Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tehrandan Moskvaya terror eyhamı: “Turan dəhlizi….”



Sədrəddin Soltan

Tehran hakimiyyətinin əsas məqsədlərindən biri də türk adının mümkün qədər az işlədilməsi, ölkədə bu adın daha az xatırlanması, yaddaşlardan silinməsidir. Bu rejim Azərbaycan türklərini farsların bir qolu sayaraq, azəri adlandırır. Körpələrə türk adlarının verilməsini yasaqlayır, orta məktəblərdə türk dilinin tədrisini qadağan edir. Baxmayaraq ki, həm ana dilinin tədrisi, həm də bütövlükdə milli mədəniyyətin inkişafı ölkə konstitusiyasında təsbit olunmuş hüquqlardandır. Dil yasağı kimi, milli mədəniyyətin inkişafı da Tehran hakimiyyətinin təzyiqinə məruz qalan sahələrdəndir.

Bu günlərdə türk dünyası, eləcə də İran da daxil olmaqla, bir sıra şərq ölkələrində müxtəlif xalqlar birgə bahar bayramının sevincini yaşayıb, şadyanalıq edirlər. Başqa etnoslardan fərqli olaraq, türklər həm də baharın gəlişini müjdələyən ilaxır çərşənbəni də qeyd edirlər. 


Tehran hakimiyyəti İlaxır Çərşənbənin keçirilməsinin qarşısını almaq üçün illərlə onu ləkələyib, təhrif edib. Hətta İlaxır Çərşənbəni qeyd etməyin küfr olduğunu deməkdən də çəkinməyib. 

Builki bayram da türklərə təzyiqsiz keçmədi. Bayram günlərində yumurta bəzənməsi bir gələnəkdir. Qədim türk yazısı ilə yumurtalar bəzədilib, insanlar arasında paylanıb. Yumurtaların üzərinə Azərbaycan milli geyimində kişi rəsmi və qədim yazı ilə türk sözü yazılıbmış.

Tehranın yerli nümayəndələri bu bəzəkli yumurtaları ərazilərdən yığışdırıblar, bildiriblər ki, bu, İranın “təhlükəsizliyinin təhdid edilməsidir”. Təbii ki, rejimin belə davranışı Novruz bayramının ruhuna və fəlsəfəsinə ziddir. Çünki İran hakimiyyətinin istəyindən asılı olmayaraq, bu ölkədə türklər farslardan daha qədimdir və ölkənin əsl sahibi sayılırlar. Bu ölkədə bütün yeniliklər və mütərəqqi hadisələr onun adı ilə bağlıdır. Türk sözü, qədim türk yazısı, latın qrafikası, ərəb əlifbası ilə yazılmasından asılı olmayaraq, bir məna verir və bir etnosu ifadə edir. Həmin söz ərəb əlifbası yerinə Çin heroqlifi ilə yazılsaydı da türk adının mənanı ifadə edəcəkdi. Mahmud Qaşqarlı yazırdı ki, türk adı onlara tanrı tərəfindən verilib, mənası gözəl insan, gənclik, güc, qüvvə deməkdir. Bu kimi müsbət emosiyaları özündə ehtiva edən bir sözə qarşı fars şovinizminin nifrəti və kini onun xəbis xislətindən irəli gəlir.

Tehranın yetişdirdiyi nəsil hər addımbaşı türkləri həm də şərləyir. Moskvada “Crocus City Hall”a edilən hücumu da İran-İslam İnqilab keşikçiləri qvardiyasının (SEPAH) informasiya mənbələri antitürk mövqeyindən dəyərləndiriblər. SEPAH-çı resurslar bildirirlər ki, Rusiyanın Qafqazda etdiyi silsilə səhvlər belə bir hadisə ilə nəticələnib. Onlar Zəngəzur yolunu “Turan dəhlizi” adlandıraraq, Rusiyanı bu ideyanın reallaşmasına imkan verməməyə çağırıblar. Bu barədə onlara məxsus teleqram kanalları yazıb: “Bu yol etnik separatçı terrorçular üçün dəhliz olacaq. Belə hücum Bakı və Ankara tərəfindən dəstəklənən mərkəzi Asiyadan ekstremistlər o cümlədən kafirlər reallaşdıra bilər”.

Göründüyü kimi, İran hakimiyyətinin əsas dayağı sayılan SEPAH Azərbaycan və Türkiyəni hər fürsətdə ləkələyir və şantaj edir. Ancaq sirr deyil ki, İran hakimiyyətinin özü dünyaya terrorçu ixrac edir. Vaxtı ilə Tacikistan prezidenti İmomali Rahmon ölkə vətəndaşlarından İranda təhsil alan övladlarını geri çağırmalarını istəmişdi. O, bildirmişdi ki, tacikistanlı uşaqlar İranda təkcə təhsil almır, eyni zamanda terror təlimi keçirlər. Elə “Crocus City Hall”a olunan hücumda da Tacikistan vətəndaşlarının adı hallanır.

Türk adını yasaqlayaraq İranda kin, nifrət yayan Tehran hakimiyyəti terrorçular yetişdirib, terrorizmi yaymaqla bu mənfi münasibətini bütün dünyaya elan edir. Odur ki, Moskvada baş verən bu hadisədə tacik izi varsa, böyük ehtimalla, bu, Tehran terror məktəbinin törəməsidir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10