Mənsurə Rəsulzadə: “Nazirlər Kabinetinin qərarı heyvanları öldürmə ilə bağlı fəaliyyət növünün dolayı yollarla qanuniləşdirilməsinə cəhddir”
“İmkanın olanda qapının ağzına bir tikə çörək, bir qab da su qoy. Biz insanlardan fərqli olaraq olaraq onların əli çörək qazana bilmir”.
Bu fikrin sahibləri çox uzaqlarda yox, elə bizlərin arasında yaşayır. Bəlkə də sayları çox deyil, amma ətraf aləmə verdikləri mesaj, heyvanlara qarşı mərhəmətli olmağa səsləməkləri onları bu dünyada insan adına daha layiqli edir.
“Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin həmtəsisçisi və sədr müavini Mənsurə Rəsulzadə deyib ki, biz insanlar təbiətə münasibətdə yumşaq, mərhəmətli mövqe tutmalıyıq: “Heyvanlar təbiətdir, təbiətin ayrılmaz hissəsidir, biomüxtəliflik zəncirinin ayrılmaz halqasıdır. Lakin həqiqət belədir ki, biz insanlar bütün təbiətə mane oluruq. Hətta bəzi ölkələrdən gələn xəbərlərə əsasən, bir neçə il öncə belə bir təklif irəli sürülmüşdü ki, ağaclar da yarpaqları töküldüyü üçün, insanlara məne olmağa başlayıb və şəhər mühitində “zibillik” yaradır deyə onları kəsmək və suni, yarpağı tökülməyən ağaclarla əvəzləmək lazımdır. Bu, eyni ilə insanlara heyvanların mane olması kimi dar düşüncəli insanların təklifi idi. Eyni “düşüncəli” insanlara görə, yaşayış yerlərinin canlı aləmi illərdir ki, sıxışdırılır, məhv edilir, qəddarlıqlarla və ya laqeyd münasibətlə üz-üzə qalır. Əlbəttə, belə insanlara görə heyvanlara humanist nəzarət həyata keçirməkdənsə, onları məhv etmək daha asan yoldur. Amma burada faciə ikiqat artıqdır: məhv edilən heyvanlar, məhv olan isə insanlıqdır”.
“Urbanizasiya təbiətin bədbəxtliyidir, çünki təbiət paylaşdığı mühiti biz öz istədiyimiz kimi idarə edir – azalda, çoxalda, bəzən məhv edə bilirik. Bu, artıq bizim – insanların düşüncəsinə, humanizminə qalır. İnsan yaşamaq üçün, şəhərsalma inkişaf etdikcə, texnoloji tərəqqinin də inkişafı nəticəsində gündəlik olaraq təbiətə zərər vurur. İnsan özü şüurlu, fiziki imkanları geniş, yaradıcı bir varlıq olaraq biomüxtəliflik zəncirinin ən ali halqası kimi canlı aləmin, təbiətin mövcudluğunu, növbəti nəsillərə ötürülməsini və biosenoz deyilən problemə gətirib çıxarmamasını təmin etməkdə məsuliyyət daşıyır”, - deyə müsahibimiz bildirib.
Xanım Rəsulzadənin fikrincə, biz yalnız cəmiyyətin zəif varlıqlarına humanist nəzarət həyata keçirə bildiyimizdə özümüzü digər ölkələr, toplumlarla müqayisədə inkişaf etmiş hesab edə bilərik: “Bütün sahələrdə sivilləşmiş, özünü inkişaf etdirməyə çalışan və ya inkişaf etmiş ölkələr mütləq ilk olaraq cəmiyyətin ən zəif nümayəndələrinin rifahını önə çəkməli, həyatının rahatlaşdırılmasında dəstək verməlidir. Ən zəif nümayəndələr cəmiyyətin ən həssas hissəsi kimi qorunmalıdır. O zaman biz – cəmiyyətin hər bir nümayəndəsi deyə bilərik ki, inkişaf baxımından digər ölkələrdən üstünük. Əgər biz cəmiyyətin ən zəif nümayəndələrini nəzarətə götürəriksə, “bizdən güclülər də bizi düşünər”. Ən zəif nümayəndələr dedikdə heyvanlar aləmi, uşaqlar, əlillər, qadınlar nəzərdə tutulur. Qeyd edim ki, sivil cəmiyyətlərdə bunlar sıralansa da, hər bir təbəqənin rifahının hər zaman təminatı var”.
“Hər ailə özü cəmiyyətdə kiçik bir dövlətidir. Biz öz ailələrimizdə yetişdirib cəmiyyətə bəxş etdiyimiz vətəndaşlarla vətənimizin taleyinə pis və ya yaxşı formada təsir etmiş oluruq”, - deyə o vurğulayıb.
Azərbaycan cəmiyyətində heyvanlara münasibəti dəyərləndirən heyvan haqları müdafiəçisi söyləyib ki, bu istiqamətdə maarifləndirmə ilə bağlı ciddi problem var: “Biz ailələrə uşaqlar vasitəsilə çata bilirik. Buna görə də hər bir məktəbli təbiətə münasibət, heyvanlarla davranış istiqamətində maarifləndirilməlidir. Aldığı etik maariflənmə sayəsində ailəsində özündən böyüklərə, hətta valideynlərinə də təsir edə, onları da dəyişə bilər. Eyni zamanda unutmamalıyıq ki, uşaqlar gələcəyimizin qurucularıdır”.
