Pekin yaxınlığında ABŞ Müdafiə Nazirliyinin qərargahından (Pentaqon) 10 dəfə böyük olan dünyanın ən böyük hərbi komandanlıq mərkəzi tikilir.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” peyk şəkillərinə və kəşfiyyat mənbələrinin açıqlamalarına istinadla məlumat yayıb.
Peyk görüntüləri 6 kv km-dən çox ərazini əhatə edən tikinti sahəsini göstərir. Qərargahn Pekindən 30 km cənub-qərbdə yerləşir. Nəşrin məlumatına görə, əsas tikinti 2024-cü ilin ortalarında başlayıb.
Hərbi ekspertlərin fikrincə, potensial nüvə müharibəsi də daxil olmaqla istənilən münaqişə zamanı Çinin hərbi liderlərini qorumaq üçün böyük, bərkidilmiş bunkerlər yerləşəcək ərazidə dərin çuxurlar aşkar edilib.
ABŞ ordusu bildirib ki, kəşfiyyat ictimaiyyəti "Pekin Hərbi Şəhəri" adlandırdığı obyekti diqqətlə izləyir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Çin üzrə keçmiş analitiki Dennis Uaylder nəşrə bildirib ki, belə nəhəng hərbi mərkəzin tikintisi ilə bağlı məlumat təsdiqlənərsə, bu, Pekinin təkcə dünya səviyyəli adi qüvvələr deyil, həm də təkmil nüvə müharibəsi qabiliyyəti yaratmaq niyyətindən xəbər verəcək.
Hüseyn İbadlı