Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İmperatorun ölümcül səhvi: rusların Krım məğlubiyyəti


news content
User
Kateqoriyalar

Araşdırma


Əsir düşən paşa, öldürülən admiral, Moskvaya qarşı “konsert”

03 Fevral 2025

Avropa dövlətləri koalisiyasının 1814-cü ildə Napoleon Fransası üzərində qələbəsinə ən böyük töhfəni Rusiya verdi. Bu amil Peterburqda zəfər sərxoşluğu yaratdı, bir növ indiki “təkrar edə bilərik” ovqatı kimi. Həmin “sərxoş” nəzərlərin yönəldiyi əsas ünvan zəifləmiş, “Avropanın xəstə adamı” ünvanını qazanmış Osmanlı imperiyası idi. Amma Avropanın digər böyük dövlətləri Rusiyanın Osmanlı ərazilərini qoparmasında, Mərmərə boğazlarını ələ keçirməsində maraqlı deyildilər. Çar I Nikolay bunu nəzərə almadı və başlatdığı Krım müharibəsindəki məğlubiyyət Rusiyanın əsl vəziyyətini, Böyük Britaniya və Fransadan nə qədər geri qaldığını ortaya qoydu. “Radio Svoboda”nın Krım müharibəsi haqqında məqaləsinin tərcüməsini təqdim edirik. 

1853-cü il noyabrın 30-da altı yelkənli xətt gəmisindən ibarət Rusiya donanması Osmanlı imperiyasının Qara dəniz sahilindəki Sinop buxtasına doğru hərəkət etdi. Türk limanını bir həftə blokadada saxlayaraq yardım gözləyən admiral Pavel Naximovun ixtiyarında indi üç 120 topluq və üç 84 topluq xətt gəmisi vardı. Bu, türklər üzərində üstünlüyü təmin edirdi: onların dörd sahil batareyasının (26 top) müdafiəsi altında yeddi freqatları (40-60 top) və üç korvetləri vardı. Döyüş günortadan dərhal sonra başladı. Atəş başlayandan az sonra türk gəmiləri alışdı, partladı və ya dayaza atıldı. Sahil batareyaları susduruldu. Gündüz saat 2-də 22 topluq “Taif” freqatı Yəhya bəyin komandanlığı altında mühasirədən çıxdı və onu təqib edən rus gəmilərindən uzaqlaşa bildi. 

Əsir düşən Osman paşanın donanmasının darmadağını gündüz saat 4-də bitdi. Şəhər yanırdı. Tarixdə son böyük yelkənli donanma döyüşü belə başa çatdı. Rusiyanın Türkiyəyə qarşı Krım müharibəsində ciddi uğuru Böyük Britaniya və Fransa koalisiyası ilə toqquşmasını qaçılmaz etdi. 

I Nikolay müharibəni necə törətdi

Müharibə üçün bəhanə Rusiya imperatoru I Nikolayın Beytləhmdəki Məsihin Mövludu kilsəsinin açarlarını katoliklərdən alıb pravoslavlara vermək tələbi oldu. I Nikolay Osmanlı imperiyasında yaşayan milyonlarla xristianın himayəçisi kimi tanınmasını istəyirdi, sultan isə razılıq vermədi. Rusiya hökmdarının Türkiyədə təsirini bərpa etmək, Bosfor və Dardanel boğazlarını öz nəzarətinə almaq niyyəti də mühüm amil idi. Osmanlı imperiyasında 1830-1840-cı illərdə baş verən mütəmadi böhranlar I Nikolayda pravoslavların məskunlaşdığı Balkan ərazilərini Türkiyədən qoparmaq planlarının yaranmasına səbəb olmuşdu. İmperator sultanların mirasını bölüşdürmək ideyasını 1844-cü ildə Böyük Britaniyaya səfəri zamanı dilə gətirdi və bu, ingilisləri əndişələndirdi. Londonda inandılar ki, Rusiyanın əsas məqsədi məzhəbdaşlarının siyasi azadlığı deyil, Balkanlarda və Şərqi Aralıq dənizində hakim olmaqdır. 