Həmsöhbətimiz yerli mediada da heyvanlara münasibət, davranışla bağlı materialların az olduğundan şikayətçidir: “Heyvanlara mərhəmətlə bağlı yerli mediada demək olar ki, fikirlər getmir. Bu baxımdan yerli media əvvəllər daha aktiv idi. İndi heyvansevərlər səslərini sosial şəbəkə vasitəsilə çatdırırlar. Son vaxtlar sanki heyvanlara qarşı qəddar insanların dövlət qurumlarında özlərinə vəzifə tapıb yer tutmasından sonra qoyduqları qadağaların təsiridir ki, yerli media heyvanalara mərhəmət, heyvansevərlərlə bağlı demək olar ki, material vermir. Bu, yanlış əməldir. Ola bilsin ki, bu qadağaları qoyan şəxslər övladları üçün sivil ölkədə yaşayışı təmin edib, amma digər insanların taleyini düşünümürlər. Azərbaycan cəmiyyətində heyvanlara qəddar münasibətin həlli ilk olaraq maarifləndirmədən başlayır. Bunun üçün də əlimizdə olan bütün vasitələrdən istifadə etməliyik”.
Mənsurə Rəsulzadə 2007-ci ildən ölkəmizdə qüvvəyə minmiş “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasına diqqət çəkib: “Konvensiya 2007-ci il 31 Maydan ölkəmizdə qüvvəyə minib. Bu qanun sahibsiz, atılmış heyvanların hüquqlarını müdafiə edir. Həmin heyvanları sahiblənən insanların onlarla rəftarını müəyyən edir. Konvensiyanın tələblərində göstərilir ki, sahiblənən şəxs heyvanın qulağını, quyuğunu kəsə, şiddət göstərə bilməz. Heyvanın qidası təmin olunmalı, vaxtlı-vaxtında gəzdirilməli, küçəyə atılmamalıdır. Heyvanların döyüşdürlməsinə qəti qadağa qoyulmalıdır. Heyvanlar əyləncə vasitəsi kimi istifadə edilməməlidir və s. Eyni zamanda heyvanları sahiblənən şəxs onların aramsız doğumuna, məhv olmasına səbəb olmamalıdır və bu əməlləri törədən şəxslər cəzalandırılmalıdır. Azərbaycanda konvensiyanın tələbləri hər gün pozulur. Bu tələbləri pozanların “qanuni” fəaliyyətinə qanunsuz yol verilən bəlli qurum da var. Vətəndaşların da bir qismi bu qanunsuzluqlardan məlumatsızdır. Bunun da səbəbi maarifləndirmənin olmaması, qanunların mövcudluğu barədə insanlara məlumat verilməməsidir”.
“Biz sözügedən konvensiyanın tələblərini daxili qanunlarımıza uzlaşdırılması və bütün növ (yalnız ev heyvanları sinfi deyil) heyvanların müdafiəsi, rifahının yaxşılaşdırılması üçün Dövlət Baytarlıq Xidməti və Kənd Təsərrüfatı Nazirliyi xətti ilə 2009-cu ildə daha bir zəruri qanun layihəsini işləyib, parlamentə göndərdik. Bu qanun layihəsi “Heyvanların qəddar rəftardan müdafiəsi” adlanır və beynəlxalq təcrübəyə istinadən hazırlanmış mükəmməl sənəddir. Lakin bu qanun sənədini dəfələrlə müxtəlif bəhanələr gətirməklə geri qaytarıblar. Üzərində göstərilən iradlarla bağlı müəyyən işlər görüb təkrarən Milli Məclisə sənədi təqdim etsək də, onun barəsində daha heç bir xəbər ala bilmirik. Üzərindən 12 il vaxt ötüb, sənəd isə hələ də qəbul edilməyib. 2017-ci ildə növbəti cəhdimizdə Milli Məclisdə müzakirə zamanı parlamentdə ovçuluğa həvəsli olan şəxslərin etirazı ilə qarşılaşdıq. Məlum oldu ki, bu qanun bütün digər qəddar əməllərlə yanaşı, həmçinin də ovçuluğa cinayət əməli qiyməti qoyduğu üçün qəbul olunmur”, - deyə müsahibimiz vurğulayıb.
2011-ci ildə isə Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına toxunan həmsöhbətimiz bildirib ki, həmin vaxt Avropa Konvensiyası daxili qanunlarımıza guya ki, uyğunlaşdırılıb və bu məqsədlə qanun deyil, Nazirlər Kabinetinin qərarı qəbul edilib: “Lakin həmin qərara baxdığımızda görünür ki, konvensiyanın bütün tələbələri pozulub. Qərarda deyilir ki, bir şəxs iki pişik, bir itdən artıq heyvan saxlayırsa, bu heyvanlar onlardan alınacaq və sahibsiz heyvanlarla mübarizə departamanetinə veriləcək. Halbuki Konvensiyanın tələbini pozan hər hansı “mübarizə” fəaliyyəti 2007-ci ilin may ayından dayandırılmalı idi. Belə məlum oldu ki, Nazirlər Kabinetinin bu qərarı ilə heyvanları öldürmə ilə bağlı fəaliyyət növünün də dolayı yollarla qanuniləşdirilməsinə cəhd edilib. Mən elə bilirəm ki, bunu hüquqşünas yox, heyvanlara qarşı qəddar şəxs yazıb. Çünki müvafiq icra qurumlarına heyvanların öldürülməsi ilə məşğul olan məlum qurumdan şikayət məktubu göndərəndə həmin məktubu elə qanunu pozan eyni quruma – adama yönəldirlər. O qurum da özünə əlverişli cavab yazmaqla “məsələni bağlayır””.
İctimai Birlik sədrinin müavini sonda fikrini Mahatma Qandidən sitatla yekunlaşdırıb: “Hər bir millətin mənəvi dəyərinin inkişafı onun ən zəif canlılar aləminə olan münasibəti ilə ölçülür”
ayna.az