“Əmək” ordenli, “Tərəqqi” medallı, Beynəlxalq “Sokrat” mükafatı laureatı Şakir Rəfi oğlu Həsənovun Masallı Mədəniyyət Evinin müdiri olduğu vaxt əlindən tutub böyük səhnəyə gətirdiyi Baloğlan Əşrəfov haqqında xatirələri
Şakir Həsənov: “ Dünyanın işinə bax ki, özünün məlahətli səsi və oxuduğu bənzərsiz mahnıları ilə yerə-göyə sığmayam Baloğlan Əşrəfov, indi parça torpağa sığıb”.
Uşaqlıq dostumuz Baloğlan Əşrəfovun dünyasını dəyişməsi, milyonlarla tamaşaçısı kimi biz yaxın dostlarını da yandırıb-yaxdı. Ən çox yandırıb - yaxan isə ailə üzvləri ilə birlikdə, bir vaxtlar Masallı rayon Mədəniyyət Evinə rəhbərlik eləmiş, indi hal-hazırda “Az.Termoizol” Açıq Səhmdar Cəmiyyətinin sədri, “Əmək” ordenli, “Tərəqqi” medallı, Beynəlxalq “Sokrat” mükafatı laureatı Şakir Rəfi oğlu Həsənova bu itgi daha çox pis təsir elədi. Desəm ki, Şakir müəllim Baloğlanla nəfəs alırdı, bu, daha doğru olar.
Şakir Həsənov Baloğlan Əşrəfovun dünyasını dəyişdiyi 7-ci günü Masallının Bədəlan kəndində yas yerində olub və Baloğlanın qəbrini ziyarət eləyib. Sonra o, Sumqayıta qayıdandan sonra bu müsahibəni aparmışıq. Onu da vurğulayım ki, bir vaxtlar, 1965-70-ci illərdə biz, Baloğlan, mən və bu gün Masallıdan olan və həmin vaxtlar Şakir Həsənovun direktor və bədii rəhbəri olduğu Mədəniyyət Evində, onun Adil Səfərovla birlikdə rəhbərlik etdikləri Miniatür teatrında çalışan cavanlar, yeniyetmələr bu gün respublikada tanınan mütəxəssislər olmaqla, incəsənət, ədəbiyyat və başqa sahələrdə böyük uğurlar əldə ediblər.
Çəliklərini özü götürdü. Qarmonunu isə mən götürüb otağıma gəldik.
-Şakir müəllim, sizin Baloğlanla tanışlığınız nə vaxtdan başlayıb?
-1965-ci ildə biz, Miniatür teatrı ilə onların kəndi Bədəlanda çıxış edirdik. Həmin vaxtı tanış olmuşam. O vaxt Baloğlan çox çəlimsiz, ayaqlarında problemlər olan yeniyetmə oğlan idi. İki çəliklə gəzirdi və həm də dedi ki, “qarmon çalır. Mənim oynadığım rolların pərəstişkarıdır”. Sonralar isə, tanınmış müğənni olanda da deyirdi ki, mən Şakir Həsənovu səhnədə görəndən sonra teatra, incəsənətə marağım daha çox artıb.
Yadıma gəlir ki, 1967-ci il idi. Səhər işə gələndə gördüm ki, Mədəniyyət Evinin pilləkənləri üstündə 15-16 yaşlı bir oğlan oturub. Qarmon çalıb, Talış mahnıları oxuyur. Ətrafına da çoxlu adamlar toplaşıb. Yaxınlaşdım və gördüm ki, Baloğlandır. Ona köməklik elədim, ayağa durdu. Çəliklərini özü götürdü. Qarmonunu mən götürdüm və otağıma gəldik. Həmin vaxtı mənim 20 yaşım vardı. O, kabinetə girəndə inanmadı ki, onu direktorun otağına gətirmişəm və mən direktor onun oxuduğu mahnıları diqqətlə dinləmək istəyirəm. O, mənim kabinetimdə bir az da həvəslə qarmonda çalıb, mahnılar oxumağa başladı. Əsasən də talış mahnıları. Gördüm ki, onun səsində bölgəmizin bütün neəmətlərinin dadı-duzu, eləcə də suyu, torpağı, xəmiri... hər şeyi özündə cəmlənmiş bir səsdir.
