Valideynlərinin içkiyə meylli olması ucbatından Nikolay Kulba uşaqlıq illərindən ailə qayğısından, ata-ana tərbiyəsindən məhrum olub.
Gününün əsas hissəsini küçələrdə keçirən Kulba öz uşaq tələbatlarını ödəmək üçün hər işə əl atıb, özündən böyüklərin əl buyruğuna çevrilib. Artıq 17 yaşına çatanda o, yaşadığı qəsəbənin oğrularına qoşulub, kiçik oğurluqlarla, soyğunçuluqla məşğul olub. 1939-cu ildə Nikolay Kulba qanunsuz silah gəzdirməyə görə hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Azadlığı çıxdıqdan sonra Nikolay Kulba kriminal aləmə daha çox meyl göstərib. O, cinayət müstəvisini daha da genişləndirmək üçün dəstə yaradıb və bu dəstəyə başçılıq edib. Kiçik oğurluqlar böyük oğurluqlarla əvəzlənib, qarət və soyğunçuluq gündəlik işə çevrilib, bununla da Kulba cinayət aləmində “ad” qazanıb, yüksək “avtoritet”ə sahib olub.
Nikolay Kulbanın cinayət əməlləri uzun çəkməyib. 22 yaşında o, törətdiyi silsilə cinayətlərə görə yenidən müttəhimlər kürsüsündə əyləşib. Bu dəfə o, 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Nikolay Kulba dəmir barmaqlıqlar arasında da “nailiyyətlər” qazanıb, cəza çəkdiyi həbsxanalarda əsas söz sahiblərindən biri olub. Qısa müddətdən sonra Nikolay Kulba kriminal aləmin ən yüksək statusunu, “qanuni oğru” adını qazanıb.
Sovet-alman müharibəsi başlanandan bir il sonra, 1942-ci ildə Nikolay Kulba məhbusların cərimə hissələrində xidmət etmək hüququndan istifadə edərək könüllü cəbhəyə yollanıb. Bu dəfə də “qanuni oğru”nun bəxti gətirib. Sənədləşmə zamanı sırf təsadüf nəticəsində onun ata adı Filippoviç deyil, Fyodoroviç yazılıb. Bu təsadüf nəticəsində Nikolay Kulba cərimə hissəsinə yox, 48-ci motoatıcı diviziyaya xidmətə göndərilib.
Cəbhə bölgəsində xidmətə başlayan Nikolay Kulba tez bir zamanda qorxmaz döyüşçü kimi tanınıb.
Ukrayna cəbhəsində, Roqan dəmiryolu stansiyası ətrafında gedən döyüşlərdə Kulbanın rota komandiri ağır yaralandıqdan sonra, o, komandirliyi öz üzərinə götürüb. Hərbi əməliyyat onun sayəsində uğurla sona çatıb, dəmiryolu stansiyası alman döyüşçülərindən təmizlənib.
Dnepr sahillərində Nikolay Kulba növbəti dəfə qəhrəmanlıq nümayiş etdirib. O, təkbaşına alman qoşunlarının yüksəklikdə yerləşən mövqeyini məhv edərək sovet qoşunlarının irəliləməsi üçün şərait yaradıb.
1943-cü ilin oktyabr ayında növbəti hərbi əməliyyat zamanı Nikolay Kulba 29 alman əsgərini və zabitini məhv edib, 20-dən artıq Vermaxt döyüşçüsünü əsir götürüb. Bu döyüşdə o, yaralanmasına baxmayaraq hərbi əməliyyatı sona qədər davam etdirib.
20 dekabr 1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Nikolay Kulba cəbhədə göstərdiyi qəhrəmanlıqlara görə “Lenin” ordeni və “Qızıl Ulduz” təqdim edilməklə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Mükafatlar qərarın səhəri günü Nikolay Kulbanın hərbi biletinə qeyd olunub.
Kulba hərbi hospitalda müalicə olunduğundan orden və medal həmin ərəfədə ona təqdim edilməyib. Sonra hərbi hissəsi dəyişdirildiyinə görə müharibə dövründə Nikolay Kulbaya təltiflərini hərbi libasına sancmaq qismət olmayıb.
Müharibə sona çatdıqdan sonra orden və medalları təqdim etmək üçün digər yüksək mükafatlarla təltif olunanlarla yanaşı Nikolay Kulbanı da axtarıblar. Ancaq onun yerini müəyyənləşdirmək mümkün olmayıb. Buna əsas səbəb isə onun ata adının səhv yazılması olub.
Nikita Xruşşovun hakimiyyəti illərində orden və medallarını ala bilməyən qəhrəmanların axtarışına yenidən başlanıb. Nəhayət, Nikolay Kulbanın da yerini müəyyən etmək olub.
1959-cu ildə Nikolay Kulba haqqında SSRİ Müdafiə Nazirliyinin təltiflər şöbəsinə məlumat daxil olub. Məlumatda qeyd olunub ki, Nikolay Kulba müharibədən sonra birinci dəfə 1947-ci ildə qarət və soyğunçuluğa görə 5 il, ikinci dəfə 1958-ci ildə isə eyni maddə və əlavə olaraq zorlama faktına görə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd olunan faktlar təkrar yoxlamalardan sonra təsdiqini tapıb. 1 iyul 1959-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyəti Nikolay Kulba haqqında növbəti qərar çıxarıb. “Qanuni oğru” Sovet İttifaqı Qəhrəmanı adından, “Lenin” ordeni və “Qızıl Ulduz” medalından məhrum edilib.
Qeyd edək ki, Nikolay Kulba 1922-ci ildə Tomskda anadan olub. Natamam orta təhsil aldıqdan sonra heç bir yerdə işləməyib. Sonuncu dəfə 1958-ci ildə həbs olunanda cəzasını Pavlodar şəhərində çəkib. Onun sonrakı taleyi haqqında heç bir məlumat olmayıb.
İlham Cəmiloğlu, Musavat.comğ