Nizami Kino Mərkəzində tanınmış yazıçı -publisist, tərcüməçi, filologiya elmləri doktoru, professor Zeydulla Ağayevin 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilb. Gecədə ədəbiyyat, elm və mədəniyyət xadimləri, mətbuat nümayəndələri, mərhumun dostları və ailə üzvləri iştirak ediblər.
Zeydulla Ağayevin həyat və yaradıcılığını əks etdirən “İntizarın səssiz sədası” adlı videoçarxı nümayişindən sonra gecənin moderatoru, yazıçı -jurnalist Aysel Əlizadə qonaqları salamlayıb, professor Zeydulla Ağayevin Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına, tərcümə sənətinə verdiyi töhfələrdən bəhs etdi.
Xatirə gecəsində Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İsgəndərov, əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin ŞıxIı, yazıçı Seyran Səxavət, şair Ağacəfər Həsənli, yazıçı Kamran Nəzirli Milli Məclisin deputatı Məşhur Məmmədov, Mehriban Vəliyeva ağsaqqalı İmran Əbilov, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov, yazıçı Nurəddin Ədiloğlu, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu, naşir-publisist Hacı Mehman Fərzullayev və başqaları çıxış edərək professor Zeydulla Ağayevin zəngin irsini, elmi və ədəbi fəaliyyətini, insan və ziyalı kimi əvəzsiz xidmətlərini vurğulayıblar.
Tədbirə xalq şairi, AYB Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadə, professor Qorxmaz Quliyev video bağlantı vasitəsilə qatılaraq Zeydulla Ağayevin elmi-pedaqoji fəaliyyətindən, onun yetirmələrinə verdiyi dəyərdən, ədəbiyyata və tərcümə sənətinə verdiyi töhfələrdən danışıblar.
Çıxış edənlər vurğulayıblar ki, Zeydulla Ağayev olduqca vətənpərvər şəxs idi və Azərbayan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində səylə çalışmışdır. O, Azərbaycan-ABŞ arasında mədəni əlaqələrin inkişafında da xidmətlər göstərib. Zeydulla Ağayev xarici ədəbiyyatın birbaşa orijinal dildən Azərbaycan dilinə çevrilməsi sahəsində böyük işlər görüb, Azərbaycan oxucularına Qərb ədəbiyyatının ən dəyərli nümunələrini tanıdıb. Məhz onun peşəkar tərcüməçilik fəaliyyəti nəticəsində Cek London, Teodor Drayzer, A.Konan Doyl, E.Heminquey və digər görkəmli yazıçıların povest və hekayələri Azərbaycan dilində nəşr olunaraq geniş oxucu kütləsinə çatdırılıb. Zeydulla müəllim milli ədəbiyyatımız tarixində ABŞ yazıçısı Artur Heylinin “Aeroport” romanını birbaşa ingilis dilindən Azərbaycan dilinə tərcümə edərək bu istiqamətdə ilkə imza atıb.
Bundan əlavə, o, iki ölkə arasındakı mədəni əlaqələrdən Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması və lobbiçilik fəaliyyətlərinin gücləndirilməsi üçün də səmərəli şəkildə istifadə edirdi. Zeydulla Ağayev erməni militarizminin iç üzünü ifşa edən, tutarlı faktlarla zəngin “Erməni genosidi” kitabının tərcümə olunmasına və keçmiş SSRİ məkanında geniş yayılmasına da rəhbərlik etmişdir.
Eyni zamanda amerikalı hakim Samuel A.Uimizin “Ermənistan- terrorçu xristian ölkəsinin gizlinləri” kitabını ana dilimizə tərcümə edib. Hər iki kitab erməni yalanlarını ifşa edən ən mühüm mənbələrdən biri kimi dəyərləndirilir və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük rol oynayıb.
Gecənin sonunda Zeydulla Ağayevin ailəsi adından qızı Ləman Ağayeva çıxış edərək, atasının xatirəsini əziz tutan hər kəsə təşəkkürünü bildirib. Tədbir ailə fotosu və qonaqlarla birgə xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.