Elə həmin gündən onu Xalq çalğı alətləri ansambılının rəhbəri, rəhmətlik Rafiq Axundovla tanış etdim. Beləliklə, Baloğlan Əşrəfov Xalq Çalğı Alətləri ansambılında həm qarmon çaldı və həm də mahnılar oxumağa başladı. Həmin vaxtı mən Mədəniyyət Evinin direktoru olsam da, Miniatür Teatrında rollar oynasam da Xalq Çalğı Alətləri ansamblında tar da çalırdım. Çünki 10-12 yaşımda olanda, aktyorluqla məşğul olmaqla yanaşı, həm də Masallı Pionerlər Evində tar sinfində məşğul olurdum. Tar çalmağı da yaxşı öyrənmişdim.
Mən Baloğlanla bağlı sağlığında bir neçə müsahibələr vermişəm. Həmin müsahibələr də xoşuna gəlib. İndi çalışacağam ki, əvvəlki müsahibələrimi təkrarlamayım.
O vaxtlar mən də təkcə Masallıda yox, həm də Cənub bölgəsində aktyor kimi yaxşı tanınırdım. Baloğlan az bir vaxtda həm ansambl üzvlərinin və həm də tamaşaçıların sevimlisi oldu. Mən ağlıma gətirə bilməzdim ki, heç on il keçməyəcək, Baloğlan Əşrəfov təkcə Azərbaycanda yox, Şərq dünyasında tanınan müğənnilərdən biri olacaq. Hətta uzun illərdir çoxlu tanınmış müğənnilər, bəzi türk müğənniləri də deyir ki, biz Baloğlan səviyyəsində ola bilmərik. Bəlkə Baloğlanın səsi mənə bir də ona görə yaxın idi ki, mən də Masallıdan idim və bu torpağın, bu bölgənin suyunu içib, havasını udmuşdum.
Baloğlan Əşrəfov haqqında çox az yazılıb və o, çoxdan Xalq artisti olmalı idi. Amma bütün bunlara baxmayaraq, Baloğlan təkcə Azərbaycan xalqının yox, bütövlükdə Şərq dünyasının, müsəlman ölkələrinin, MDB məkanının çox böyük sevgisini qazanmışdı. Hətta məşhur türk müğənnisi Sərdar Ortaç Baloğlanın mahnılarını oxusa da, özü etiraf elədi ki, Baloğlan kimi böyük müğənni ola bilməz. Baloğlan başqa dünya idi. Həqiqətən başqa aləm idi. Onun səsində böyük məlahət vardı. Heç bilməzdik və ağlımıza gəlməzdi ki, Baloğlan belə tez və qəfil haqq dünyasına qovuşacaq.
İçmişəm badə,
Bilmirəm sevdam hardadı,
Gözəllərin məskəni bu çaydadı.
-Siz onun qəbri üstündə hansı hissləri keçirdiniz?
- Mən də həyatda qəribələiklərim var. Onun qəbri üstündə dayananda çalışırdım ki, özümün bütün hisslərimi boğum və ağlamayım. Eləcə onun uyuduğu torpağa baxıb, fikirləşirdim: “ Dünyanın işinə bax ki, özünün məlahətli səsi və oxuduğu bənzərsiz mahnıları ilə yerə-göyə sığmayam Baloğlan Əşrəfov, indi bir parça torpağa sığıb”.