Türkiyəyə təzyiq göstərmək istəyən Rusiya 1829-cu ildə imzalanan Ədirnə sülhünə görə protektoratlığı altında olan Moldaviya və Valaxiya knyazlıqlarını 80 minlik qüvvə ilə işğal etdi. Qoşunlar 1853-cü il iyulun 3-də “Türkiyə Rusiyanın ədalətli tələblərini yerinə yetirənə qədər” yeridildi. Peterburqun qoşunları çıxarmaqdan imtina etməsindən sonra Osmanlı imperiyası oktyabrın 16-da Rusiyaya müharibə elan etdi. 

Rusiyaya 30 il hökmdarlıq etmiş I Nikolay

Təəccüblüdür, amma imperator öhdəsinə nə qədər çətin vəzifə götürdüyünü dərk etmirdi. Avropada yalnız I Nikolay Osmanlı dövlətinin çöküşünü sürətləndirməkdə maraqlı idi. Rus imperatorunun Türkiyəni parçalamaq haqda mütəmadi planlarından narahat olan Britaniya və Fransa qoşunların dərhal Dunay knyazlıqlarından çıxarılmasını tələb etdilər. Britaniya Rusiyanın ekspansiyasının cilovlanmasında maraqlı idi. Lord Klarendon öz nitqində bunu “sivilizasiyanın barbarlıqla savaşı” adlandırdı. 

Fransanın yeni imperatoru, lap bu yaxınlarda, 1852-ci ildə öz başını tac ilə bəzəmiş III Napoleon həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzunu gücləndirməkdə maraqlı idi. Fransa cəmiyyətinin bir hissəsi Napoleon müharibələrindəki məğlubiyyətin revanşı ideyasını dəstəkləyirdi. Rusiyanın növbəti imtinasından və hərbi əməliyyatların eskalasiyasından sonra hər iki ölkə 1854-cü il martın 27-də Osmanlının müdafiəsi adı ilə Rusiyaya müharibə elan etdilər.

Avstriyanın neytrallığı çox düşməncə idi. 1849-cu il Macarıstan üsyanının yatırılmasındakı köməyin müqabilində I Nikolay heç bir minnətdarlıq almadı. Vyana Rusiyanın Dunay knyazlıqlarından çıxmasını ultimativ şəkildə tələb edirdi. Prussiya da bu tələbi dəstəkləyirdi. 

I Nikolayın mütləqiyyət rejimi 1854-cü ilin başlanğıcında faktiki diplomatik təcridə uğradı. Peterburqun ekspansionist siyasəti bütün qonşuları qorxudurdu. Nikolay hətta 1853-1854-cü illərdə böyük dövlətlərin koalisiyası ilə toqquşmadan yayınsaydı da, gec-tez yenə onlarla toqquşacaqdı: “Avropa dövlətlər konserti”nin digər üzvlərinin mənafeyini daim təhdid edən xarici siyasətinin qeyri-adekvatlığı üzündən. Bunun nəticəsi idi ki, çar koalisiyaya qarşı döyüşən qüvvələrdən (250 min) daha çoxunu (500 min) ölkənin qərb sərhədlərində saxlamalı olmuşdu. 

