Məlum olduğu kimi 1 həftə öncə Masallı İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsi Kamal Mazanov vəzifəsi ilə vidalaşıb. Bəs həmin vəzifəyə kimlər namizəddir?
Bu sualı cavablandırmazdan öncə Masallıda vəzifə təyinatları ilə bağlı bəzi məqamlara aydınlıq gətirək?
Əvvəllər əvəzedici kadrı hazırlayıb sonra hədəfdə olan müdiri işdən çıxardar, ya da həmin vəzifəyə kiminsə gözü düşəndə, belə oyun qurardılar.
Hətta böyük idarələrdə “ehtiyat kadr” adlanan açıq və mötəbər bir siyahı da var idi.
İndi vəziyyət bir az başqadır. Rəhbər gedir, aylarla yerinə adam tapılmır. (Bəzən irəli çəkilən kadr əvvəlki vəzifəsini boş saxlayıb, “qara gün”, geriyə dönüş üçün “qapadır”.)
Masallı nümunəsində kadr bazarına nəzər salaq.
Nadir Abıyevin çıxarıldığı 1-ci müavin postu niyə 6 ay boş qaldı?
Masallıda Nadir Abıyevin işdən çıxarılması yeni icra başçısının cəsarətli addımı kimi dəyərlənsə də o, bu ucalıqda çox dayana bilmədi. 6 ay 1-ci müavinliyə təyinat olmadı. Abıyevlər bu cəsarətinə görə onu necə sıxdılarsa, az qaldı əmri geriyə oxuya. 1-ci müavinliyə təsdiqə göndərilənlərin, o “müqəddəs” kresloya əl uzadanların “əmoğluların” dəstəyi ilə nəinki “əli”, az qala “biləyi”də kəsildi. Nəhayət, ruhən Abıyevlərə yaxın olan, Muğan torpağının digər nümayəndəsi, rəhbər keyfiyyətləri arzu edilən səviyyədə olmasa da, Məmmədhüseyn Hüseynli ”böyük itkilər” hesabına da olsa, həmin vəzifəyə gətirildi. (Bu mövzuda bəzi dəqiqləşmələrdən sonra, yəqin ki, daha detallı yazımız olacaq).
Masallı səhiyyəsinə də rəhbər tapılmır
Masallı səhiyyəsində 3 aydan çoxdur ki, baş həkim və direktor vəzifəsi boşdur, lakin kadr yoxdur. Hələ 60 nəfərdən çox həkim çatışmazlığını demirəm.
“Mədəniyyətimiz də” sahibini gözləyir
Mərkəzi Masallıda yerləşən Regional Mədəniyyət idarəsinə də 3 aydır ki, müdir tapılmır.
Məktəb direktorlarının, metodistlərin boş kresloları
Bu günlərdə boşalan, 1600 şagirdi, 220 müəllimi olan Şəhər 1 saylı tam orta məktəbinin (“Mirqabil müəllimin məktəbi”) direktor kürsüsü də sahibini gözləyir. Daha 12 digər məktəb direktor və 8 metodist yerinin də boş kresloları bu sıradadır.
Qaldı ki, Masallının yeni boşalmış “mer” kürsüsü
Onu da deyim ki, Masallı şəhərinin (rayonu demirəm a, şəhər) rəhbəri əksər vaxtlarda Masallı şəhərinin özündən olmayıb. Məsələn, Ramiz Məmmədov Alvadıdan, Yasər Əhədov Banbaşıdan, İltifat Məmmədov Qızılağacdan, Laçın Sadıqzadə Alvadıdan, Ramiz Tağıyev Tətyandan, Şirəli Əhədov Lürəndən, Kamal Mazanov Ərkivandan bu vəzifəyə gətirilib. Cəmi 2-3 nəfər şəhər sakini öz şəhərinin rəhbəri olub.
Deyəsən, söhbət çox uzandı. Bəs bu gün şəhərin “mer”i olmağa namizəd kimdir?
Hələ ki, adı bu vəzifəyə adı ən çox hallanan musaküçəli Əbülfəz Nuriyevdir.
Niyə Ə. Nuriyev? Hansı keyfiyyətlərinə görə?
Həmin keyfiyyətlərin bir-ikisini mən deyim, qalanların siz deyərsiniz, özünüzdə güc tapsanız.
Əbülfəz Nuriyev köhnə komsomol olub, sonra Masallıda gənclər və idman idarəsinin rəisi, hazırda Azərmətbuatyayım idarəsinin müdiri. (Loru dildə “Abunə kralı”). Onun vəzifəsi adi olsa da, əli həmişə böyüklərin ətəyində olub. “Delovoyluğu”, maşını, şəxsi əlaqələri ilə bir çoxunun bacarmadığı işləri qısa müddətdə reallaşdıra bilib. Elə indinin özündə də icra aparatındakıların bəzilərinin hədsiz zəifliyindən və səriştəsizliyindən faydalanaraq özünə orada daha işgüzar bir imic yarada bilib. Təsəvvür edin ki, icra hakimiyyətində İctimai Şura yaratmaqdan tutmuş, digər mötəbər işlərədək hər şey ona etibar olunur. Ə. Nuriyevin çevikliyinə söz ola bilməz. Bəs onun digər yaxud müsbətləri,nöqsanları, el içində daim qınağa gələn xasiyyəti hansıdır? Bax, bunu mən deməyəcəm, onu siz deyin. Çünki, 3-4 gün öncə çay içmişik, yaxşı çıxmır.
Bu məlumatı dəqiqləşdirmək üçün Əbülfəz Nuriyevin özünə də zəng vurduq. Ə. Nuriyevi məlumatı nə təsdiq, nə də inkar elədi.
cenub.az Zahir Əmənov