Ata-anasının yanında dəfn olunub. Mənə elə gəlirdi ki, onun həmyerliləri hələ də dərk eləyə bilmirdilər ki, bu qara torpaqda necə dahi bir sənətkar yatır. Yəni onlar Baloğlanın böyüklüyünü hələ tam dərk eləyə bilmirdilər. Bir də ona heyfsləndim ki, onun, belə bir məşhur müğənninin qəbri üstündə heç kim çıxış eləyib, ürək sözlərini demədi. Çünki elə bir ab-hava da yaratmadılar. Gərək həmin vaxtı Masallı rayonunun tanınmış adamları, məşhur ziyalıları orada olmalı idi və həmin çıxışları da məhz onlar təşkil etməliydilər və bütün bunlar da videoya çəkilib, gələcək nəsillər üçün qalmalı idi. Axı Baloğlan sıradan bir adam deyildi. 230 mindən çox Masallı camaatının və 10 milyondan çox Azərbaycan xalqının adını dünyada tanıdan təkrarsız bir müğənni, xalqın musiqi dünyasının böyük elçisi idi. Amma mən nikbin adamam. İnanıram ki, zaman gələcək və Azərbaycan xalqı Baloğlan Əşrəfovun layiqli qiymətini verəcək. Çünki onunla bağlı televizorlarda, toylarda və konsertlərdən çəkilən çoxlu video lentlər qalıb. Baloğlan son vaxtlar xəstə olsa da, amma sağalan kimi yenə də öz sözünü lazım olan kimi dedi. Görün Baloğlan necə maraqlı sözlər deyib:
-Şirindi, şirindi,
Şirindi yarım.
Yar şirindi,
Şirindi canım.
Başqa bir mahnıda isə belə deyirdi:
-Axar sular həmişə sərin olar,
Ətrafında həmişə qız-gəlin olar.
Axar sular həm də ki, dərin olar,
İçmişəm badəni,
Bilmirəm sevdam hardadı,
Gözəllərin məskəni bu çaydadı.
O, bu sözləri elə ürəkdən, daxildən deyirdi ki, hər bir insanın elə bil ki, daxilini, iç dünyasını təlatümə gətirirdi. Ümumiyyətlə o, oxuduğu mahnılar arasında elə maraqlı təsniflər deyirdi ki, hər bir tamaşaçı onun bu sözlərinə daxilən vurulurdu.
Ona görə də onun idarə elədiyi toy, bir növ teatrlaşdırılmış tamaşaya çevrilirdi
-Baloğlan həqiqətən də toylar kralı idi. Siz də qohumlarınıza, övladlarınıza toy edəndə məhz Baloğlan Əşrəfovu dəvət eləyirdiniz ki, gəlib həmin toyları aparsın. Bu, nədən irəli gəlirdi?
- Bu yəqin ki, ondan irəli gəlirdi ki, mən özüm də əvvəllər incəsənət adamı olmuşam və hər bir müğənninin də nəyə qadir olduğunu yaxşı bilirəm. Baloğlan təkcə müğənni deyildi. O, həm də yüksək peşəkar aktyor idi. Toyda olan hər bir adamın zövqünü başa düşürdü və onlara necə təsir göstərməyin də yollarını peşəkarcasına bilirdi. Ona görə də onun idarə elədiyi toy, bir növ teatrlaşdırılmış tamaşaya çevrilirdi və hamının da marağına səbəb olurdu.
Bir dəfə Baloğlan mənə danışırdı ki, hələ uşaq idim və sizi tanımırdım. İlk dəfə mən sizin çıxışınızı kəndimizdə görəndən sonra sizin aktyorluğunuza necə vuruldumsa, hər dəfə sizin Masallı Mədəniyyət Evində tamaşalarınız olanda, bu şikəst ayaqlarımla Bədəlandan həmin konsertlərə baxmağa gəlirdim. Özü də təkcə mən yox, çox adam gəlirdi kəndimizdən. Sizin tamaşalardan sonra mən bir ay, iki ay həmin təəssüratlardan ayrıla bilmirdim. Sizi səhnədə görməklə mən də istəyirdim ki, sizin kimi aktyor olum. Yəni məni səhnəyə məhz siz gətiribsiniz.
Baloğlan Əşrəfovun yeri 2000 nəfərlik konsert zalı və toyxanalar yox, 50-100 minlik stadionlardır
Eşitmişəm ki, Baloğlan Əşrəfov artıq məşhur müğənni kimi tanınanda, Sumqayıtda onun çox möhtəşəm konserti olanda sizinlə bağlı çox maraqlı bir fikir deyib. O hansı fikirdi?
