Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

MİRZƏ İSMAYIL QASİR Şirvanda doğulub Talışda məşhurlaşan şair




    XIX əsr Azərbaycan poeziyasının və pedaqoji fikrinin görkəmli nümayəndələrindən biri Mirzə İsmayıl Qasirdir. Mirzə İsmayıl Hacı Molla Səlim oğlu Qasir 1805-ci ildə Şirvan (Şamaxı) xanlığının (indiki Ağdaş rayonunun) Ləki kəndində anadan olmuşdur.
 Atası Molla Səlim dövrünün mükəmməl təhsil görmüş, Kərbəlada oxumuş ziyalılarından biri olmuşdur. Onun “Qasir” təxəllüsü ilə türk, ərəb və fars dillərində şeirlər yazdığı məlumdur. Molla Səlim Cavadxan mahalında mədrəsə açaraq burada dərs demişdir. İsmayıl balaca ikən atası 1812-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra İsmayıl Əhər qəsəbəsində (Qaradağ xanlığının paytaxtı) yaşayan bacısıgilə getmiş və təhsilini davam etdirmişdir. 4 il burada oxuduqdan sonra Təbrizə getmiş, ərəb və fars dillərini, Şərq ədəbiyyatını və fəlsəfəsini mənimsəmişdir. 
    Təhsili başa vuran Mirzə İsmayılın xəttatlıq sənətinə dərindən yiyələndiyi və geniş məlumatlı şəxs olduğu üçün isfahanlı Seyid Hüseyn Təbətai onu İsfahana dəvət etmiş, ömrünün müəyyən hissəsini onun oğlanlarının təlim-tərbiyəsinə, təhsilinə həsr etmişdir. Mirzə İsmayıl İsfahanda müəyyən müddət yaşadıqdan sonra, 1830-cu illərin ortalarında Şirvana qayıtmış və bir müddət burada yaşamışdır (Axundzadə Mirzə İsmayıl Qasir -210. B., 2015, səh. 31-32).
    M.İ.Qasir 1840-cı ildə Qaradonlu (indiki İmişli) sərhəd idarəsində tərcüməçi vəzifəsinə təyin olunur. O, burada Həcər adlı qızla evlənir. 1850-ci illərin əvvəllərində Sadıq bəy Mehmandarov  (general Səməd bəy Mehmandarovun atası) Lənkəran qəzasında məhkəmə katibi təyin olunduğu üçün  Şuşadan Lənkərana gedərkən yolüstü Qaradonluda Mirzə İsmayıl Qasirlə tanış olub, onu müəllimlik etmək üçün Lənkərana dəvət edir. Lakin, Sadıq bəy Mehmandarov tərəfindən Mirzə İsmayıl Qasirin Lənkərana məhz müəllimliyə dəvət olunması tədqiqatçılar tərəfindən heç də bir mənalı qarşılanmır. Yəni onun müəllimlik yox, mirzəlik etməsi üçün Lənkərana dəvət alması da qeyd olunur. Mirzə İsmayıl Qasir Lənkərana köçdükdən 2-3 il sonra həyat yoldaşı Həcər xanım vəfat edir və o Lənkəranın Sütəmurdov kəndində yaşayan dayısı Əliməmmədin qızı Bibixanımla evlənir.   
M.İ.Qasir Lənkəranda həm pedaqoji və həm də ədəbi fəaliyyətlə məşğul olur. Buna görə də onun fəaliyyətini pedaqoji və ədəbi sahələrə bölmək olar.