Həm də kağız üzərində 1 milyon olan Rusiya ordusu “kollektiv Qərb”lə müharibəyə heç hazır deyildi. 25 illik xidmət müddəti nəzərdə tutan rekrut mükəlləfiyyəti bütün müsbəti və mənfisi ilə qalmaqda idi. Qoşunların təlimi döyüş yox, daha çox parad üçün idi. İl ərzində məşq üçün hər adama 10 patron buraxılırdı. Cismani cəzalar geniş tətbiq olunurdu. Ordu, silahların keyfiyyətinə və texniki təchizata görə Böyük Britaniya və Fransa ordularından çox geri qalırdı. Məsələn, 1845-ci il istehsallı yivsiz piyada silahının atəş məsafəsi yivli ingilis tüfəngindən və ya fransız ştutserindən xeyli az idi. Krım müharibəsinin əvvəlində rus ordusunda yivli silah 4-5% (savaşın sonunda 13%) təşkil edirdi, fransızlarda atıcı silahların üçdə biri, ingilislərdə isə yarısından çoxu yivli idi. Müharibə başlayanda Rusiya imperiyasında Moskvadan cənubda dəmiryolu yox idi. Qoşunların daşınması ləng, at-araba ilə həyata keçirilirdi. Düşmən isə sahilə cəld desant çıxara biləcək buxar donanmasının üstünlüyündən asanlıqla yararlanırdı. Rusiya Qara dəniz donanmasının əsas bazası olan Sevastopolun qurudan hücuma qarşı ciddi istehkamları yox idi. 

Düşmənin Qara və Baltik dənizlərində fəaliyyətinə qarşı durmaq üçün Rusiya donanmasının buxarlı döyüş gəmiləri yetərincə deyildi. Vintli xətt gəmiləri, ümumiyyətlə, yox idi. Britaniya donanması sayca dünyada birinci, Fransa donanması ikinci, Rusiya donanması isə üçüncü idi. Rusiya Böyük Britaniyadan və (daha az həddə) Fransadan fərqli olaraq, sənaye inqilabının birinci mərhələsini keçməmişdi və ordusunu, donanmasını yeni ixtiralarla sürətli silahlandırmağa hazır deyildi. Müharibə zamanı yalnız dəniz minalarından uğurla istifadə olundu və Peterburqun müdafiəsi üçün onlarla vintli kanoner qayığı inşa edildi. 

Döyüşlərin başlanması

Dunay knyazlıqlarında hərbi əməliyyatlar tez yekunlaşdı. Rus qoşunları 1854-cü ilin martında Dunayı keçdilər və mayda türklərin Silistriya qalasını mühasirəyə aldılar. Artıq iyunun sonunda, Avstriyanın müharibəyə qoşulması təhlükəsi üzündən mühasirə qaldırıldı. İyulda rusların Moldaviya və Valaxiyadan çıxarılması başladı. 1854-cü il avqustun 22-də Ömər paşanın qoşunları Buxarestə daxil oldu. Həmin vaxt Avstriya ordusu da Valaxiya sərhədini keçdi və İstanbulla razılıq əsasında türkləri əvəz edərək, Krım müharibəsi qurtarana qədər knyazlığı işğal etdi.

İngilis-fransız koalisiyasının strategiyası dənizdəki üstünlükdən istifadə edərək Rusiya imperiyasını təcrid etməkdən və münasib zamanda önəmli rayonlardan birində desant çıxarmaqdan ibarət idi. Koalisiya eskadraları apreldən sentyabra qədər bütün Qara dənizdə sərbəst hərəkət edir və faktiki Sevastopolda bloklanmış rus donanmasının müqaviməti ilə rastlaşmırdılar. Müttəfiq eskadrası 1854-cü il aprelin 22-də qarnizonu təslimə vadar etmək məqsədilə Odessanı atəşə tutdu. Nəticədə liman və oradakı 9 ticarət gəmisi yandı. Müttəfiqlər yalnız dayaza oturan “Tayger” buxarlı freqatını itirdilər. 

İngilis-fransız qüvvələr əvvəlcə Varnada yerləşmişdilər. İyulda buraya marşal Sent-Arnonun komandanlığı altında 40 min fransız və lord Reqlanın komandanlığı altında 20 min ingilis çıxdı. Əlavə canlı qüvvə və silah gəlməkdə davam edirdi. Qərara alındı ki, desant əməliyyatı 350 gəmidən istifadə etməklə Krımda keçirilsin. Rus donanması desantı təhdid etmirdi.  Vəba epidemiyası daha təhlükəli idi. Müttəfiq ekspedisiya korpusunun desantı 1854-cü il sentyabrın 14-də başladı. Bir neçə gündə sahilə 60 min adam çıxarıldı. Menşikovun rus ordusu desanta mane olmurdu. Koalisiya ordusu Sevastopola irəlilədi. Yalnız Alma çayı hüdudunda rus qüvvələri onları qarşılayaraq, yollarını kəsməyə cəhd etdi. 

