəsmi “toxunulmaz” statusu da olub.
Maraqlıdır, 1924-cü ildən 1972-ci ilə qədər ABŞ-da dəyişən 7 prezidentin dövründə FTB şefi hansı səbəblərdən dəyişməz və toxunulmaz qalıb?
Con Edqar Huver 1895-ci ildə Vaşinqtonda anadan olub. İlk əmək fəaliyyətinə ABŞ Konqresinin kitabxanasında başlayıb. Corc Vaşinqton adına Universitetin hüquq fakültəsində ali təhsil alıb.
Ali təhsilini başa vurduqdan sonra Huver ABŞ Ədliyyə Nazirliyində işə qəbul edilib. Onun nazirlikdə ilk işi hərbi xidmətdən yayınanların aşkar edilməsi və qeydiyyata salınması olub. Bir il sonra Huver Ədliyyə Nazirliyində dövlət əleyhinə çıxanların qeydiyyat şöbəsinə rəhbər təyin edilib.
1919-cu ildə 24 yaşlı Huverə daha məsul vəzifə həvalə edilib. O, ABŞ Ədliyyə Nazirliyinin ümumi kəşfiyyat şöbəsinə rəis vəzifəsinə təyinat alıb. Bu vəzifədə olarkən o, hüquq və ədliyyə sistemində tanınmış simalardan birinə çevrilib. Artıq 1921-ci ildə onun yaratdığı kartotekada 150 min şübhəli şəxs qeydiyyata alınıb. Bu ərəfə həm də onun başçılığı ilə aparılan kütləvi səsli-küylü həbslərlə yadda qalıb.
Kifayət qədər məlumatlı, çevik, işgüzar olan Huver 1921-ci ilin sonunda ABŞ Federal İstintaq Bürosunun direktor müavini vəzifəsini tutub. 1924-cü ildə isə prezident Kalvin Kulidc onu büroya direktor vəzifəsinə təyin edib.
Huver direktor vəzifəsinə təyin olunan gündən islahatlara başlayıb. 650 əməkdaşın, 440 agentin çalışdığı İstintaq Bürosunda ixtisarlar aparılıb, büroya işə qəbul sərt şərtlər altında keçirilib. Huver xidmətin təkmilləşməsi üçün xüsusi laboratoriyalara, texniki avadanlıqlara daha çox üstünlük verib və bu sahədə büroda nəzərəçarpacaq dərəcədə yeniliklər aparılıb. Məhz Huverin direktor təyinatından sonra ilk dəfə olaraq büroda “barmaq izləri” arxivi yaradılıb. Çox qısa müddətdə Huverin gərgin əməyi sayəsində büro Amerikada ən nüfuzlu qurumlardan birinə çevrilib.
1935-ci ildə İstintaq Bürosunun Təhqiqat Bürosuna çevrilməsi ilə bağlı Huver geniş təkliflər paketi hazırlayıb və Konqres onun yeni təklifini dəstəkləyib. Beləliklə, 1935-ci ildə İstintaq Bürosunun bazasında Federal Təhqiqat Bürosu yaradılıb. Bu qurumun səlahiyyətləri əvvəlkindən qat-qat çox olub.
Huver heç kimin görmədiyi “əlini” hər yerə qoyub. Ağ Evdən tutmuş Amerikanın ən ucuz fahişəxanalarına qədər, harada nəyin baş verdiyini hamıdan əvvəl Hüver bilib. Dövrün ən müasir texnologiyaları Huveri basılmaz edib. O, “dünyanın 1 nömrəli şantaj ustası”, “şantaj kralı” adını alıb.
Huverin arxivində minlərlə seks dosyesi saxlanılıb. Amerikanın ən yüksək ranqlı vəzifəliləri, hətta prezidentlər belə Huverlə baş-başa gəlməkdən çəkiniblər. Onlar yaxşı anlayıblar ki, Hüverlə konfliktə girməyin sonu, özlərinin, yaxud da yaxın adamlarının “qaranlıq” işlərinin dövriyyəyə buraxılması ilə nəticələnəcək. Düzdür, zaman-zaman prezidentlər tərəfindən Huverin bu fəaliyyəti tənqid olunub. Amma bu tənqidlərə baxmayaraq, onu vəzifəsindən azad etmək mümkün olmayıb.
ABŞ-ın 33-cü prezidenti Harri Trumen Huverin fəaliyyətini hələ prezident olduğu dövrdə belə xarakterizə edib:
“Con Edqar Huver FTB-ni şəxsi polis idarəsi kimi işlədir. Bu, daha çox gestapo və gizli polis fəaliyyətini xatırladır. Amerika üçün bu cür fəaliyyət lazım deyil. Təəssüf edirəm ki, Huverdə gestapo meylliliyi günü-gündən artır. Hətta FTB insanların intim həyatına da qarışır, lazım gələndə bundan şantaj kimi istifadə edir...”
Digər prezidentlər də Huver haqqında buna bənzər fikirlər bildiriblər. Amma onlar Huveri vəzifəsindən uzaqlaşdıra bilməyiblər. Huver məxfi arxivində saxladığı dosyelərlə 48 il öz vəzifəsini qoruya bilib. O, özünü sığortalamaq, vəzifəsini qorumaq üçün hətta Kennedi kimi prezidenti də seks dosyeləri ilə “susdurmağı” bacarıb.
48 il ərzində Huver FTB-yə öz arzuladığı, öz istədiyi kimi rəhbərlik edib. Bu da danılmaz faktdır ki, Huverin rəhbərliyi ilə ABŞ-da bir çox böyük cinayətlərin üstü açılıb. Xüsusilə İkinci Dünya müharibəsi ərəfəsində Huverin ayıqlığı sayəsində ABŞ-da bir neçə alman diversiya qrupları ifşa edilib.
77 il ömür sürən Huver heç vaxt ailə həyatı qurmayıb. Sağlığında onun evlənməmək sirrini açmağa heç kim cürət etməsə də, vəfatından sonra FTB şefinin subay qalmaq müəmması haqqında fikirlər söylənilib, onun homoseksual olduğu bildirilib. Huver öz yatağını müavini Klayd Tolsonla bölüşüb. Tolson da ömrünün sonun qədər evlənməyib. Onlar bütün əyləncələrini, məzuniyyətlərini bir yerdə keçiriblər. Huver vəfat edəndə öz var dövlətini də Tolsona vəsiyyət edib. Tolson isə öz vəsiyyətində öləndə Huverin yanında dəfn olunmasını yazıb.
Con Edqar Huver 2 may 1972-ci ildə, 77 yaşında ürək çatışmazlığından vəfat edib. Həmin günə qədər o, FTB-nin direktor vəzifəsində olub.
Huverin vəfatından sonra ABŞ rəsmiləri onun yaratdığı “FTB xofu”nu nəzərə alaraq bu vəzifənin icrasının müddətinin maksimum 10 il olması ilə bağlı qərar çıxarıblar.
İlham Cəmiloğlu, Musavat.com