 
   P e d a q o J i  f ə a l i y y ə t i:
M.İ.Qasir Lənkəranda ilk əvvəl müsəlman məktəbində (məktəb 1849/1850-ci ildə açılmışdır) və köhnə üsullu məktəbdə dərs demişdir. Dövrünün mütərəqqi ziyalılarından olan Mirzə İsmayıl Qasir təlimdəki köhnəliklərə baxmayaraq 1872-ci ildə Lənkəranda “Üsuli-cədid” (Yeni üsullu) məktəbi açır. XIX əsr Azərbaycan məktəbinin tədqiqatçısı professor Hüseyn Əhmədov yazır: “XIX əsrdə ana dilində ilk məktəblərdən biri füzuli ədəbi məktəbinin davamçısı olan Mirzə İsmayıl Qasir tərəfindən Talış mahalında açılmışdır. Qasirin məktəbində ana dili ilə bərabər rus və fars dilləri, ədəbiyyat tədris edilir, təbiyyət və s. elmlərdən ibtidai məlumat verilirdi. O, tədris etdiyi materialları toplayaraq 1894-cü ildə “Qanuni-Mirzə İsmayıl Qasir” adlı bir tədris vəsaiti düzəltmişdi. Mirzə İsmayıl Qasir sonralar bir müddət, təxminən 18 il (1883-1900) Lənkəran iki sinifli dövlət ibtidai məktəbində ana dili və şəriət müəllimi vəzifəsində işləmişdir” (XIX əsr Azərbaycan məktəbi. B., 1985, səh. 280).   
    Mirzə İsmayıl Qasir eyni zamanda talış dilinin qrammatikasına aid kitabda yazmışdır. Bu barədə “Axundzadə Mirzə İsmayıl Qasir -210” kitabında oxuyuruq: “Şərqşünas B.V.Millerin məlumatına görə, (Talışskiy yazık. Moskva 1953-İ.Ş.) hələ 1860-cı illərdə Mirzə Əsədulla, Mir İbrahim bəy və Mirzə İsmayıl Qasir talış dilinin qrammatikasına aid bir kitab tərtib edir və onu çap etdirmək üçün Mirzə Fətəli Axundovla birgə Lənkərana gəlmiş akademik B.A.Dorna verirlər. Lakin naməlum səbəblər üzündən həmin dərslik çap olunmamış qalır və hazırda əlyazma halında Sankt-Peterburq Universitetinin əsaslı kitabxanasında Orientalia 932 şifrəsi altında mühafizə edilir” (B., 2015, səh. 48).
    M.İ.Qasir məktəbinin məzunları sırasında bir çox görkəmli şəxsiyyətlər vardır ki, onlardan biri də Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri olmuş general-mayor Səməd bəy Mehmandarov olmuşdur.
    Ə d ə b i  f ə a l i y y ə t i:
    Yuxarıda qeyd olunduğu kimi Qasir mirzəlik və maarifçiliklə yanaşı, eyni zamanda bədii yaradıcılıqla da məşğul olmuş və Füzuli ədəbi irsinin davamçısı kimi tanınmışdır. O, ədəbi yaradıcılığa hələ tələbəlik illərində başlamış və həmin vaxtlar “Məcnun” təxəllüsü ilə şeirlər yazmışdır. Sonradan atası Hacı Molla Səlimin təxəllüsü olan “Qasir” i özünə təxəllüs götürmüşdür. “Qasir” ərəb dilində “Allah taalanın yanında qüsurlu, nöqsanlı” mənasını verir. M.İ.Qasir öz əsərlərini iki dildə - türk və fars dillərində yazmışdır. 
    M.İ.Qasirin təşəbbüsü və iştirakı ilə 1850-ci ildə Lənkəranda “Fövcül-füsəha” (Natiqlər məclisi) adlı ədəbi məclis yaradılmışdır. 1850-ci ildən 1900-cu ilədək fəaliyyət göstərmiş “Fövcül-füsəha” ədəbi məclisinə Qasir rəhbərlik etmişdir (Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. Lənkəran. B., 1990, səh. 91).
    “Fövcül-füsəha” ədəbi məclisinin müxtəlif sənət adamlarından olan 35 üzvü olmuşdur. Məclis hətədə bir dəfə - cümə günü axşam yığışardı. Lənkəranda maarifin inkişafı və ədəbi mühitin formalaşmasında böyük xidmətləri olan Mirzə İsmayıl Qasir 10 may 1900-cu ildə vəfat etmiş və Lənkəran rayonunun Sütəmurdov kəndində dəfn edilmişdir. 1983-cü ildə şairin məzarı üstündə tuncdan büstü ucaldılmışdır. Şairin vəfatından sonra aşağıdakı əsərləri çap olunmuşdur:                1) El şairləri. B., 1985.   2) M.İ.Qasir. Şeirlər. B., 1988.  3) Seçilmiş əsərləri. B., 1990. 4) Axundzadə Mirzə İsmayıl Qasir – 210. B., 2015.
     Ağdaş  və Lənkəran Tarix-Diyarşünaslıq Muzeylərində Mirzə İsmayıl Qasirə xüsusi bölmə ayrılmış və Lənkəran şəhərinin küçələrindən birinə adı verilmişdir.
                                                                              
       İldırım ŞÜKÜRZADƏ
          Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi,  bələdiyyə və Azərbaycan Jurnalistlər Birliyinin üzvü






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10