- 1971-ci ildə Masallı Mədəniyyət Evində işləyən vaxtı, mənə qarşı olan haqsızlığa dözməyib Sumqayıta işləməyə gəldim. Taleyimi bu şəhərlə bağladım. Həmin vaxtı da Azərbaycan Politexnik İnstitutunun inşaat mühəndisləri fakültəsində təhsil alırdım. Adi betonçu fəhlə kimi işə başladım və az bir vaxtda öz işimə görə vəzifə pillələrində irəliləyirdim. Artıq müəssisə rəhbəri idim. 1987-ci ildə 2000 yerlik Sumqayıt Kimyaçılar Mədəniyyət Sarayında olan həmin konsertə mən də ailə üzvlərimlə birlikdə bilet alıb, gəlmişdim. Amma Baloğlan bilmirdi ki, mən zaldayam. Zal bütövlükdə tamaşaçılarla dolmuşdu və çox adam da ayaq üstə konsertə baxırdı. Konsertin ortasında Baloğlan zala müraciətlə dedi: “Mənə elə gəlir ki, burada Masallıdan olan Şakir Rəfi oğlu Həsənov da var. O, Sumqayıtda yaşayır. Yəqin ki, mənim konsertim olduğunu bilib, konsertə gəlib”. Həmin vaxtı mən salonda olsam da, özümün burada olduğumu büruzə vermədim. Böyük bir müəssisənin rəhbəri idim. Sumqayıt Şəhər Sovetinin deputatı, iş adamı idim. Belə ki, bir qədər təvazökarlıq eləyib, özümün burada olduğumu bildirmək istəmədim. Baloğlan sonra sözünə davam eləyib dedi: “O, əgər aktyorluq sənətinin ardınca getsəydi, indi Azərbaycanın ən qüdrətli aktyorlarından biri ola bilərdi. Sumqayıtda indi hamı onu müəssisə rəhbəri, mühəndis kimi tanıyır. Amma mən onu aktyor kimi tanıyıram. Mən səhnədə onu görəndən sonra bu sənətə gəlmişəm. Mənə elə gəlir ki, o, zaldadır, amma özünü göstərmək istəmir. Gəlin onu alqışlayaq. Məhz Şakir Həsənovun şərəfinə mən “Arşın mal alan” musiqili komediyasından Telli və Vəli səhnəsini Mətanət Əsədova ilə sizə göstərəcəyik. Şakir Rəfi oğlu Həsənov o vaxtlar bu səhnəni çox yaxşı oynayırdı”.
Onlar həmin səhnəni yüksək peşəkarlıqla oynadılar. Zalda olan tamaşaçılar ayaq üstə durub, onları sürəkli alqışlarla qarşıladılar. Belə bir səhnəni görəndə mən kövrəldim. Baloğlan isə yenə də dedi: “Bu alqışlar mənə yox, Şakir Həsənova aiddir”. Elə həmin vaxtı bir daha başa düşdüm ki, Baloğlan Əşrəfovun yeri 2000 nəfərlik konsert zalı və toyxanalar yox, 50-100 minlik stadionlardır. Baloğlan orada da yüksək, rəngarəng səviyyədə konsertlər verə bilər. Onun çox yüksək səviyyədə olan proqramında təkcə Azərbaycan yox, dünya xalqlarının da çoxlu mahnıları vardı. Mən bütün bu illərdə həmişə onu izləmişəm. Amma mən ondan daha çox şeylər gözləyirdim. Lakin istədiyimin hanmısını ala bilmədim. O, mənim gözlədiklərimin də hamısını özü ilə haqq dünyasına apardı. Baloğlan Əşrəfov xalqın kisəsindən getdi...
Şatıroba toyunda səbirsiz bəy:-Baloğlan kırt elə
- Baloğlanla bağlı məncə,sizdə digər xatirələr var. Xahiş edirəm, onları da oxucularımızla bölüşün.
- Mənim dayım oğlu Molla Mirzə Zəki Axundun toyu idi. O da həddindən artıq baməzə bir adamdı. Bir qədər də dəlisovdu. Mən atasını razı salıb, onu bir təhər evləndirdim. Elə onun toyunu da Masallının Şatroba kəndində elədik. Toyu da Baloğlan Əşrəfov aparırdı. O vaxtlar da Baloğlan Əşrəfovun sənətinə qarşı istək elə çox idi ki, hamı istəyirdi toyunda yalnız Baloğlan oxusun. Amma mənim xahişimlə vaxt darlığı olsa da, o, həmin toya gəldi. Dedi ki, bu şərtlə gələcəyəm ki, sən də orada çoxlu rəqslər edəcəksən.
