Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ASTARA RAYONU TORADİ KƏNDİ


                                                 

     Toradi Astara rayonunun yaşayış məntəqələrindən biridir. Kənd rayon mərkəzindən 50 km qərbdə, dağlıq ərazidə, dəniz səviyyəsindən 1300-1800 metr yüksəklikdə yerləşir. Dağlarla əhatə olunan Toradi kəndi şərqdən Hamoşam, şimaldan Lerik rayonunun Qavoy (keçmiş Kaqoy), şimal-qərbdən Lerik rayonunun Lodə və Vılık kəndləri, cənub-qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir. 

    Kürəru və Lülım çayları kəndin ərazisindən axır. 

     Toradi əhalisinin sayına görə Astara rayonunun kiçik yaşayış məntəqələrindən sayılır. Kənddə 1859-cu ildə 6 evdə 22 nəfər (kişi 13, qadın 9), 1866-cı ildə 84 nəfər (k 63, q 21; Qeyd edək ki, 1866-cı ilin siyahıyaalınmasında Toradi, Biləsər (Lənkəran r.), Qavoy (Kaqoy; Lerik r.) və Parikakanaş məhəllə kimi Vaqo kəndinin tərkibində verilmişdir), 1911-ci ildə 7 evdə 120 nəfər (k 53, q 67), 1933-cü ildə 174 nəfər (k 84, q 90), 1999-cu ildə 613 nəfər, 2009-cu ildə 647 nəfər əhali qeydə alınmışdır. Hal-hazırda Toradi kəndində 107 ev və 650 nəfər əhali (qeydiyyatda olanlar) vardır. 

     Toradi talış dilində fitotoponim (yunanca bitki adı ilə bağlı olan yer adı) olub, şəffaf toponimdir (mənası aydın olan yer adı). Toradi təhrifə uğramayan toponimlərdən sayılır. Toponim (oykonim) hər iki dildə - talış və Azərbaycan dillərində Toradi adlanır. 

     Toradi talış dilində “torə/tora” – tərə və “di” – kənd sözlərinin birləşməsindən yaranaraq, Azərbaycan dilinə tərcümədə “tərəli kənd”, “tərə bitkisinin çox olduğu kənd” mənasını verir. 

    “Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti” kitabında Toradi toponimi haqqında yazılır: “Tore (tora) talış dilində “su mənbəyi”, “kanal” və di “kənd” deməkdir (Budaq Budaqov, Nadir Məmmədov. B., 2008, səh. 121).

     Toradi toponiminin talış dilində “sulu kənd”, “su mənbəli kənd” kimi izahı heç də həqiqəti əks etdirmir. Çünki, tora/torə talış dilində “su mənbəyi”, “kanal” deyil, “tərə” deməkdir. 

     Toradi kəndi qədim tarixə malikdir. Burada olan Gürnə peştə qəbiristanlığı, Peştə qədim yaşayış yeri, Baba Rəsul, Lülım, Dıvoqoy türbələri, “Vəyə sığun” (“Vəyuə/Vəyə sığun”: - Gəlin qayası, Gəlin daşları), köhnə qəbiristanlıqlar Toradinin uzaq keçmişindən soraq verir. 

    Peştə yaşayış yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən 5783 invertar sayı ilə XIV-XVI əsrlərə aid yerli əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınmışdır.

    Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıqdır. Sovet dönəmində kənddə kollektiv təsərrüfat (1930) yaradılmış, təsərrüfat əvvəl “Qızıl Ordu” kolxozu adlanmışdır. 1964-cü ildə kolxozlar sovxozlarla əvəz olunmuş və “Qızı Ordu” kolxozu Hamoşam kəndindəki təsərrüfatla birləşdirilərək “Komsomol” sovxozu adlanmışdır. İnzibati binası Hamoşam kəndində yerləşən “Komsomol” sovxozu əkinçilik (taxıl, tərəvəz, kartof) və heyvandarlıq (qoyunçuluq, maldarlıq) üzrə ixtisaslaşmışdır.

     1997-ci ildə ölkədə həyata keçirilən Aqrar islahat nəticəsində kolxoz-sovxozlar, istehsalat kooperativləri ləğv edilmiş, onların mülkiyyətində olan torpaqlar pulsuz olaraq paybəlli torpaq sahəsi kimi kəndlilərə paylanılmışdır.

    Kənddə tam orta məktəb, kitabxana, diyarşünaslıq klubu, tibb məntəqəsi, məscid, mağaza-dükanlar, ictimai iaşə obyektləri fəaliyyət göstərir. 

