Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz


Görkəmli gülüş ustası, Xalq artisti Əliağa Ağayev haqqında maraqlı faktları təqdim edir.

Əliağa Ağayev 1913-cü ildə Bakıda anadan olub.

***

Atası Qazax rayonundan, anası isə Tiflisdən olan Əliağa Ağayev anasını 2 yaşında olanda itirib. Onun 5 yaşı olanda atası ermənilər tərəfindən qətlə yetirilir.

***


Ailədə üç qardaş olublar. Qardaşlarından biri, Mirzəağa 1937-də ildə repressiyaya uğrayıb.

***

Valideynlərini erkən yaşlarında itirən Əliağa 7-ci sinfi bitirən kimi gəmi təmiri zavodunda çilingər kimi işə düzəlir ki, çörəkpulu qazansın. Eyni vaxtda zavodun dram dərnəyinə də yazılır.

Gallery

Səhnədə tərəf-müqabili olan gənc aktrisa Cəvahir İsgəndərova ilə ailə həyatı qurub. Onların münasibətindən xəbər tutan Ağadadaş Qurbanov bir gün Əliağanı yanına çağırır. Deyir, bu qız mənim teatr truppamda yetişib, bu teatrın səhnəsinə çıxıb: “Mənə öz balam kimi əzizdir, sən də yaxşı oğlansan, ona qarşı münasibətin ürəkdən deyilsə uzaqlaş, ürəkdəndirsə, gecikmə, yaxınlaş”.

***

Oynadığı “Hacı Qara” tamaşasına baxan Mircəfər Bağırov tamaşadan sonra onu yanına çağırtdırır. Oynadığı obraza görə heyranlığını ifadə edir. Ondan fəxri ad alıb-almadığını soruşur. Bir müddət sonra Əliağa Ağayevə “Əməkdar artist” fəxri adı verilib.

***

Gənc Tamaşaçılar Teatrında ilk və o vaxtlar yeganə Xalq artisti Əliağa Ağayev olub.

***

Əliağa Ağayev SSRİ Xalq artisti fəxri adından imtina edib. Bu ada görə aktyora Kommunist Partiyasına keçməsi təklif olunub. Lakin o, heç bir partiyaya üzv olmaq istəməyib.

***

Aktyorla birgə xeyli tamaşalar hazırlayan rejissor Ağakişi Kazımov xatırlayır ki, bir dəfə İraqda qastrol zamanı Əliağa bazarda itib: “Dedilər, bu, harada ola bilər? Hərləndim bazarı, gördüm, bir yerdən səsi gəlir. Baxdım ki, əfqanlar yığılıb onun başına, qabağında da bağlama var. Dedim, bu nədir gətirmisən? Dedi, tanıdılar ki, Məşədi İbadı oynayanam, mənə kürk verdilər".

Gallery

Əliağa Ağayev Məşədi İbadı oynayanda qara, gur saçları olub. Film təbii alınsın deyə özü saçlarını dibindən qırxdırıb.

***

Çox güclü hafizəsi olub Əliağa Ağayevin. Rolun sözlərini bircə dəfə oxumağı bəs edirmiş ki, çaşmadan, zamanında deyə bilsin.

***

Quranı o dərəcədə yaxşı bilirmiş ki, yas məclislərində mollalara səhv tuturmuş ki, bu yerini düz oxumadın.

***

İki oğlu bir qızı olub. Övladlarından heç birinin onun yolunu davam etdirməsini istəməyib. Ancaq oğlu Vaqif ondan gizlin ovaxtkı İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunmağı bacarıb. Hər il atasına “Politexnik”ə hazırlaşıram” deyə yalan satan Vaqif Ağayev yalnız diplomunu alandan sonra onu atasına göstərib həqiqəti etiraf etmişdi.

***

Sonuncu çəkildiyi film olan “Evlənmək istəyirəm”in çəkilişləri zamanı Əliağa Ağayevin səhhətində nasazlıq olub. Filmin rejissoru Cahangir Mehdiyev danışır ki, biz onu qızdırmanın içində çəkdik: “Dedim, çəkilişi təxirə salaq, sizə ziyanı dəyə bilər, razılaşmadı. Həkim çağırıb iynə vurdular, temperaturu bir az düşdü, çəkdik, çəkilişdən sonra təcili yardımla getdi”.

Gallery

İctimai nəqliyyatla gedib-gəlirdi ki, arıqlasın.

***

1983-cü il noyabr ayının 3-də 70 illik yubileyi ərəfəsində dostları ilə kafedə oturub yeyib-içən zaman danışdığı lətifəyə necə ürəkdən gülübsə, ürək damarları partlayıb və aktyor elə güldüyü yerdəcə dünyasını dəyişib. Hətta onun bu ani ölümünü dostları Əliağanın növbəti zarafatı hesab ediblər, əvvəl inanmayıblar. Sonra görüblər, doğrudan da dünyasını dəyişib./kulis az

Gallery

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuzAtasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10