Sentyabrın 20-də Alma döyüşündə koalisiyanın 50 minlik ordusu rusların 40 minlik ordusunu məğlub etdi. Müttəfiq eskadranın dənizdən verdiyi dəstək qələbədə önəmli rol oynadı. Ölü və yaralı olaraq ruslar 6 min, müttəfiqlər 3,5 min insan itirdilər. Rusiya ordusu geri çəkildi, amma manevr edərək Simferopol yolunda möhkəmləndi və müttəfiqləri arxadan təhdid etdi. 

Alma döyüşü (müasir rekonstruksiya)

Baş komandan knyaz Menşikov vitse-admiral Kornilova əmr etdi ki, düşmənin reydə girə bilməsinə imkan verməmək üçün donanma gəmilərinin bir hissəsini limanın girəcəyində batırsın. Hərbi şura çağıran Kornilov açıq dənizə çıxmağı və lap donanmanın məhvi hesabına da olsa, düşmən gəmilərinə hücum etməyi təklif etdi. Amma çoxluq gəmilərin reydin girişində batırılmasına, topların və heyətin qurudan müdafiədə istifadə olunmasına tərəfdar çıxdı. Menşikovun təkrar əmrindən sonra sentyabrın 23-ə keçən gecə Sevastopol limanının girişində 5 köhnə xətt gəmisi və 2 freqat batırıldı. Müttəfiqlər Sevastopol limanına girməyə hesablanmış hücum planını dəyişməli oldular.

1854-cü il sentyabrın 27-də koalisiya qüvvələri Balaklava və Qamış buxtasını tutdular. O vaxta qədər onların şimaldan dərhal Sevastopola hücum etmək şansları verdı, lakin Sent-Arno və Reqlan Menşikovun çox qorxduğu bu addımı atmağa cəsarət etmədilər. Onlar şəhəri cənubdan mühasirə etmək üçün Sevastopolu dolanan marşa başladılar. İngilislər Balaklavada, fransızlar isə Qamış buxtasında baza yaratdılar. Bu zaman onlar Sevastopola hücum üçün uğurlu məqamı əldən qaçırdılar: şəhər qurudan müdafiəyə hələ hazır deyildi, qoşun və artilleriya mövqeləri üçün general Totlebenin rəhbərliyi ilə aparılan tikintilər hələ bitməmişdi. Müasirlərin ehtimalına görə, ingilislər və fransızlar bilmirdilər ki, kampaniyanın əvvəlində qarnizonun sayı 25 mindən çox deyildi. 

Sevastopolun ilk bombardmanı yalnız oktyabrın 17-də başladı. Bu zaman admiral Kornilov həlak oldu. 29 xətt gəmisindən və 21 paroxoddan ibarət ingilis-fransız-türk donanması buxtanın girişinə yaxınlaşaraq, şəhəri və dənizkənarı istehkamları bombardman etdi. Rusların 115 topuna qarşı müttəfiq donanmasının 1340 topu vardı və onlar 8 saat ərzində 50 minə qədər mərmi atdılar. Bununla belə, qalanın dənizkənarı istehkamları və batareyalar atəş altında duruş gətirdilər, hücum edənlərin isə xeyli xətt gəmisi ciddi xəsarət aldı. Cənub tərəfə hücum təxirə salındı. Müttəfiqlər şəhəri maksimum 1 aya alacaqlarını ehtimal edirdilər. Amma Sevastopolu bir il mühasirədə saxlamalı oldular. 

(Davamı olacaq) 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10