Həmin vaxtı Baloğlan Əşrəfovun adını eşidib, qonşu kəndlərdən də çoxlu adamlar gəlmişdilər. Toy artıq 4 saat idi ki, davam eləyirdi. Adamlar da böyük maraqla qulaq asırdılar. Bəy oğlan da səbirsiz olduğundan dedi ki, “Baloğlan kırt elə”... Baloğlan da mənə baxıb dedi ki, “Şakir müəllim bu nə deyir?”. Dedim ona fikir vermə, sən oxu. O toyda Baloğlan mənə görə toy yiyəsindən bir manat da pul almadı. Amma adamlar ona şabaş kimi çoxlu pul verdilər. Həmin vaxtı Baloğlan toya tək getmirdi. Onu ən azından altı nəfər müşahidə eləyirdi ki, bəzi içkili, nəşəli adamlar ona toxunmasın və yığdığı pulları əlindən almasınlar. Çünki həmin vaxtlar çətin dövr idi...
O, qeyri-adi bir varlıq idi. Həm sənətində və həm də insanlığında.
- Yadıma gəlir ki, 2005-ci ildə Masallı Mədəniyyət Evində Baloğlan Əşrəfovla bağlı yaradıcılıq gecəsi keçirilirdi. Həmin vaxtı o konsertdə siz və mən də iştirak eləyirdik. Həmin konsert sizin yaddaşınızda necə qalıb?
- Mənə elə gəlir ki, həmin konsert Baloğlan Əşrəfovun ən möhtəşəm konsertlərindən biri idi. Konsertdə iş adamı, şair Gülağa Tənha ona “Jiquli” maşını bağışladı. Mən də hədiyyə verdim və öz çıxışımda dedim ki, “bir vaxtlar bu Mədəniyyət Evinə beş il mən də rəhbərlik etmişəm. Burada həmin vaxtlar çoxlu kollektivlər vardı. Miniətür teatrı fəaliyyət göstərirdi. Həmin vaxtı buradan Baloğlan Əşrəfov kimi bu gün respublikada tanınan çoxlu insanlar çıxıb. Onların hamısını salamlayıram”. Hamı mənim çıxışımı sürəkli alqışlarla qarşıladı.
Qəbr üstündə olanda həmin səhnə də gəlib gözlərim qarşısından keçdi. Kövrəldim... Baloğlanı itirməklə Azərbaycan musiqisi çox şeyləri itirdi. O, qeyri-adi bir varlıq idi. Həm sənətində və həm də insanlığında.
Mən onda belə bir şeyi də kəşf eləmişdim. Nə qədər ki, Baloğlan ağzını açıb oxumurdusa, adi, nurlu baxışlı insan təsiri bağışlayırdı. Amma oxumağa başlayanda görürdün ki, böyük bir dastandır. Nağıldı. Dupduru axar bulaqdır. Gur-gur aşıb-daşan Şəlalədir. Böyük ildırımdı, adamı vurur. Böyük bir vulkandı püskürür. .
O, yoldaşlıqda da çox təvazökar, mülayim, heç kimin xətrinə dəyməzidi. Heç kimə paxıllıq etməyən idi. Əslində isə ona çoxları paxıllıq edirdi. Belə bir istedadı bir vaxtlar mən Sabir Mirzəyevdə də görmüşdüm. Məni özünə Sabirdən sonra əsir eləyən məhz Baloğlan olmuşdu. O, bəlkə belə böyük istedad sahibi olduğunu özü də başa düşə bilmirdi. Bundan sonra bizim gözümüz daim Baloğlan Əşrəfovu axtaracaq. O, bir mahnısında “ay uçan quşlar” dediyi kimi, özü də elə bil bir xəyal idi, quş kimi uçdu, getdi...
Şakir Həsənov bundan sonra daha heç nə deyə bilmədi. Kövrəldi. Gözlərindəki yaş yanaqlarına axdı. Daha mən ondan heç nə soruşmadım. Axı o, Baloğlan kimi yetirməsini, dostunu itirmişdi..
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi