![](https://moderator.az/fotobaza/orta/189820.jpg)
“Bununla bağlı illərdir ki, Ailə, Qadın və Uşaq Prolemləri üzrə Dövlət Komitəsi hökumətə təklif irəli sürüb ki, hansısa bir fond yaransın və alimentlər həmin fonda toplansın. Lakin nədənsə bununla bağlı nə qanun layihəsi gündəmə gəlir, nə də konkret bir fəaliyyət proqramı var”
Bunu Moderator.az-a açıqlamasında hüquqşunas Ələsgər Məmmədli deyib. Hüquqşunas karantin rejimində alimentlərin ödənməsində problemlərin olduğunu vurğulayıb:
“Əslində alimentlərin ödənməsi və məhkəmə qərarlarının icrasıyla bağlı vəziyyət çox kritikdir. Ölkədə hər dörd alimentdən biri ödənə bilir, 27-28 faiz məhkəmə qərarları icra olunur və bu da çox ciddi problemdir. Çünki aliment faktiki olaraq ehtiyacı olan uşaqların böyüməsi üçün nəzərdə tutulan bir ödənişdir və buna baxmayaraq bunlar icra olunmadığı üçün boşanmış ailələrin uşaqlarının sağlam böyüməsi üçün iqtisadi aspektdən də ciddi şəkildə problemlər yaranır. Yəni mənəvi tərəfi odur ki, ailə dağılır, maddi tərəfi isə odur ki, qida və geyimlə təchiz oluna bilmirlər. Bununla bağlı illərdir ki, Ailə, Qadın və Uşaq Prolemləri üzrə Dövlət Komitəsi hökumətə təklif irəli sürüb ki, hansısa bir fond yaransın və alimentlər həmin fonda toplansın. Lakin nədənsə bununla bağlı nə qanun layihəsi gündəmə gəlir, nə də konkret bir fəaliyyət proqramı var. Amma illərdir ki, bu problem var. Azərbaycanda evlənən dörd ailədən biri boşanır və bu 25 faizə qədər yüksəlib və bu isə çox yüksək rəqəmdir. Bu da eyni zamanda problemin aktuallığını gündəmə gətirir. Belə olan halda hökumət bir aliment fondu yaratmalıdır və bu fond birbaşa dövlət tərəfindən maliyyələşdirilməlidir və daha sonra fond özü aliment ödəməli olan tərəflərə qarşı ciddi yollarla tədbir görməlidir. Bu aspektdə çox ciddi bir hüquqi tənzimləməyə ehtiyac var və sürətlə problem gedərək qabarır, amma bununla bağlı deyilənlər hələ ki, sözdə qalır.
Karantin rejimində bəzi əmək haqqıları dövlət tərəfindən sabit qalır, amma əhalinin böyük əksəriyyəti özünüməşğulluqla məşğul olduğu üçün rəsmi olmayan əmək haqqılarından nəsə almaq mümkün deyil. Çünki dövlət özü 600 min vətəndaşına ödəniş ödəyir ki, bu dönəmdə onlar öz ehtiyaclarını qarşılasın və bununla yanaşı sahibkarlara da güzəştlər olunur. Belə olunan halda onlardan hansısa ödənişləri gözləmək ayrı bir problemdir. Böyük ehtimalla bu şəxslərin içində aliment ödəməyə məhkum olmuş şəxslər də var”.
Vasif Əlihüseyn