     Toradi kəndi Hamoşam kənd inzibati ərazi dairəsinin və Siyaku kənd bələdiyyəsinin tərkibindədir. Kənd əvvəllər Bütəsər (indiki Pensər) kənd icmasının, Motlayataq kənd Şurasının və Asxanəkəran kənd sovetliyinin tərkibində olmuşdur. Sonralar Hamoşam kəndi Asxanəkəran kənd sovetliyinin tərkibindən çıxarılaraq burada ayrıca sovetlik-inzibati ərazi dairəsi (1991-2009-cu illərdə inzibati ərazi vahidi adlanmışdır) yaradılmışdır. 

     Hamoşam kənd inzibati ərazi dairəsi Hamoşam mərkəz olmaqla Hamoşam, Toradi, Reqloba, Rvadila (Ruədılə), Klınbi və Kamlakan kəndlərini əhatə edir.

12 dekabr 1999-cu ildə respublikamızda ilk bələdiyyə seçkiləri keçirilmişdir. Bundan sonra 2000-ci ilin yanvar ayında ölkəmizdə yerli özünüidarəni həyata keçirən bələdiyyələr yaradılmışdır. Həmin bələdiyyələrdən biri Toradi bələdiyyəsi olmuşdur. Toradi bələdiyyəsi Toradi və Kamlakan kəndlərini əhatə etmişdir. Toradi bələdiyyəsi 2010-cu ildə Hamoşam bələdiyyəsinə birləşdirilmişdir. Hamoşam bələdiyyəsi Hamoşam kəndi mərkəz olmaqla Hamoşam, Toradi, Reqloba, Rvadilə, Klınbi və Kamlakan kəndlərini əhatə etmişdir.

     2024-cü ilin sonlarında bələdiyyələr yenidən birləşdirilərkən Hamoşam bələdiyyəsi Siyaku bələdiyyəsinə birləşdirilmişdir. Siyaku bələdiyyəsi bəlkə də respublikamızda özündə ən çox yaşayış məntəqəsi birləşdirən bələdiyyədir. Bələdiyyə özündə 40 kənd, o cümlədən Toradi kəndini birləşdirir.

     Toradi kəndi Qarabağ müharibəsində iki şəhid vermişdir. Çinar Mühəddin oğlu Əliyev və Rəhman Orucəli oğlu Babayev Birinci Qarabağ müharibəsində şəhid olmuşlar. 

     İkinci Qarabağ – Vətən müharibəsi şəhidi Gündüz Etibar oğlu Əliyev Lerik rayonundan olsa da, Toradi kənd tam orta məktəbində oxumuşdur. 

     Hamoşam və Toradi Ziyalılar Qrupunun maliyyə dəstəyi hesabına Toradi kəndində, Peştə qəbiristanlığı qarşısında Şəhidlər bulağı inşa edilmişdir.

     Toradi əhalisinin sayına görə balaca kənd sayılsa da, o ziyalıları ilə tanınan yaşayış məntəqələrindən biridir. Kəndin tanınmışlarına misal olaraq Bakı şəhər 3 saylı Tikinti İdarəsinə rəhbərlik etmiş Cabir Mirzə oğlu Hüseynov, Hava Nəqliyyatında Baş Kömrük İdarəsi Lənkəran Beynəlxalq Hava Limanı Kömrük Postunda baş inspektor, mayor Cabbar Heydər oğlu Hacıyev, Astara Sanitar Epidemologiya İdarəsinin müdiri Natiq Mütəllim oğlu Əliyev, Rusiyanın ayrı-ayrı şəhərlərində cinayət axtarış şöbəsinin rəisi işləmiş polkovnik Pəncəli Nurəddin oğlu Əliyev, Rusiyanın Buryatiya Respublikasının Selınqa şəhərindəki Azərbaycan diasporasının sədri Cəmil Eynulla oğlu Hüseynov, Rusiyanın Kurqan şəhərindəki məşhur Yelizar xəstəxanasının həkimi Fuad Məmməd oğlu Kazımov, uzun müddət dövlət qulluğunda çalışmış, Hamoşam və Asxanəkəran kəndlərində icra nümayəndəsi işləmiş, “Tərəqqi” medallı Səlaəddin Balağa oğlu Əliyev, Aprel döyüşləri, İkinci Qarabağ-Vətən müharibəsi və antiterror əməliyyatlarında (19-20 sentyabr 2023) şücaət göstərmiş artilleriya komandiri, mayor Ləyaqət Gülağa oğlu Kazımlı, tanınmış mədəniyyət işçisi Sürəddin Balağa oğlu Əliyev, tanınmış işğüzar bələdiyyə işçisi, ictimai fəal Rüfət Mühəddin oğlu Əliyev və digərlərini göstərmək olar.

 

                                                                                        İldırım ŞÜKÜRZADƏ,

 Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10