Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mauthauzen düşərgəsinin dəhşətləri – Faşistlər general Karbışevi şaxtada donduraraq “buz heykəl”ə çeviriblər


Avstriyann Mauthauzen şəhəri yaxınlığında salınan düşərgə əvvəlcə islah əmək düşərgəsi kimi fəaliyyət göstərsə də, sonralar o, ən dəhşətli əsir düşərgələrindən birinə çevrilib. 1938-ci ildə Adolf Hitler bu düşərgəni salmaqda məqsədi məhbuslardan qul əməyi kimi istifadə etmək olub. Ətraf ərazidə zəngin daş ehtiyatlarının olmasını nəzərə alan fürer düşərgə üçün bu məkanın seçilməsində şəxsən özü iştirak edib.
Əvvəlcə düşərgədə ağır və orta ağır cinayət törədənlər saxlanılıb. 1939-cu ilin ortalarından bu kontingentə siyasi məhbuslar da daxil edilib. Müharibə başlandıqdan sonra isə Mauthauzenin qapıları hərbi əsirlərin üzünə açılıb.
Fəaliyyət göstərdiyi 7 il ərzində Mauthauzen düşərgəsində 340 min nəfər saxlanılıb. Onlardan 122 min nəfəri edam olunub. Edam olunanlardan 32 min nəfəri SSRİ vətəndaşı olub.
9.jpg (166 KB)
Düşərgədə saxlanma şəraiti və daxili rejim qaydaları o dərəcədə sərt olub ki, Nürnberq və digər məhkəmələrdə şahidlər həmin şəraiti sözlə ifadə etməkdə çətinlik çəkiblər.
Əsirlər daş karxanalarında işləyiblər. İş saatı 12-14 saat, bəzən isə rejim qaydalarını pozanlar üçün 16 saata çatıb. Bu saatlar ərzində cəmisi iki dəfə yarım saat istirahət üçün vaxt verilib.
Əsirlərin qidalanması minimum qida rasionundan qat-qat aşağı olub. Onlara əsasən tullantı tərəvəzlərdən hazırlanmış şorba verilib.
Əsirlərə heç bir tibbi xidmət göstərilməyib. Düşərgənin rəsmi ştat cədvəlində 12 nəfər tibb personalının olması göstərilsə də, saxlanılanlar ən adi xəstəliklərdən ölüblər.
8.jpg (143 KB)
Ümimiyyətlə, Mauthauzen düşərgəsində adi xəstəlikdən, taqətsizlikdən, fiziki gərginlikdən baş verən ölümlər adi hala çevrilib.
İş normasını yerinə yetirməyənlər üçün isə xüsusi cəza və işgəncə tədbirləri tətbiq edilib. Bunun üçün düşərgənin həyətində qaz sobaları quraşdırılmış ölüm kameraları mövcud olub. Saxlanılanların kütləvi etirazları, qiyam qaldırmaq cəhdləri zamanı bu kameralar gecə-gündüz işləyib.
1944-cü ildə Mauthauzen düşərgəsinin ərazisində 20 nömrəli yeni barak tikilib. Bu barak “düşərgə içərisində düşərgə” adlandırılıb. Yeni barakda əsasən qaçmağa cəhd edən, istehsalat ərazilərində diversiya törətmək istəyən, rejim qaydalarına əməl etməyən sovet hərbçiləri saxlanılıb. Digər baraklardan fərqli olaraq 20 nömrəli barakın tikintisində daha qalın daşlardan və daha sıx barmaqlıqlardan istifadə olunub. Barakın ətrafında nəzarət üçün 4 post quraşdırılıb.
Bundesarchiv_Bild_192-208,_KZ_Mauthausen,_Sowjetische_Kriegsgefangene.jpg (130 KB)
20 nömrəli barakda saxlanılanlara digər məhbuslara verilən yeməyin yarısı qədər qida verilib. Məhbuslar beton döşəmədə yatıblar. İlin fəsillərindən asılı olmayaraq onlara qurşaqdan yuxarı üst geyimlərinə icazə verilməyib. Ən ağır işgəncələr də məhz 20 nömrəli barakın “sakin”lərinə verilib. Bu barakda hər gün təxminən 20-30 nəfər içgəncə ilə öldürülüb.
1946-cı ildə Nürnberq məhkəməsində 20 nömrəli baraka ayrıca bir cinayət faktı kimi baxılıb.
General-mayor Dmitri Karbışev də 20 nömrəli barakda saxlanılıb. Saxlanma şəraitnə etiraz edən general nəzarətçilər tərəfindən qış aylarında soyundurularaq çöldə üzərinə su töküblər, səhərə yaxın düşərgə rəhbərliyi onun “buz heykəlini” digər əsirlərə nümayiş etdiriblər.
206475530_0_199_2848_1801_600x0_80_0_0_d0186f0edd50d6488199f30bec5256b5.jpg (116 KB)
1945-ci il fevralın 2-dən 3-nə keçən gecə 20 nömrəli barakda saxlanılanlar nəzarətçilərə hücum edərək qaçmağa nail olublar. Təxminən 450-500 nəfər düşərgə divarlarını aşaraq ayrı-ayrı istiqamətlərə yön alıblar. Həyəcan siqnalı altında düşərgə əməkdaşları və əlavə SS qüvvələri bir neçə gün ərzində ərazidə ciddi axtarışlar aparıblar. Qaçanlar tutulduqları yerdə güllələniblər. Hadisə ilə bağlı düşərgə rəhbərliyinin arayışında qeyd olunub ki, 19 nəfərdən başqa qaçanların hamısı məhv edilib. Müharibə bitdikdən sonra həmin 19 nəfərdən 9-unun kim olduğu məlum olub. Digər 10 nəfərin taleyi ilə bağlı hər hansı bir məlumat əldə etmək mümkün olmayıb.
Bundesarchiv_Bild_192-014,_KZ_Mauthausen,_Besuch_Heinrich_Himmler[1] — копия.jpg (107 KB)
6 may 1945-ci ildə Mauthauzen düşərgəsi ABŞ kəşfiyyatçıları tərəfindən öyrənilib, mayın 7-də isə Amerika qoşunları bütün müqavimətləri dəf edərək düşərgəni öz nəzarətinə götürüb. Qeyd edək ki, mayın 2-də əsirlərin əsas hissəsi almanlar tərəfindən ayrı-ayrı düşərgələrə təxliyyə ediliblər. Amerika qoşunlara düşərgəyə girəndə orada 60 min əsir olub.
Nürnberq məhkəməsində düşərgənin 61 əməkdaşı müttəhimlər kürsüsündə əyləşib. Onlardan 58 nəfəri edama, 3 nəfəri isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
MKpjOo8OrIc.jpg (105 KB)
Müharibədən sonra Mauthauzen düşərgəsinin yerində momerial kompleks və muzey yaradılıb.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10