Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Diqqət: Qadınlara qarşı qadağandır!


Ruslan Hümbətov: “Əmək Məcəlləsində qadınların əmək hüququ və onun təminatları ilə bağlı ayrıca fəsil nəzərdə tutulub”
 
Məlum olduğu kimi, mart ayı bayramlar ayıdır və bu ayda bayram və istirahət günləri ilə birlikdə 14 gün iş olmayacaq. Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. İşləyən əhalinin sayında qadınların kifayət qədər yer aldığını nəzərə alıb, onların iş yerlərində və qanunvericilikdə əmək hüquqlarının hansı formada qorunması barədə, sosial hüquq və əmək qanunvericiliyi üzrə ekspert Ruslan Hümbətovla həmsöhbət olub. Müsahibimiz deyib ki, fərdi və kollektiv formada müqavilə bağlamasından asılı olmayaraq, əmək münasibətlərində qadınlara qarşı istənilən diskriminasiya yolverilməzdir:
 
- Bu mənada qadınlara, xüsusilə də hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara əmək qanunvericiliyi böyük imkanlar tanıyır. Belə ki, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara işə girərkən onlara sınaq müddəti müəyyən edilmir, işlədiyi müddətdə onların əmək müqaviləsinin ləğv olunması qadağandır (Əmək Məcəlləsinin (ƏM) 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi istisnadır), eyni zamanda, bu cür xanımlar attestasiya və sertifikasıyadan azaddırlar. Gecə vaxtı işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. Həmçinin bu qəbildən olan qadınları işə götürməmək yolverilməzdir, bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

- Belə olan halda xanımların iş və istirahəti necə tənzimlənir?
 
- Hamilə və yaşyarımadək uşağı olan qadınlar həftədə 36 saatdan artıq işlədilə bilməz. Hətta, işçinin səhhəti və fizioloji vəziyyəti, habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələri ilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir. Bundan başqa, istirahət üçün uşaq sayından asılı olaraq (ƏM 117) qadınlara əlavə məzuniyyət günləri verilir. O cümlədən, işlədiyi fəaliyyət sahəsindən, uşağın sayı və doğuşun çətinliyindən asılı olaraq qadınlara minimum 126, maksimum 180 gün olmaqla məzuniyyət verilir. 14 təqvim günü olmaqla, ödənişsiz məzuniyyətdən də 16 yaşınadək uşağı olan qadınlar istifadə edə bilirlər.
 
- Bəs, qadınlar istədiyi vaxt bu məzuniyyətdən istifadə edə bilər?
 
- Normal halda işçiyə altı ay işlədikdən sonra, birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. Ancaq qadınların, əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan, hamiləliyə və doğuşa görə - sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra istifadə etmək hüququ var. 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər.
 
- Körpə uşaqları olan qadınların öz səhhətinin və uşaqların qayğısına qalması üçün də yəqin ki, əmək qanunvericiliyində hansısa normalar nəzərdə tutulub?
 
- Bəli. Təkcə Əmək Məcəlləsində qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları ilə bağlı ayrıca fəsil (otuz yeddinci) nəzərdə tutulub.  Qadınların səhhəti ilə əlaqədar isə tibbi rəyə uyğun olaraq, hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər. Yaşyarımına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaşyarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir. Dediyim hallarda qadınlar başqa yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır.
 
Bundan əlavə, yaşyarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaşyarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Ən başlıcası, hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılmasını Əmək Məcəlləsi birmənalı qadağandır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10